AktualBannerSiyasət

Rusiya-Ukrayna savaşı və sanksiyalar: Nikol Paşinyan niyə əl-ayağa düşdü? ANALİTİK+AKTUAL

Ermənistanın baş nazirinin sülh sazişini imzalamağa hazır olması bəyanatı arxasında hansı faktorlar dayanır?

Rusiyanın Ukraynadakı siyasi maraqlarını hərbi əməliyyatlar yolu ilə davam etdirməsi, Qərbin cavab sanksiyaları və qlobal səviyyədə artan gərginlik son vaxtların gündəmində Ermənistan-Azərbaycan münasibətlərini kölgədə qoymaqdadır. Halbuki son bir ayda Rusiya prezidentinin Azərbaycan və Ermənistan liderləri ilə danışıqları, Fransa prezidentinin də ayrıca olaraq ölkə liderləri ilə apardığı danışıqları qeydə alınıb. Martın 9-da isə Ermənistanın baş naziri Nikol Paşinyan Parisə getməyə hazırlaşır. Ancaq onun Moskva səfəri daha aktual təsir bağışlamaqdadır. Çünki əsas mövzu Qarabağla bağlıdır. Belə ki, Paşinyan bəyan etməsinə görə, gündəlikdə sülh danıışıqları dayanıb və bu amilin özü də göstərir ki, proseslərdəki dinamika öz mövcudluğunu qoruyub-saxlamaqdadır.

Maraqlıdır ki, Paşinyanın Ermənistanın sülh sazişini imzalamağa hazır olması, kommunikasiyaların blokadadan çıxarılması ilə bağlı bəyanat verməsi də məhz İlham Əliyevin Moskvadakı bəyanatından sonra səsləndi

Prezident İlham Əliyev isə Moskvada Bakının gözləntilərini daha aydın şəkildə bəyan etdi: qısa perspektivdə Ermənistan silahlı qüvvələrinin qalıqlarının Qarabağdan çıxarılması, kommunikasiyalarla bağlı götürülən öhdəliklərin Ermənistan tərəfindən sürətlə həyata keçirilməsi. Və maraqlıdır ki, Paşinyanın Ermənistanın sülh sazişini imzalamağa hazır olması, kommunikasiyaların blokadadan çıxarılması ilə bağlı bəyanat verməsi də məhz İlham Əliyevin Moskvadakı bəyanatından (xəbərdarlığından-R.R.) sonra səsləndi.

Lakin ümumi fonda da proseslərin necə və hansı üsullarla davam edəcəyi də maraqlıdır. Görünən isə budur ki, Rusiya ilə Qərbin qarşıdurması məhz Ukrayna cəbhəsinə transformasiya olunub. Belə bir şəraitdə Minsk qrupu çərçivəsində hansısa koordinasiyalardan danışmağa da ehtiyac qalmır. Hətta belə desək, artıq ATƏT demək olar ki, özü-özünə əriyib, yaxud buxarlanıb və bu qurumun üfüqdə belə hər hansı ciddi təsir qüvvəsi, mexanizmləri görünmür…

Ermənistan Rusiyada qıcıq oyadır və Moskva İrəvanın buxovunu daha da sıxır

Bu baxımdan, növbəti dəfə sübut olunur ki, Ermənistanın bir müddət əvvəl dəvət alaraq qatıldığı və “bəh-bəhlə” təriflədiyi, “demokratiya sammitinə”, habelə “frankafoniya” tədbirlərinə qatılması bu ölkə rəhbərliyinin uzaqgörən olmadığı faktını ortaya qoyur. Hansı ki, Ermənistan KİV-ləri və siyasi-ictimai dairələri Azərbaycanın “demokratiya sammitinə” dəvət almamasını az qala “şanlı qələbə” kimi car çəkirdilər. Elə sanırdılar ki, ABŞ-ın dövlət rəhbərliyinin təşəbbüsü və dəvəti ilə keçirilən “sammit” Ermənistana siyasi üstünlüklər vəd edəcək və s. Amma nə baş verdi? İlk növbədə, Ermənistanın Qərblə oynadığı birgə oyunu Moskvada qıcıq yaratdı və nə vaxtsa həmin qıcıq Moskvanın İrəvana qarşı hansı münasibət göstərməsi fonunda nümayiş olunacaq.

Hətta bu gün Ermənistanın BMT-də Rusiya ilə birgə səs verməsi, eyni zamanda, KTMT-yə sədrliyi də Paşinyanın manevrlər etməsinə şərait yaratmır. Sadəcə, Moskva İrəvanı daha sıx buxovda saxlayır və yaxşı bilir ki, onu boşaltsa, az da olsa yumşaq tutsa əlindən sürüşüb Qərbə sarı yıxıla bilər.

Digər tərəfdən, KTMT-nin koordinatoru rolunu icra edən Rusiyanın Ukrayna ilə apardığı müharibədən sonra, yəni postmüharibə dövründə məhz alyansa üzv ölkələrin, o cümlədən, Ermənistanın “LDNR”ə öz hərbçilərini yerləşdirməsi tələbini edəcəyi kifayət qədər mümkün görünür. Düzdür, hələlik Ukrayna ilə müharibənin nəticələri barədə danışmaq hələ tez olsa belə, əgər Rusiya “LDNR”i əlində salxaya bilərsə, Kremlin bu planının işlək vəziyyətə gətirəcəyini istisna etmək olmaz. Yəni bu, sadəcə, bir fərziyyə, yaxud proqnozdur…

Ancaq fakt budur ki, Rusiya Ukrayna ilə müharibədə Ermənistanı hərbi müttəfiqi kimi istifadə edir. Misal üçün, Suriyadakı Bəşər Əsəd rejiminin tərəfində döyüşən muzdlu Vaqner qrupunun Ukrayan cəbhəsinə transfer olunmaları üçün Rusiya onları təyyarələrlə İrəvanın “Erebuni” hərbi aerodromuna gətirir, oradan isə Mozdoka və daha sonra döyüşlərin getdiyi ərazilərə göndədir. Ermənistanın hərbi aerodromu faktiki olaraq Ukraynaya qarşı fəaliyyət göstərir.

