AraşdırmaElm və təhsil

CƏLİLABAD FOLKLORUNDA SÖYLƏYİCİLİK SƏNƏTİ

Bu günə qədər Muğanın-Cəlilabadın istər tarixinə, istər folkloruna dair o qədər də geniş tədqiqat işləri aparılmamışdır. Cəlilabad rayonunda yaşayan ziyalılar öz vəzifə borclarını yerinə yetirərək yerli şəraitə uyğun olaraq tədqiqat işləri aparmışlar. Cəlilabad rayonunda mövcud olan tarixi abidələr haqqında tarixçi-tədqiqatçılardan: Rza Rzayev, Ələsgər Mirzəzadə və Elşad Əmənovun araşdırmalarının bəhrəsi olan kitabları, elmi məqalələri qeyd etmək lazımdır.
Muğanın (Cəlilabadın) folkloru haqqında fil.ü.f.d Bilal Alarlı “Muğan folkloru” adlı kitabını da qeyd etmək lazımdır. Kitaba daha çox Alar bölgəsində yaşayan sakinlərdən toplanmış ağız ədəbiyyatı nümunələri daxil olunub. Bilal Alarlının “Muğan folkloru” kitabından sonra Cəlilabad rayonun folkloruna dair ikinci kitab Sahibə Sədnikqızı ilə birgə (müxtəlif vaxtlarda) topladığımız “Cəlilabad folkor örnəkləri”dir.

Cəlilabad rayonunun təxminən 118 kəndi var. Azərbaycanda həm əhalisinin sayına, həm kəndlərinin sayına, həm də yerləşdiyi coğrafi məkana görə Cəlilabad rayonu xüsusi seçilir. Cəlilabad rayonunda yaşayan əhali tərkibinə görə də rəngarəngdir. Rayonda Şamaxıdan, Səlyandan, Lerikdən və Yardımlıdan köçüb gəlmələr də yaşayırlar. Yardımlı rayonundan köçüb gələnlər daha çoxdur. Bu gün Cəlilabad rayonunda olan kəndlərin əksəriyyəti Yardımlı rayonundan gələnlərin əvvəlki kəndlərinin adlarını dayışır. Məsələn, Ləzran (Yardımlı-Cəlilabad), Alar (Yardımlı-Cəlilabad), Şıxlar (Yardımlı-Cəlilabad), Körgədi-Porsova (Yardımlı-Cəlilabad) və s. Bu kəndlər həm Yardımlıda var, həm də Cəlilabad rayonunda. Məsələn, Ləzran kəndi Yardımlı rayonunda olan Ləzran kəndindən köçüb gələnlərdən ibarətdir.

“Cəlilabad folklor örnəkləri” kitabında Cəlilabad rayonunun bir çox kəndlərindən topladığımız xalq yaradıcılığı örnəkləri daxil edilib. Sahibə Sədnikqızı Cəlilabad rayonunun Kiçik Bəcravan, Böyük Bəcravan, Rüstəmabad, Həziabad və s. kəndlərindən folklor nümunələri toplayıb. Mən isə rayonun Körgədi (Porsova), Eçara, Ləzran, Tahirli, Cəngan, Ağusəm və Çinar kəndlərindən folklor nümunələrini yazıya almışam.

Kitabdakı xalq yaradıcılığı nümunələrin lirik növə aid: bayatılar, laylalar, atalar sözü, mahnılar, ağılar, vücudnamə, qıfılbəndlər və s.; epik növə aid: mifoloji mətnlər, lətifələr, nağıllar, dastanlar, rəvayətlər, məsəllər və s. nümunələrdən ibarətdir.

Cəlilabad folklorunda dini mətnlər barəsində: “Cəlilabad folkloru” adlı kitabımızda yer alan mətnlərin demək olar ki, yarıdan çoxu dini mətnlərdən ibarətdir. Bu da təbii bir haldır. Çünki istər Cəlilabad rayonunda, istərsə də onunla qonşu olan rayonlarda İslam dininin qayda və qanunları o qədər möhkəm şəkildə özünə yer etmişdir ki, bunu Cənub bölgəsinin folklorunu toplayan zaman açıq şəkildə görmək mümkündür. Cəlilabad rayonunda kiçikdən böyüyə qədər kimdən soruşsaq ki, on iki imam, yüz iyirmi dörd min peyğəmbər, məhərrəmlik ayinləri və s. haqqında ağız dolusu danışacaqlar.

