İdman

Hacı Nuran Azərbaycan Alpaqut Federasiyasının vitse-prezidenti seçildi

Dekabrın 29-da Bakıda, “Yunus Əmrə” İnstitutunun akt zalında Azərbaycan Alpaqut Federasiyasının 2021-ci ilin yekunları (illik hesabat) və qarşıda dayanan plan-perspektivlərlə bağlı tədbir keçirib.

Tədbiri giriş sözü ilə açan Federasiyanın birinci vitse-prezidenti Nuranə Şıxəliyeva torpaqlarımızın düşmən işğalından azad olunması və ərazi bütövlüyümüzün bütövlüyü uğrunda canlarını fəda etmiş Vətən müharibəsi şəhidlərimizin əziz ruhlarının bir dəqiqəlik sükutla yad edilməsini təklif edib.

Şəhidlərimizin əziz ruhları yad edildikdən sonra çıxış edən Nuranə Şıxəliyeva vurğulayıb ki, Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında xalqımız səfərbər oldu və işğalçı düşmənə qarşı Zəfər yürüşünə çıxdı və adını dünya tarixinə qalıb xalq olaraq yazdırdı.
Daha sonra ilin yekunları ilə bağlı çıxış edənlər – Azərbaycan Alpaqut Federasiyasının vitse-prezidenti Rafiq Qasımov, Həyat Fondunun icraçı direktoru, xeyriyyəçi Hacı Nuran Hüseynov, Alpaqut Turan döyüş sənətinin qurucusu Kutsan Vasif Namazov çıxış edərək il ərzində əldə edilən uğurlar barədə fikirlərini çatdırıb, qarşıda dayanan perspektivlər və eyni zamanda nəzərdə tutulan yarış və turnirlər barədə plan-perspektivlərini açıqlayıblar.

Federasiyanın adına uğur qazandıran təşkilatlar və idmançılar fəxri fərman və diplomlarla mükafatlandırılıblar.

İllik hesabat tədbirində yeni təyinatlar da olub. Belə ki, Hacı Nuran Hüseynov Azərbaycan Alpaqut Federasiyasının İdarə Heyətinin qərarı ilə Azərbaycan Alpaqut Federasiyasının İçtimai məsələlər üzrə vitse-prezidenti seçilib.

O, göstərilən etimada görə Federasiyanın rəhbərliyinə minnətdarlığını çatdırıb və qeyd edib ki, Federasiya bundan sonra da inkişafı və tərəqqisi yönündə fəaliyyətini davam etdirərək Azərbaycan bayrağını yüksəldəcək.

Xüsusilə aparılan işlərin hər biri bilavasitə Azərbaycanda aparılan uğurlu idman siyasətinin məntiqi nəticəsidir və bu siyasət Federasiyanı daha böyük zəmlə çalışmağa ruhlandırır.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button