AktualSiyasət

Ermənistan üçün sonun başlanğıcı — 4 günə İrəvanda daşlar yerindən oynadı

Azərbaycan 44 günlük müharibəni bu müddətdə əldə etsə də, savaşın hazırlığı artıq illər öncədən başlamışdı. Prezident İlham Əliyevin dövlət başçısı seçildiyi ildən orduya olan diqqətin daha da artırılması, bu sahənin prioritet seçilməsi müxtəlif zamanlarda baş verən hadisələr fonunda nə qədər doğru, düzgün siyasi xəttin seçildiyini göstərdi.

2016-cı ilin Aprel döyüşləri o hadisələrdəndir ki, Azərbaycanın milli mənsubiyyətini, kimliyini özünə xatırlatmaq, xalqı bir məqsəd ətrafında birləşdirmək yolunda ilk böyük addımlardan biri kimi tarixə düşdü. Müstəqilliyimizin bərpasından sonra ilk dəfə dövlətimizin, ordumuzun gücünü, xalqımızın birliyini, vətənpərvərliyini, böyük Qarabağ zəfərinin uzaqda olmadığını bu qədər yaxından hiss etdik.

Təbii ki, Cənubi Qafqazda 30 il ərzində formalaşmış status-kvonu dəyişmək nə qədər böyük dəqiqlik tələb edirdisə, əlverişli vaxt seçmək də o qədər önəmli və həlledici olacaqdı. Azərbaycanın həm gücünü, illərlə formalaşdırdığı ordunun nəyə qadir olduğunu, həm də bu zamanı düzgün müəyyənləşdirmək baxımından 2016-cı ilin Aprel döyüşləri olduqca böyük paya sahib oldu.

6 il öncə, 2016-cı il aprelin 2-də Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələrinin Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalması əks-həmlə əməliyyatını zərurətə çevirdi ki, nəticədə Azərbaycan Silahlı Qüvvələri Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəklikləri, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyini və Cocuq Mərcanlı kəndini, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqeləri düşməndən azad edərək, Ermənistanın işğal altındakı ərazilərdə qurduğu «keçilməz sədd» kimi təqdim edilən müdafiə xəttinin yarılmasına nail olaraq strateji əhəmiyyətli qələbə əldə etməyi bacardı.

Bütün dünyada təlatümlü proseslərin baş verdiyi indiki dövrdə Azərbaycanın Vətən müharibəsində qazandığı qələbənin ictimai çəkisini, geosiyasi əhəmiyyətini dərindən təhlil edərkən 44 günlük müharibədəki Zəfərlə müqayisədə Aprel döyüşlərindəki lokal qələbənin tarixi Zəfərimizdə əsas arqumentlərdən, böyük savaşın ən əsas düsturundan biri olduğu danılmazdır.

Bu əməliyyatın Ermənistanın təxribatlarına cavab olaraq həyata keçirilməsindən ziyadə, tərəflərin qüvvələr nisbətini üzə çıxarmaq, geosiyasi mənzərəni, regionda təsiri olan qüvvələrin maraq və mənafelər dairəsini aydınlaşdırmaq baxımından mühüm rol oynadığını müəyyən etmək baxımından önəmi də olduqca böyük oldu.

Aprel döyüşləri əslində işğalçı Ermənistanı sülhə məcbur etmək cəhdi kimi də qiymətləndirilə bilər. Doğrudur, məhz bu hadisədən sonra Ermənistanın hərbi-siyasi rəhbərliyi sonradan imtina etdiyi sülh vədləri ilə çıxış etməyə başlasa da, danışıqlar prosesində nəzərəçarpacaq intensivlik müşahidə olunsa da, rəsmi İrəvan müxtəlif manipulyasiyalarla eynilə indi 10 noyabr bəyanatının öhdəliklərindən yayınmağa cəhd etdiyi kimi məsələnin həllini uzatmağa çalışdı. Amma düşmən anlamırdı ki, zaman artıq Azərbaycanın xeyrinə işləyir.

