Kimdir bunlar və kimlərin marağındadır?
Son günlər ölkə gündəmini zəbt edən mövzulardan biri Şəbnəm Tovuzlu və Vəfa Şərifovanın arasındakı münaqişədir. Amma sual yaranır: “Kimdir bunlar və kimlərin marağındadır?”
Ölkədə həllini gözləyən çoxsaylı problemlər var – sosial məsələlər, təhsil, səhiyyə sektorunda ciddi çatışmazlıqlar və s. Bu cür səviyyəsiz mövzuların isə medianın diqqətini zəbt etməsi həm absurd, həm də utancvericidir.
Təəssüf ki, televiziya kanalları və media platformaları əksər hallarda cəmiyyəti maarifləndirən verilişlərdən uzaqdır. İnsanlar daha səviyyəli, əhəmiyyətli məsələlər haqqında müzakirələr gözləyir, lakin bunun əvəzinə şəxsi həyatların, qalmaqalların tirajlanmasını görürük. Bu, cəmiyyətin intellektual səviyyəsinə mənfi təsir edir və ölkədəki əsl problemlərin kölgədə qalmasına səbəb olur.
Medianın rolu təkcə əyləndirmək deyil, həm də maarifləndirmək və cəmiyyəti düzgün istiqamətə yönləndirməkdir. Cəmiyyətdəki bu səviyyəsiz mövzulara yönəlik marağın aradan qaldırılması və daha əhəmiyyətli məsələlərin gündəmə gətirilməsi vacibdir. Media qurumları bu gücü düzgün istiqamətə yönəltməlidir. Əks halda cəmiyyət tamamilə məhv olacaq.
Tural Qoca
Analoq.az