Gündəm

Həkəri və Bərgüşad çayları üzərində yeni su anbarlarının tikilməsi ilə bağlı layihələr hazırlanır

Nazir müavini: "Bu ildən minalardan təmizlənmiş ərazilərdə meşə zolaqlarının salınması, meşəbərpa işlərinin aparılması planlaşdırılır"

İşğaldan azad olunmuş ərazilərdə bu il Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən bir sıra fəaliyyətlərin icrası nəzərdə tutulur.

Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov AZƏRTAC-a müsahibəsində bildirib ki, bu fəaliyyətlər bioloji müxtəlifliyin qorunması, zəngin su ehtiyatlarından istifadə, məqsədli şəkildə məhv edilmiş meşə ehtiyatlarının bərpası, istismar olunmuş mineral xammal ehtiyatlarına dəymiş ziyanın hesablanması və Ermənistana qarşı müvafiq iddiaların qaldırılması istiqamətində olacaq.

“İşğaldan azad edilmiş ərazilərdə biomüxtəlifliyin qorunması, xüsusi mühafizə olunan ərazilərin infrastrukturunun yaxşılaşdırılması və meşəbərpa işləri ilə bağlı yerli və xarici təşkilatlarla birgə layihələr planlaşdırılır. İşğaldan azad olunmuş ərazilərdə 9 su anbarı, 14 iri çay var. Hazırda 11 çay hövzəsi üzərində avtomatik suölçmə cihazları quraşdırılır. Eyni zamanda, iki yeni su anbarının – Həkəri və Bərgüşad çayları üzərində yeni su anbarlarının tikilməsi ilə bağlı layihələr hazırlanır”, – deyə V. Kərimov qeyd edib.

Nazir müavini bildirib ki, hər iki çay su ehtiyatları baxımından çox zəngindir və onların üzərində yeni su anbarlarının tikilməsi həm yeni salınacaq Ağdam, Füzuli, Cəbrayıl şəhərlərinin əhalisinin içməli su ilə təminatında, həm də həmin ərazilərin əkin sahələrinin suvarılmasında böyük əhəmiyyət kəsb edəcək. Növbəti dövrlərdə texniki əsaslandırma sənədləri hazırlanandan, bununla bağlı müvafiq qərar veriləndən sonra tikinti işlərinə başlanılacaq.

V.Kərimov onu da qeyd edib ki, bu ildən minalardan təmizlənmiş ərazilərdə meşə zolaqlarının salınması, meşəbərpa işlərinin aparılması planlaşdırılır.

 

Analoq.az

 

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button