BannerCəmiyyət

“Babulya, bizdə kasıb qızları almırlar…. “- Üzeyir Abbas yazır

Cəlilabadın ruslar yaşayan bir kəndindən hazırlanan reportajdan təsirləndim…

Klassik rusların hamısı sanki bura yığışıb. At həvəskarı II Yekaterinanın Qafqazın müxtəlif tərəflərinə sürgün elədiyi, səpələdiyi bu etniklər həddən artıq savadlı, səviyyəli, işgüzar, torpağa, əkib-becərməyə bağlı, Azərbaycan dilini 80-90% yaxşı mənimsəmiş, amma Putini hələ də Allah bilən bəndələrdir.

…Qəfil jurnalist kasıb bir daxmaya girdi və otağın küncündə 83 yaşlı Olya Şapina adlı çox yaşlı bir nənə görükdü. Русская печкаda şirin, yumru kökə bişirirdi.

Məni kədər bürüdü…

Yadıma gənclik illərim düşdü. Saratovda bir kənddə yaşayırdım. Bir qarının evində. Əri repressiya qurbanı olmuşdu.

Mən qış vaxtı hər gecə onun isti, hənirli peçkasının üstündə uzanıb, rus ədəbiyyatından nələrisə oxuyurdum, o da sakitcə qulaq asır, dodağının altında mehribanca deyinir, barmaqlarıyla, qırışmış əlləriylə üzünü ovuşdurur, bəzən ocağın çırtıltısına diksinir, hərdən gözlərini qeyri-ixtiyari silir, çöldə çövğunun qopardığı mərəkədən azca qorxubmuş kimi üşənir, “aman Allah” pıçıldayıb altdan yuxarı məni süzür və bəzən də gileylənirdi ki, sınok (oğlum), bərkdən oxu, qulağım yaxşı eşitmir.

Beləcə, 4 ay Tatyana nənənin həm qonağı oldum, həm də xidmətçisi. Odununu yarırdım, quyudan su çəkib gətirirdim, qazlarına dən səpirdim, donuzlarını otarırdım, bəzən hətta hamam soyuq olurdu deyə, suyu qızdırıb evdə onu çimizdirirdim də.

Bir dəfə Tatyana nənəyə Çexovun “Yuxum gəlir” hekayəsini oxumaq istədim. O da sevincək razılaşdı. Oxuduqca 85 yaşlı qadını yuxu basdı. “Vankanın uşağı beşikdə boğub, özünün də tirtap olması” yerinə çatanda ayıldı, dedi ki, mən eyni səhnəni yuxuda görürdüm, bu nə möcüzədir belə?

Sonra qayıtdı ki, kaş, mənim də Vanka kimi bir qoçaq nəvəm olaydı, onu yaxşıca böyüdəydim və sonra da verəydim sənə ərə, Uzeir. Evlənərdin?

Mən də zarafatla cavab verdim ki, babulya, bizdə kasıb qızları almırlar. Gərək, sən öz evini mənim adıma keçirəsən ki, nəvəni almağa razı olam…

İkimiz də xeyli gülüşdük və qarı birdən ciddi görkəm alıb:

– Узеир, я отдам всю Россию такому человеку, как ты. Если ты это знаешь…
(Üzeyir, sənin kimi adama mən bütün Rusiyanı verərəm. Əgər bilmək istəyirsənsə)…

Mən rus xalqının necə mərhəmətli, mehriban, qayğıkeş xalq olduğunu o vaxtdan anlamışam. 3 il yaşadım Rusiyada. Saratov, Samara, Novosibirsk və Moskvada.
(Moskvada 2 həftə).

Ona görə də heç Rusiyanın təbiətini, meşələrini, çaylarını, balıqlarını, göbələklərini demirəm, elə təkcə müqəddəs rus sobası və füsunkar rus qızlarına görə adam nəinki Donbası, Luqanskı, Mariupolu… hətta bütün Ukraynanı belə Putinə güzəştə getməyə az qala razı olur.

Lakin sonra fikirləşəndə ki, ukraynalılar da mənim Dağlıq Qarabağım haqda belə deyə, yaza bilərlər, onda sözümü geri götürməyə məcbur qalıram.

Və bir az da bikef oluram…

Uzeyir Abbas

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 1 Ortalama: 1]

Back to top button