“Cəlilabad folkloru” kitabında yer alan dini mətnlərin əksəriyyəti bir neçə variantda verilmişdir. Məsələn, Həzrəti Adəmlə, Həzrəti Nuhla, Həzrəti Süleymanla bağlı mətnlərdə bu çoxvariantlılığı görmək mümkündür. Adəm peyğəmbərlə bağlı kitabda (26, 27, 28, 29-cu məntnlər nəzərdə tutulur) dörd mətn verilmişdir. Bu dörd mətn içərisində Adəm və Həvvanın yaradılması, cənnətdən qovulması, övladlarının olması və biri digərini öldürməsi və s. məsələlər öz əksini tapmışdır. Ola bilər ki, bizim kitabımızda yer alan bu dini mətnlərdən biri və ya bir neçəsi başqa kitabda bir az dəyişik formada çap olunsun. Bu təbii bir haldır. Məsələn, Cəlilabad rayonundan topladığımız bir dini mətni ola bilər ki, Masallıda, Lənkəranda fərqli adda, ancaq eyni məzmunda toplaya bilərik. Burda baş verən hər hansı bir dəyişiklik söyləyicinin həm yaddaşının möhkəm olmasından, həm də dünyagörüşünün zəngin olmasından asılıdır. Ola bilər ki, hər hansı bir ustad söyləyici dönə-dönə söylədiyi bir mətni bir anlığa unuda da bilər, hətta onu elə formada söyləyər ki, o mətndə tutarlı məlumatlar olmayada bilər. Bəzəndə olur ki, söyləyici hər dəfəsində nöqtə və vergülünü belə əzbər bildiyi mətni yeri gələndə tam başqa bir formada, məzmunda söyləyə bilər. Albert Beyts Lordun qeyd etdiyi kimi, “Bizə aydın olandan sonra ki, söyləyici mətni çalıb oxuyan yaradır, mətnin ifa sürəti çox maraqlı fakt kimi ortaya çıxır. Yuqoslav söyləyicisi bir dəqiqədə on, on iki hecalı on misranı oxuya bilir. Həm də o, mətnini heç də qabaqcadan əzbərləyib yadında saxlamır. Buradan belə nəticə çıxarmalıyıq: o bizim bilmədiyimiz nəsə yaradıcılıq texnikasına malikdir”( Bax: “Dədə Qorqud”. Elmi-ədəbi toplu. Bakı, ” Elm və təhsil”nəşriyyatı, 2017/2(61), səh. 144). Bəli, burada yer alan “nəsə yaradıcılıq texnikasına malikdir” ifadəsi bizə görə, birbaşa “söyləyicinin mətn yaratma” qabiliyyətinin yüksək olması deməkdir. Söyləyicinin həm hafizəsi, həm dünyagörüşü zəngin olarsa, təbii ki, o, bir mətnin əsasında bir neçə mətn yarada bilər. Bir folklor mətninin bir neçə variantı varsa, o əsas mətn hər yeni yaranmış hər hansı bir variantında yenidən “doğulur”.

Çünki hər bir söyləyici (söhbət yaxşı söyləyicidən gedir) söylədiyi mətnə çox zaman yeni nəsə əlavələr edir. Bu təbii bir haldır. Məsələn, kitabımızda Nuhla bağlı 30-31-32-33-34-cü mətnlərdə mətnlərarası oxşarlıq çox yüksək şəkildə yer almışdır. Yəni ümumilikdə bu mətnlərdə eyni hadisələrdən söhbət gedir. Lakin bu ümumilik içində xüsusilik yaradan söyləyicilərin əlavələridir. Tərtib etdiyimiz “Cəlilabad folklor örnəkləri” adlı kitabımızda demək olar ki, dini mətnlərin əksəriyyətini variantları ilə birgə vermişik. Ola bilər ki, istər oxucu olsun, istərsə də tədqiqatçılar sual verə bilərlər ki, bir mətnin az fərqlə seçilən bir neçə mətni verməkdə məqsədiniz nədir? Biz də bu suala Hənəfi Zeynallının bu fikirləri ilə cavab vermək istəyirik. O, yazır: “Öz təcrübəmdən göstərəcək olursam, eyni nağılın iki nağılçı tərəfindən müxtəlif şəkildə yazıla bildiyini qeyd etmək lazım gəlir. Səbəbi? Çünki bunların birində xatirə qüvvətli, digərində bir qədər zəif olduğu üçün təslifatın buraxıldığını və bununla da nağılın ən gözəl və etnoqrafik və bəlkə də tarixi əhəmiyyəti qayıb edilmiş olurdu. Buna görədir ki, bir nağılı nə qədər müxtəlif adamlardan müxtəlif şəkildə (variantda) eşitməyə baxmayaraq, hamısını yazmaq vacibdir “(Bax: Zeynallı H. Ağız ədəbiyyatı. ” Maarif və mədəniyyət” jurnalı, 1926, Nöm.9). Hənəfi Zeynallının qeyd etdiyi kimi, nəinki nağılları, bütün folklor mətnlərini bu səpkidə toplamaq lazımdır.