Necə ki, aprel döyüşlərindəki məğlubiyyət sonrası o vaxtı Ermənistan hakimiyyətinin postunun laxlaması özünü çox gözlətmədi, xalq yeni liderini (Nikol Paşinyan) dövlətin başına gətirdi. Amma rəsmi İrəvanın Azərbaycanla ritorikasında müsbətə doğru heç bir dəyişiklik baş vermədi.

Nəticədə Aprel döyüşlərindəki qələbə sayəsində hərbi-psixoloji üstünlüyü ələ keçirən Azərbaycan 1994-cü ildə imzalanmış atəşkəs sazişindən sonra formalaşmış «məğlubedilməz erməni ordusu» mifini alt-üst etmiş oldu. Bununla Azərbaycan ordusu döyüş meydanında nəyə qadir olduğunu göstərdi. Bu, həm Erməmistana, həm də onun havadarlarına atəşkəsdən sonra vurulmuş ilk böyük psixoloji zərbə idi.

Eyni zamanda 4 gün çəkən bu savaşla Serj Sarkisyanın hakimiyyətdəki mövqeyinin ciddi sarsılması ilə nəticələndi. Aprel döyüşlərindən Vətən müharibəsinə kimi olan dövrdə baş verən bir çox hadisələr əslində Azərbaycanın öz torpaqlarını azad etmək üçün bütün imkanlarını səfərbər etdiyini göstərirdi.

Təbii ki, düşmənin gücünü küçümsəmək, onların müharibəyə hazırlıqlarını nəzərə almamaq da mümkün deyil. Ən azından 30 il Ermənistan da əlini-qolunu sallayıb durmamışdı. Buna biz ən azından Vətən müharibəsi zamanı düşmənin keçilməz bir neçə eşalondan ibarət müdafiə xəttlərinin görüntülərindən də şahidik. Nəhayət 4 günlük Aprel savaşının düzgün təhlili Azərbaycan Ordusu üçün XXI əsrin «beşinci nəsil» müharibəsinə hazırlaşdırmaq yolunda olmazsa-olmaz bir faktor rolunu oynadı.

Paşinyanın Ermənistanda Serj Sarkisyanı postundan məhrum edərək hakimiyyətə gəlməsinin ardından baş verən hadisələr, səsləndirilən bəyanatlar ilk vaxtlarda rəsmi Bakının sülhə olan ümidləri artırsa da, daha sonrakı mərhələdə bu «çağırışların», fikirlərin Ermənistan hakimiyyətinin dəyişməz ritorikasından irəli gələn ikili oyun ssenarisinin davamı olduğu bəlli oldu. İşğal niyyətini yerə qoymaq fikrində olmadığını 2020-ci ilin sentyabrında Azərbaycan ordusunun mövqelərinə və dinc yaşayış məntəqələrinə endirilən zərbələrlə Ermənistan bir daha nümayiş etdirmiş oldu ki, bu da müharibənin başlanmasını qaçılmaz etdi.

Azərbaycanın genişmiqyaslı hücumlara cavab olaraq həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində heç kimin gözləmədiyi bir zaman kəsiyində — 44 gün ərzində Ermənistan ordusunun darmadağın edilməsi və yüzlərlə kəndin azad olunmasına nail oldu. 2020-ci il noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə üçtərəfli bəyanat imzaladılar ki, bu da rəsmi İrəvan üçün ya sonun başlanğıcı ola bilərdi, ya da Azərbaycanın təqdim etdiyi şərtlərə «Hə» deməklə gələcəyin Ermənistanını qurmaq yolunda önəmli addım. Lakin təəssüflər ki, son təxribatlar, rəsmi İrəvanın ikili oyunları, sözü ilə əməlinin tərsmütənasibliyi, sərgilədiyi destruktiv mövqe Ermənistanın gələcəyi üçün yaxşı heç nə vəd etmədiyini göstərir. Milli.az

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button