Rusiyaya tətbiq edilən və ediləcək ağır sanksiyalar Ermənistanda hansı təsirlərini göstərəcək?

Söz yox ki, sanksiyalar da öz işini görür və Ermənistanın da Rusiyada tətbiq edilən və bundan sonra da ediləcək saysız-hesabsız ağır sanksiyalardan pay alacağı mümkündür. İlk növbədə, Rusiya ilə daha sıx münasibətlərdə olan Ermənistan ciddi zərbələr alacaq: hesablaşmaların valyuta ilə mübadiləsi getdikcə ağırlaşacaq, Ermənistanda fəaliyyət göstərən çoxsaylı Rusiya dövlət şirkətləri süquta uğrayacaqlar. Biz bu sıralamaya Rusiyada çalışan, eləcə də Rusiya pasportu alan erməniləri də əlavə edə bilərik. Düzdür, bu sanksiyalar ümumilikdə dünyadakı enerji daşıyıcılarının qiymətlərinin bahalaşmasına da səbəb olacaq, misal üçün Ermənistan ciddi risklər yaşasa da, belə bir vəziyyət enerji istehsalçısı olan Azərbaycana sərf edir. Amma bütövlükdə ümumdünya inflyasiyası da öz risklərini göstərəcək.

Başqa tərəfdən, yuxarıda da qeyd etdiyimiz kimi, Ermənistanda Rusiya şirkətlərinin sahiblik etmələri bu ölkənin vəziyyətini get-gedə daha da ağırşaşdıracaq. Məsələn, misin qiyməti yüksələcək, amma ölkədəki rus şirkətləri sanksiyalar altına düşdüyü üçün investisiya qoyuluşları köklü şəkildə məhdudlaşdırılacaq və sərmayələr olmadan misin əldə edilməsi, satılması qeyri-mümkünlüyə çevriləcək.

Logistikada da Ermənistan kəskin çatışmazlıqlarla qarşı-qarşıya qalacaq. Məhsulların çatdırılmasında və hesablaşmaların aparılmasında keçilməz baryerlər yaranacaq.

Bakı üçün isə əksinə, imkanlar daha da genişlənəcək. Belə ki, Azərbaycanın tranzit funksiyası imkanları artacaq, buna misal kimi Qərb-Şərq istiqamətini göstərmək mümkündür.

Və ən əsası, hərbi-texniki əməkdaşlıq. Artıq məlumdur ki, Rusiya Ukraynada apardığı müharibədə hərbi potensialını sürətlə tükədir və qarşıdurmada əlavə olunan hər bir gün, hətta saat Rusiyanın arsenalı ilə yanaşı, hərbi büdcəsinin də boşalmasına xidmət edir. Artıq Rusiya üçün hər milyon rubl hesabdadır…

Ermənistan yarıboş büdcəsini Qarabağ ermənilərinə xərcləməyəcək, parçalanan diaspor isə öz hayındadır…

Nəhayət, Qarabağda yaşayan ermənilər. Ermənistan hakimiyyətinin və diasporun Qarabağ ermənilərinin, sadəcə, quru həyat yaşamaları üçün ayırdıqları illik 300 milyon dollar mövcud vəziyyətdən sonra qeyri-mümkünlüyə çevriləcək. Daha dəqiq desək, Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalar uzunmüddətlidir və Ermənistanın da bu sanksiyalardan çoxsaylı paylarını alacağından sonra İrəvan onsuz da yarıboş vəziyyətdə olan büdcəsini Qarabağdakı ermənilərə xərcləməkdən imtina edəcək. O cümlədən, Rusiyadakı ermənilər də yoxsullaşmağa başlayacaqlar və Qərb ölkələrində yaşayan ermənilərin də ciddi şəkildə maddi dəstək göstərəcəkləri inandırıcı görünmür. Bildiyimiz kimi, Qərb ölkələrindəki erməni diasporlarında kəskin parçalanmalar müşahidə olunur.

Nikol Paşinyanın sülh sazişi imzalamaqdan başqa çarəsi və hər hansı yolu da qalmayıb...

Beləliklə, Ukrayndakı müharibə fonunda aparılan analizlər belə bir nəticəyə gəlməyə zəmin yaradır ki, Nikol Paşinyanın sülh sazişi imzalamaqdan, Azərbaycanın ərazi bütövlüyünü tanımasından, kommunikasiya xətlərini açmasından başqa çarəsi qalmır.

Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyanın dövlət başçısı ilə görüşü zamanı əsasən iki məsələni-Qarabağdakı Ermənistan silahlı qüvvələrinin bu əraziləri qısa müddətdə tərk etməsi, eləcə də sərhədlərin delimitasiyası və demarkasiyası məsələsinin sürətləndirilməsi barədə fikirlərini vurğulaması isə belə deməyə əsas yaradır ki, əks halda Azərbaycan qəti addımlarını atmağa daim hazırdır. Üçtərəfli bəyanatda tələb edilən bəndlərin realizə edilməməsi isə eskalasiya mümkünlüyünü artırır və bu, Ermənistan üçün daha çox baha başa gələ bilər. Nikol Paşinyanın sülh sazişi imzalamaqdan başqa çarəsi və hər hansı yolu da qalmayıb…

Rövşən RƏSULOV

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button