Dini mətnlər içərisində: Hz. Nuh, Hz. Süleyman, Hz. Musa, Hz. Davud, Hz. Məhəmməd, Hz. Əli, Hz. Hüseyn, Kərbəla müsibəti və s. mövzularla bağlı olanları daha çoxdur.

Mətnlərin dil və üslüb xüsusiyyətləri: “Cəlilabad folklor örnəkləri” kitabında yer alan folklor nümunələri söyləyicinin dilindən necə yazıya alınıbsa, o formada da təqdim etmişik. Folklor mətnləri deyərkən, ilk olaraq düşüncəmiz də folkloru toplanılan bölgənin dil və üslub xüsusiyyətləri canlanır. Düzdür, kitabda bir iki mətn var ki, onlar qisməndə olsa, ədəbi dilə yaxındılar. Toplama prosesində toplayıcını görən söyləyici istər-istəməz həm geyiminə, həm hərəkətlərinə, həm də danışıq ülubuna fikir verəcək. Söyləyici mətnləri danışarkən daha çox ədəbi dilə üstünlük verməyə çalışacaq. Söyləyicini yaşadığı bölgənin danışıq üslubunda danışdırmaq daha çox toplayıcıdan aslıdır. Toplama prosesində qarşılaşdığım bir hadisə haqqında sizə kiçik də olsa, məlumat vermək istəyirəm. Cəlilabad rayonunun Eçara kəndində yaşayan Abbasov Məlik Surxay oğlunda folklor mətnlərini toplamaq üçün onunla görüşdük. Rəsmi geyimdə olduğumuz üçün söyləyici bizimlə ədəbi dildə danışmağa başladı. Özümü itirmədən söyləyiciyə “kefiniz, əhvalınız” necədir? -demək əvəzinə, ona “əmi nəğareysen”, “nə eleysən” deyərək onunla görüşdüm. Bu an Məlik kişi gümrah, şən, qıvraq halda ayağa qalxıb məni qucaqladı. Artıq bununla da biz söyləyicinin qəlbində az da olsa, özümüzə yer etmişdik. Abbasov Məlik Surxay oğlundan topladığımız mətnlərin hər biri təmiz bölgə danışığı üslubundadır. Məlumdur ki, hər bölgənin dialekti, şivəsi fərqlidir. Cəlilabad rayonunda da, daha doğrusu kəndlərdə yaşan sakinlərin danışıqları bu formadadır: gəleysən-gedeysən, oxuyeysən, yemək yeysən və s. Kitabda yer alan folklor mətnlərinin demək olar ki, hər birində bu cür danışıq üslubları vardır. Onu da qeyd etmək lazımdır ki, folklor mətnləri içərisində ərəb-fars sözləri də azlıq təşkil etmir. Bu sözlər həm dini mətnlərdə, həm də digər folklor mətnlərində də işlənmişdir.

Söyləyici sənətkarlığı və söyləyici psixologiyası. Bu gün təəssüflər olsun ki, 40-50 il bundan öncə yaşamış sinədəftər söyləyicilər yoxdur. Keçmişdə hər kənddə yaşlı nəslin 6-7 nümayəndəsi olduğu halda, bu gün kəndlərdə yaşlı 1-2 nəfər nənələrə, babalara rast gələndə çox sevinirik. Toplama zamanı qarşılaşdığımız söyləyicilər arasında 50-80 yaşlılar çoxluq təşkil edir.

