AktualBanner

Rusiyada dövlət çevrilişi təhlükəsi artır – ” RİSK YÜKSƏKDİR”

Ukrayna ilə müharibədəki uğursuzluq səbəbindən Rusiya prezidenti Putinin hədəfində olan (Müharibədən əvvəl Ukrayna ilə bağlı verilmiş yanlış məlumatlara görə) Federal Təhlükəsizlik Xidməti (FTX) və tabeliyində silahlı qüvvələr olan digər qurumların ölkədə dövlət çevrilişi etmək təhlükəsinin artdığı iddia olunur. Bu barədə müxtəlif xarici KİV-lər müəyyən mənbələrə istinadla məlumatlar yayırlar.

Analoq.az xəbər verir ki, rusiyalı fəal Vladimir Oseçkin də belə bir iddia irəli sürür. Onun sözlərinə görə, lazım gələrsə, FTX əməkdaşları ölkədə bütün sistemi dəyişməyə hazırdır.

Xatırladaq ki, fevralın 24-də Rusiya Ukraynaya təcavüzə başlayanda, Ukraynanın demokratik yolla seçilmiş hökumətinin tezliklə devriləcəyi ehtimalı olsa da, proses gözlənilən kimi olmadı və münaqişə Rusiya üçün ciddi problemə çevrildi.

Rusiya kəşfiyyatına yaxın şəxslərdən biri isə iddia edir ki, Rusiya prezidenti Putinin çevrilişlə vəzifəsindən uzaqlaşdırılmaq riski yüksəkdir. Adının çəkilməsini istəməyən mənbə bildirib ki, Rusiyanın Ukraynaya müdaxiləsi bacarıqsız şəkildə həyata keçirilib, Rusiyada xaos və narazılığın artmasına səbəb olub.

Bildirilir ki, Putinin Ukraynaya hücumdakı uğursuzluğa görə Federal Təhlükəsizlik Xidmətini hədəf alması günlərdir müzakirə mövzusudur. Lakin müharibə ilə bağlı yaranmış pis vəziyyətdən şikayət edən təkcə Rusiya lideri deyil. FTX əməkdaşları da proqnozlaşdırılandan uzun sürən müharibədən və Qərbin Rusiyaya tətbiq etdiyi repressiv sanksiyalardan çox məyus olublar.

Qeyd edilir ki, Rusiyada FTX əməkdaşlarına orta rusiyalıdan qat-qat yüksək maaş verilir və hər biri dövlət tərəfindən mənzillə təmin olunur. Dövlət qulluqçuları indiyədək ölkədə bir çoxlarından daha yaxşı yaşasalar da, Qərbin sanksiyaları ilə sıxışdırılan ölkədə heç nə onların istədiyi kimi getmir.

“The Times” qəzetinə danışan rusiyalı fəal Vladimir Oseçkin isə bildirib ki, FTX əməkdaşları onların tətil evlərinə getməsinə mane olduqlarından və uşaqlarını Parisdəki Disneylendə apara bilmədiklərindən də şikayətləniblər.

“Putin 20 ildir Rusiyanı sabitləşdirib. FTX əməkdaşları, polislər, dövlət ittihamçıları indiyə qədər yaxşı həyat tərzi keçiriblər, amma indi bunlardan məhrum olublar. Qərbin sanksiyaları ilə rublun dəyərdən düşdüyü, Rusiya iqtisadiyyatının az qala iflic vəziyyətində olması faktdır. Daha yaxşı həyata öyrəşmiş bu insanlar artıq Sovet İttifaqı dövründəki kimi yaşamaq istəmirlər”, – Oseçkin ölkədəki son vəziyyətlə bağlı deyib.

Ölkədə Putinə qarşı qəzəbin gündən-günə artdığını bildirən Oseçkinin sözlərinə görə, lazım gələrsə, məyus çekistlər ölkədə bütün sistemi dəyişməyə hazırdır. Oseçkin deyib ki, müharibə bir müddət də davam edərsə, təhlükəsizlik qüvvələrində çalışanların qiyam və çevriliş etmək ehtimalı reallaşa bilər/reyting.az

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button