Gündəm

Bir daha Rusiya sülhməramlılarından: nə edirlər? ANALİTİK+FOTOFAKT

Yaxud, ermənilərin mina xəritələri niyə tələb edilmir?

Qarabağda başa çatmış Vətən müharibəsinin ardınca, üçtərəfli razılaşma əsasında bölgəyə Rusiya sülhməramlılarının gəlişi həyata keçirildi və təmin olundu. Söz yox ki, bu məsələ ətrafında istər müsbət, istərsə də mənfi fikirlər mövcuddur və məsələ də yalnız bunda deyil. Ümumiyyətlə, rusiyalı sülhməramlıların – xüsusilə ermənilərin yaşadıqları ərazilərdə təhkim edilən kontingentinin çox hallarda, məhz birtərəfli şəkildə fəaliyyət göstərmələri istər-istəməz ölkə ictimaiyyətində haqlı suallar yaradır. Ötən yazılarımın birində bu sualların bəzilərini dəyərli oxucularımızla bölüşmüşdüm: https://sia.az/az/news/politics/842689.html

Maraqlıdır, həmin minaları azərbaycanlılarmı oralara basdırıb, gizlədib, ya da yerləşdirib?

Beləliklə, hələ noyabrın 23-də sülhməramlıların minaaxtaran qrupunun bir üzvü minaya düşərək xəsarətlər almışdı. Onun dərhal Bakıya – hərbi hospitala təxliyyə edildiyi bildirilmişdi. Lakin bugünlərdə daha bir minaaxtaran sülhməramlı Xankəndi ətrafında minaya düşərək həyatını itirdi. Bu, onların arasında ilk itki kimi qeydiyyata alındı. Və belə bir yarısual və yarıcavab: məsələ ondadır ki, ruslar, əsasən ermənilərin yaşadıqları ərazilərin təhlükəsizliyinə məsul olublar və onların missiyaları başlayar-başlamaz məhz Xankəndi, eləcə də digər ermənilərin kompakt yaşadıqları yerlərdə minatəmizləmə əməliyyatlarına başlanıldı. Hətta Rusiya müdafiə nazirliyinin rəsmi məlumatlarında bildirilirdi ki, missiya əsasında məktəblər, uşaq bağçaları, infrastrukturların əraziləri, ətraf kəndlər minalardan təmizlənir və s.

Maraqlıdır, həmin minaları azərbaycanlılarmı oralara basdırıb, gizlədib, ya da yerləşdirib? Söz yox ki, üçtərəfli bəyannamənin imzalanmasına çox az müddət qalmış Azərbaycanın müzəffər Ordusu Xankəndinin, eləcə də Dağlıq Qarabağın digər işğal altındakı ərazilərinin tam qarşısında, hətta demək olar ki, içində idi. Hərbi əməliyyatlar isə davam edərkən, məhz erməni silahlıları məğlubiyyətə düçar olacaqlarını yaxşı bildikləri üçün nəinki yolları, məzarlıqları, meyvə bağlarını minalayırdılar, hətta uşaq bağçalarını, məktəbləri belə ölüm bombaları ilə doldururdular – ki (!) azərbaycanlılar şəhərlərə, qəsəbələrə daxil olarkən həmin minalara toxunaraq yaralansınlar, ömürlük şikəst qalsınlar, ya da ölsünlər, həlak olsunlar. Tutaq ki, bunu anladıq, müharibədir və müharibənin amansız tərəfləri də var. Bəs məktəb və uşaq bağçaları?! Əgər gələcəkdə həmin ərazilərə azyaşlı uşaqlar, məktəblilər daxil olacaqsa, ermənilər hansı məqsədlə həmin əraziləri ölüm kabusuna döndərirdilər? Söz yox ki, bu məqsədin gerçək məramını yenidən izah etməyə ehtiyac yoxdur, əgər söhbət erməni terrorçularından, qaniçənlərindən, türk düşmənlərindən gedirsə..!

Döyüşlər vaxtı hətta xaotik minalanma fəaliyyəti aparılsa da, həmin ərazilərin xəritələri mövcud olmalı idi

Keçək digər suala – nəyə görə Rusiyalı sülhməramlı kontingentinin rəhbərliyi, yaxud Rusiya MN-nin rəsmi tərəfləri Ermənistandan minalanmış ərazilərin xəritələrini tələb etmirlər? Döyüşlər vaxtı hətta xaotik minalanma fəaliyyəti aparılsa da, həmin ərazilərin xəritələri mövcud olmalı idi. Maraqlı və düşündürücüdür ki, gündə Ermənistandan filan qədər “məzlum qarabağlı erməniləri” qeydiyyatının olub-olmadığını bilməyərək, terrorçu olub-olmadığını yoxlamayaraq, hətta hansı xarici ölkədən gələn, ya da gəlməyən erməni olduğunu araşdırmayaraq gündəlik qaydada Xankəndinə daşıyan, saylarını 40 mindən yuxarıya qaldıran rus sülhməramlıları bir xəritə nədir ki, onu əldə etmək üçün bu qədər acizlik göstərirlər? Axı həmin minalara elə onların özləri də düşürlər və sonuncu ölüm faktı da bunu kifayət qədər isbatlamış olur!