Toplama prosesində bir neçə söyləyici var ki, onlar bizim yaddaşımızda fərqli xüsusiyyətlərinə görə daha yadda qalan olacaqlar. Məsələn, Ləzran kəndində 1942-ci il təvəllüdlü Əzizov Rüstəm Həmzə oğlu folklor örnəkləri söyləyən zaman özünü çox öyür, mətnləri ustalıqla söyləyirdi. Təbii ki, biz də arabir bu cür söyləyiciləri daha da həvəsləndirmək üçün onlara xoş sözlər söyləyir, çox gözəl mətn söyləmə yetənəyinin olduğunu deyirdik. Bu cür sözlər söyləyən zaman söyləyici özünə qarşı xüsusi diqqətin olduğunu hiss edib, daha çox mətnlər söyləməyə çalışır. Hərdən sözünü saxlayıb deyir: “oğulam, oğul” və yaxud “mən dediklərimi Bakıdakı müəllimlər deyə bilər?” bu kimi ifadələr işlədirlər.

Toplama prosesi zamanı söyləyiciyə tam sərbəstlik vermək lazımdır. Bu zaman söyləyici özünü daha rahat hiss edir və sərbəst mətn söyləyir. Hətta bəzi məqamlarda söyləyiciyə səsyazma aparıtını göstərmirdik. Ona görə ki, bir çox söyləyicilər bu cür düşünürlər ki, söylədikləri mətnlər yanlış olar və onlara nəsə edərlər. İlk olaraq söyləyiciləri inandırmaq lazımdır ki, onların söylədikləri mətnlər nöqtəsinə, vergülünə dəyilmədən necə varsa, o cür də çap olunacaq.

Toplama prosesində bəzən elə hal olur ki, söyləyici danışmaqdan imtina edir, hətta toplayıcıya acı sözlər də söyləyir. Ona görə də folklor mətnlərini yazıya almağa başlamazdan öncə, həmin söyləyicinin psixoloji durumunu bilmək lazımdır. Hər şeydən öncə, toplayıcılarla söyləyicilər arasında isti münasibət yaranmalıdır.

Toplayıcı qarşısında dayanan informatorun ovqatını, həmin gün hansı işlərlə məşğul olduğunu, ona həmin günü nələrin yaxşı və yaxud mənfi təsir etdiyini və s. özü üçün aydınlaşdırmağı bacarmalıdır. Folkor söyləmək ovqatında olmayan söyləyicini zorla danışdırmaqla yaxşı mətn toplamaq mümkün deyil. Məsələn, əgər gün ərzində qarşılaşdığı neqativ hallar söyləyicinin ovqatını korlamışdırsa, onun söylədiyi mətnlər sönük və yarımçıq olacaq. Bəzi adamlar yaşadığı bölgədə folklor mətnlərinin yaxşı bilicisi və söyləyicisi kimi ad-san qazanır. Lakin toplayıcı onunla ovqatının yaxşı olmadığı, fikrinin dağıldığı, yaddaşının dumanlandığı bir vaxtda görüşür. Sözsüz ki, onun ovqatı söyləyicilik qabiliyyətinə pis təsir göstərir.

Cəlilabad rayonunda folklor mətinlərini topladığım zaman belə bir hadisə ilə qarşılaşdım. Rayonun Ağusəm kənd sakini Qiyasova Səbizə adlı qadın musiqi olmasa nə bayatı, nə də mahnı söyləməyəcəyini dedi. Hətta həmin qadın yanında başqa bir qadın söyləyici də olarsa daha yaxşı söyləyəcəyini bildirdi. Təbii ki, söyləyicinin istəyini yerinə yetirib, həm dediyi qadını gətirdik, həm də musiqili bir söyləyici ortamı yaratdıq. Bundan sonra hər iki qadın söyləyici gözəl şəkildə folklor mətinlərini səsləndirdilər. Sanki onlar bir-birindən ilham alır, biri digərinə qol-qanad verirdi. Lakin burada ikinci söyləyicinin dediklərinin bir cümləsini belə başa düşmək olmurdu.

Sonda onu demək istəyirəm ki, toplama zamanı çoxlu çətinliklərlə qarşılaşdım. Bu cür şərəfli bir iş üçün bütün bunlara dözməyə dəyər. Ümüd edirəm ki, topladığım folklor nümunələri “dəryadan bir damcı” su götürməyə bənzəsə də, xalqımızın milli mənəvi dəyərlərinin təbliğ olunmasında az da olsa rol oynayacaq.

Toplama prosesində bizə hər cürə yardım göstərənlərə həmkarım Sahibə xanım Paşayeva ilə birgə təşəkkür edir, onlara Ulu Tanrıdan can sağlığı və uzun ömür arzu edirik.

İlkin Elsevər
Folklorşünas

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 1 Ortalama: 5]

Back to top button