AraşdırmaBanner

Prokurorlar Putinlə şəxsən yazışan qadının izinə düşüb – Casus qalmaqalı

Nyu-York şəhərində Rusiya təbliğat mərkəzinin yaradıcısı, 61 yaşlı Elena Branson Rusiyaya casusluqda ittiham olunur. Rusiya prezidenti Putinlə şəxsən yazışdığı iddia edilən qadına qarşı 6 müxtəlif ittiham irəli sürülüb.Reyting.az-ın məlumatına görə, ABŞ prokurorlarının Rusiya casusu olmaqda ittiham etdikləri Elena Branson daha əvvəl “Mən Rusiyanı sevirəm!” kampaniyasının başlanmasına köməklik göstərib.

Rusiya və ABŞ vətəndaşı olan Branson həm də Rusiya tarixini və mədəniyyətini təbliğ etmək məqsədilə yaradılan ABŞ Rus İcması Şurasının prezidenti vəzifəsini icra edib.

Manhetten prokurorları bildirirlər ki, Elena Branson 2012-ci ildə Rusiyadan Nyu-Yorka göndərilib. Rusiya hökumətinin ən yüksək simaları tərəfindən səlahiyyət verilən qadının Rusiya prezidenti Vladimir Putinlə şəxsən yazışması da ittihamlar arasında öz əksini tapıb.

Prokurorlar E. Bransonun yaratdığı mərkəzin Rusiyanın ABŞ-da təsirini genişləndirmək məqsədi daşıyan Kremlin təbliğat maşını rolunu oynadığını bildirirlər. Qeyd edək ki, qismən Rusiya hökuməti tərəfindən maliyyələşdirildiyi iddia edilən mərkəz bu il “ABŞ-da rusdilli icmanı birləşdirmək” üçün gənclər forumu keçirməyi planlaşdırırdı.

Məlumata görə, casusluqda ittiham olunan qadın Nyu-York ştatının keçmiş senatoru da daxil olmaqla Rusiya və ABŞ-ın hökumət rəsmiləri arasında görüşlərin təşkilinə də kömək edib. Bildirilir ki, 2015-ci ildə ABŞ və Rusiya arasında keçirilməsi planlaşdırılan “yoldaşlıq xokkey matçı” rusiyalı nazirin Bransona çatmasından sonra baş tutub. Branson 2015-ci il noyabrın 9-da Rusiya rəsmilərinə e-poçt göndərərək senatorla Nyu-York meriyasına getmə ehtimalı barədə məlumat verib və cavab gözlədiyini yazıb.

Prokurorluğun dosyesindəki elektron məktublara görə, Branson ABŞ-ın keçmiş prezidenti Donald Trampı və ya övladlarından birini Nyu-Yorkda Rusiya nazirləri ilə bir araya gətirməyə çalışıb. Məhkəmə sənədlərinə görə, Branson Tramp üçün dəvətnamə hazırlayıb və onu 2016-cı ilin aprelində keçirilən Nyu-York Rusiya Forumuna dəvət edib.

“Keçmiş prezidentin və ya onun övladlarının qeyd olunan iclasda iştirak etdiyinə dair heç bir əlamət yoxdur”, – prokurorlar bildiriblər.

Şikayət faylında diqqət çəkən başqa bir məsələ 2019-cu ilə aiddir. Həmin il Branson, Kauai adasındakı bir qalanın adının dəyişdirilməsinə qarşı Havay hakimiyyətini xüsusi kampaniya ilə əlaqələndirib. Prokurorlar həmin qalanın Rusiya hökuməti üçün əhəmiyyətli olduğuna diqqət çəkiblər.

Branson 2020-ci ilin sentyabrında Federal Təhlükəsizlik Bürosu (FTB) tərəfindən dindirildikdən sonra fəaliyyətinin ifşası səbəbindən Rusiyaya gedib. O, dindirilmə zamanı Rusiya rəsmiləri ilə ABŞ siyasətçiləri və biznes liderləri arasında görüşlərin təşkilini təkzib edib.

Doğma şəhərinə qayıdan Branson parlamentin yeni üzvü Mariya Butina ilə televiziyaya müsahibəsində FTB-nin ABŞ-dakı mənzilinə basqınını təsvir edib. “Agentlər məndən bayıra çıxmağımı və bir neçə saat mənzildə axtarış aparmağı istədilər. “İphone” və bütün digər elektron cihazlarım müsadirə olundu”, – Branson deyib.

Ukraynanın işğalı zamanı üzə yenidən çıxan Branson, xarici dövlət agenti kimi qeydiyyatdan keçməmək də daxil olmaqla, altı ittihamla üzləşib.

Nyu-Yorkun Cənub Bölgəsi üzrə Baş prokuroru Damian Villiams deyib ki, Bransonla bağlı araşdırma aparmaqdan qürur duyur. Villiams bildirib ki, xüsusilə cari qlobal hadisələri nəzərə aldıqda, xarici təsir cəhdlərinin aşkarlanması və qarşısının alınması zərurəti vacibdir və üzərimizə düşəni etməkdən qürur duyuruq.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button