AktualBanner

“AZAL ən bahacıl, soyğunçu və monopolist şirkət kimi dünyada tanınıb”- TANINMIŞ SOSİOLOQ

Sosial şəbəkələrdə Bakı və İrəvandan İstanbula yerinə yetirilən reyslərə aviabiletlər arasında böyük fərqin olduğu haqqında məlumatlar yayılır. Xüsusilə 2 fevral tarixinə olan qiymətlərə istinad edilir. Belə ki, yayılan məlumatda Bakıdan İstanbula olan biletin qiyməti 270 manat, İrəvandan İstanbula isə 45 dollar (76 manat ) göstərilib. 

Təqdim edilən qiymətlər arasındakı ziddiyyətlər cəmiyyəti narahat edir. Belə fikirlər var ki,

Məsafə baxımından elə də ciddi fərq yoxdur, amma AZAL-ın qiymətləri çox bahadır.

Qeyd edək ki, AZAL aviaşirkəti Bakı-İstanbul və Yerevan-İstanbul reyslərinə biletlər arasındakı fərqi şərh edib. Aviaşirkət bununla bağlı bəyanat yayıb:“Sosial şəbəkələrdə Bakı və Yerevandan İstanbula yerinə yetirilən reyslərə aviabiletlər arasında böyük fərqin olduğu haqqında məlumatlar yayılır. Xüsusilə 2 fevral tarixinə olan qiymətlərə istinad edilir. Məlum olduğu kimi, aviaşirkətlərdə sərt tariflər yoxdur – aviabiletlərin qiymətləri aviaşirkətlər tərəfindən daimi təsbit edilmir. Bu qiymətlər tələbat və təklifdən, təyyarədə yerlərin dolmasından, alış tarixindən, bayram və məzuniyyət dövründə tələbatın artması ilə əlaqədar mövsümi dəyişikliklərdən asılı olaraq müəyyən edilir.

Dünya təcrübəsinə əsasən, aviabileti mümkün minimal qiymətə əldə etmək üçün sərnişin onu qabaqcadan almalıdır, belə ki, hər reysdə aviabiletlərin sayı çox məhduddur. Bu səbəbdən əgər aviaşirkət biletləri yeni satışa çıxarırsa, təbii ki, bu biletlərin qiyməti həmin istiqamətdə biletləri çoxdan satan aviaşirkətlərin qiymətindən aşağı olacaq.

Bundan başqa, Azərbaycanın aşağıbüdcəli aviadaşıyıcısı olan “Buta Airways” aviaşirkətinin bütün istiqamətlərdə minimal tarifi, koronavirus pandemiyasına qədər olduğu kimi, 29 avroya azaldılacaq. Bu günlərdə bu barədə rəsmi məlumat veriləcəkdir.

Elçin Bayramlı: “Türkiyəyə reyslərdə Ermənistan aviaşirkətindən 4 dəfə baha sərnişin daşımaq elə bir rüsvayçılıqdır ki…”

Altay Sosial-iqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı “Bakı-Xəbər”ə bildirdi ki, AZAL-da qiymətlərin baha olması birinci hal deyil, bu həmişə belə olub. “Bu birinci dəfə deyil ki? AZAL yaranandan belə olub – ən bahacıl, soyğunçu və monopolist şirkət kimi dünyada tanınıb. Başqa aviaşirkətlərdən 2-3 qat baha qiymətə sərnişin daşıyır. Daha ucuz qiymət təklif edən loukaster rəqiblərini sıradan çıxartdırır. Uzun illərdir, bu şirkətlə bağlı ifşaedici, rüsvayedici faktlar, məlumatlar yazılır, böyük ictimai narazılıq var, lakin şirkət rəhbərliyi heç bir cavab vermir, heç vecinə də almır. Açıqlama da verəndə başa düşülmür necə əsaslandırır, çünki heç bir əsas yoxdur, ola da bilməz. İndiyə qədər yüzlərlə dəfə müxtəlif ölkələrə, şəhərlərə uçuşlarda müqayisəli qiymətlər qoyulub və aşkar görünüb ki, eyni məsafəyə AZAL digərlərindən 2-3 dəfə, bəzi hallarda 5-6 dəfə baha sərnişin iddialarındadaşıyır. Lakin Türkiyəyə reyslərdə Ermənistan aviaşirkətindən 4 dəfə baha sərnişin daşımaq elə bir rüsvayçılıqdır ki, bunu sözlə ifadə etmək mümkün deyil. Azərbaycan vətəndaşının “Zəngəzur dəhlizi açılsa Türkiyəyə uçmaq üçün Yerevana gedib ordan uçacam” deməsi AZAL-ın biabırçılığıdır. 

AZAL-ın xidmətləri sayəsində hər il on minlərlə insan başqa ölkələrə uçmaq üçün gedib Rusiya və Gürcüstan şəhərlərindən uçurdular. İndi pandemiya şəraiti bunu çətinləşdirib və AZAL-ın bayramıdır. Monopolist şirkət olduğundan istədiyi qiyməti qoyur”.

E.Bayramlının sözlərinə görə, bu problemin yeganə həll yolu AZAL-ın ləğv olunmasıdır. Nəticədə, aviabazar tam sərbəstləşdirilməli, yerli və xarici loukaster şirkətlər bazara buraxılmalıdır.

Natiq Cəfərli: “AZAL bazarda inhisarçı mövqeyə malikdir”

İqtisadçı ekspert Natiq Cəfərli də bizimlə söhbətində qiymətlərin baha olduğunu vurğuladı və bildirdi ki, uzun illərdir bu barədə mətbuata, ictimaiyyətə açıqlamalarında danışıb: “Həmişə öz açıqlamalarımızda bildirmişik ki, qiymətlərin baha olmasının əsas səbəbi inhisarçılıqdır. Yəni AZAL bazarda inhisarçı mövqeyə malikdir. Nəinki uçuşlarda, hətta yerüstü xidmətlərdə də inhisarçı AZAL-dır. Ona görə də, nə qədər ki ölkəyə xarici şirkətlərin birbaşa daxil olmasında əngəllər aradan qlaxmayacaq, AZAL bu inhisarçı davranışlarında davamlı şəkildə gedəcək. Məhz İrəvan misal gətirilirsə, orada bir neçə xarici şirkət, o cümlədən də, səhv etmirəmsə, 5-6 Rusiya şirkəti İrəvandan birbaşa uçuşlar həyata keçirir, Gürcüstandan 16 xarici şirkət uçuşlar aparır. Çünki həm Ermənistanda, həm də Gürcüstanda bu bazar inhisarçı deyil, bizdə isə tam inhisarçılıq meylləri olan bir bazardır və AZAL yeganə söz sahibidir”.

İnhisarçılıq olan şəraitdə də, təbii ki, qiymətlər də yüksək olacaq deyən N.Cəfərlinin sözlərinə görə, nə qədər ki bu inhisarçılıq meylləri qalır, bazarda, həm yerüstü xidmətdə, həm də uçuşda tək AZAL-ın sözü keçir, o zaman qiymətlərin baha olmasının qarşısını almaq mümkün olmayacaq. O hesab edir ki, problemin həllində əsas olan rəqabətli mühitin yaradılmasıdır/bakixeber

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button