BannerCəmiyyət

Şikəstlərin, qocaların kimsəsizlərin haqqı səni bağışlamasın Əjdər Cəbiyev…

Şair dərdi: ƏJDƏR OL olub, ƏJDƏR OL qala bilməmək!

Ağrıya, əzaba qənim ürəyim,
hamını yatırdıb gecə ağrıyır.
Bircə mən bilirəm mənim ürəyim,
hərdən həzin-həzin necə ağrıyır.

Bəyəndiniz bu şeiri, elədirmi? Bəs bilirsinizmi müəllifi kimdir?Bir zamanların sevilən şairi, tərcüməçisi, AYB-in üzvü, 70-ə yaxın kitabın müəllifi və bu sahədə təltif edilən Əjdər Ol…!

Daha dəqiq, 1958-ci il avqustun 17-də Azərbaycanın Qazıməmməd (indiki Hacıqabul) şəhərində anadan olmuş Cəbiyev Əjdər Feyzulla oğlu!

Bir zamanlar Əjdər Olun seirləri sevən gənclərin bir-birinə səssiz-sədasız etirafıydı, mesajıydı.

Sevən ki eş qi yolunda
Ölmürsə, neynirsən onu?!
Gedib o dünyanı görüb
gəlmirsə, neynirsən onu?!

Ürəyini al əlinə,
Qoy düşməsin kal əlinə,
Toxunanda gül əlinə,
bilmirsə, neynirsən onu?!

Düşsən şərə, qalmaqala,
Xəbər göndər Əjdər Ola
Əjdər gərək Əjdər ola,
Olmursa, neynirsən onu?!

Daha sonrakı bir şeir

Qəlbimdən başlanıb mənim yolum da,
Hər şeyi yaxşıya yozmuşam elə.
Bizim taleyimiz oxşadığından
Mən öz taleyimdən yazmışam elə.

İndi isə sizə Əjdər Ol qala bilməyən Əjdər Cəbiyevdən xəbər verəcəyəm. 2013-cü ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəri olmaq onu aydın, işıqlı yoldan sapdırdı. 8 fevral 2021-ci il külli miqdarda rüşvət ittihamı ilə DTX tərəfindən həbs edildi. Həbs edildikdən sonra anlaşıldı ki, həssas qəlbli, Tanrının zərrəsi sayılan Əjdər Olun daxilində tamah, iştah, əyri yol, haram tikə, əlsiz-ayaqsız , imkansız köməksiz insanların haqqını yemək kimi bir hərislik varmış… İnsan 9 il müddətində insanlıqdan bu qədər uzaq düşərmi?

Əjdər Olun mülkləri:

Nərimanov rayonunda (mənzil: 25) – 528 min manat

Nərimanov rayonunda (mənzil: 26) – 528 min manat

Nərimanov rayonunda mənzil – 80 min manat

Novxanı kəndində 0.12 hektar torpaq sahəsi – 100 min manat

Ailə üzvlərinin mülkləri:

Səbail rayonunda mənzil – 150 min manat

Xətai rayonunda mənzil – 120 min manat

Nərimanov rayonunda mənzil – 85 min manat

Nərimanov rayonunda mənzil – 325 min manat

Bundan başqa, ailə üzvlərinin mülkiyyətində olan Nərimanov rayonunda 3 mənzil, Hacıqabulda 0.28 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin qiyməti obyektiv səbəblərə görə müəyyən edilə bilməyib.

Məhkəmənin qərarı ilə Əjdər Olun dövlətə vurduğu maddi ziyanın ödənilməsi məqsədilə onun DTX Maliyyə İdarəsinin depozit hesabına qoyduğu 589 min 760 manat müsadirə edilməklə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hesabına keçirilib. O, dövlətə vurduğu ziyanı nağd şəkildə ödəyib.

Ə. Cəbiyev sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovla əlbir olaraq 600 min manata yaxın pulu rüşvət və mənimsəmə yolu ilə ələ keçirməkdə təqsirli bilinib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 8 il 6 ay müddətə azadlıqdan məhrum olunub.

Aydın, ziyalı, tanrının zərrəsi olmuşkən niyə var-dövlət hərisliyini, acgözlüyü, fağır insanların haqqını yemək ehtirasını seçib, bu gün sıradan bir insan oldun, rüşvətxor, cinayətkar, müttəhim adı qazandın…

Heyf səndən Əjdər Ol!

Tikəsinə göz dikdiyin şikəstlərin, qocaların kimsəsizlərin haqqı səni bağışlamasın Əjdər Cəbiyev…

Əntiqə Rəşid
Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 4 Ortalama: 3]

Back to top button