Burada bəlkə də təəccüblü nə isə yoxdur, çünki aşkar budur ki, ruslar bu gün onlara “qardaş” deyən ermənilərin nazları ilə artıq çox oynamağa başlayıblar, hətta lap çox! Bu, həmin ermənilərdir ki, hərbi əməliyyatlar davam edərkən bilavasitə Rusiya dövlət rəhbərliyini söyür, təhqir edir, nəyə görə onlara hərbi yardım göstərmədiklərini bar-bar bağırırdılar. İndi isə nədənsə “ermənilər və ruslar qardaşdır” deyib, gün ərzində qarşılarında yaltaqcasına təzimlər edir, yeyib-içmək masalarına dəvət edir, üstəlik… Nə isə, məişət məsələləri barədə növbəti yazımda qeydlərimi edəcəyəm.

Belə davam edərsə, “sülhməramlı kontingent” adı altında Xankəndidə və ermənilərin yaşadıqları digər ərazilərdə fəaliyyət göstərən rus əsgərləri ermənilərin “dqr” və Rusiya bayraqlı tortlarından yeyərək, tut araqlarından içərək…

Fəqət bu kimi faktları yazarkən, sosial şəbəkələrdə paylaşılan daha bir epizodu da xatırlamamaq olmur. Bir qarabağlı erməni rus zabitinin boynunu qucaqlayıb, selfi şəklində video çəkir və ermənilərlə rusların qardaş olduğunu dedizdirir, daha sonra isə “artsax ermənilərindir” ifadəsini də dedirtməyə çalışır. Amma nə qədər təəccüblü görünsə də, rus zabiti bu ifadəni demir, deyir ki, həmin sözü təkrarlaya bilməz və s. Lakin belə davam edərsə, “sülhməramlı kontingent” adı altında Xankəndidə və ermənilərin yaşadıqları digər ərazilərdə fəaliyyət göstərən rus əsgərləri ermənilərin“dqr” və Rusiya bayraqlı tortlarından yeyərək, tut araqlarından içərək, həmin ifadəni də səsləndirə bilərlər. Düzdür, bunun Azərbaycana məxsus Qarabağın siyasi və s. maraqlarına hər hansı bir təsiri olmaya bilər, amma bu cür məsələlərin sonradan ciddiləşə biləcəyini də unutmaq olmaz. Yəni vaxtında tədbir görmək lazımdır…

Maraqlıdır, 30 il Azərbaycan dövlətinin tam nəzarətində olmayan bir ərazidə, lap dəqiq desək Xankəndidə “dövlət strukturu” deyən rus zabiti nəyi nəzərdə tutur..?!

Daha bir mühüm məsələyə toxunmaq zərurəti yaranır. Bu yaxınlarda Laçın dəhlizinin qarşısından Rusiyanın müdafiə nazirliyinə məruzə edən sülhməramlı zabit gördükləri işlər barədə danışır, bildirir ki, filan yerdə bu qədər minalar, hərbi sursatlar tapıldı və məhv edildi, humanitar problemlərin aradan qaldırılması üçün behməkan işlər həyata keçirdildi və..! Və “dövlət strukturlarının (ruslar qısa şəkildə qosuçerejdeniye deyirlər – R.R.) infrastrukturlarının bərpası istiqamətində təmir işləri həyata keçirildi” (???!!!) Maraqlıdır, 30 il Azərbaycan dövlətinin tam nəzarətində olmayan bir ərazidə, lap dəqiq desək, Xankəndidə “dövlət strukturu” deyən rus zabiti nəyi nəzərdə tutur..?!

Əlbəttə ki, ən kiçik detallar belə nəzərdən qaçmamalı, bax, bu cür buraxılan qaba səhvlər, ərazi bütövlüyümüzə xələl vuran ifadələrin dərhal yığışdırılması, məhz və məhz qarşı tərəfdən tələb edilməlidir. Əks halda, Rusiyanın sülhməramlı kontingenti unutmamalıdır ki, onların ərazilərə gəlişlərinə razılıq verən qalib Azərbaycan dövləti olub, ermənilərin isə bu məsələdə heç bir mühüm rolları yoxdur və gərək olsaydı, heç sülhməramlıların gəlişinə də razılıq verilməzdi.

Azərbaycan dövləti və rəhbərliyi bu maraqlara hörmət sərgiləyərək, atəşkəs bəyannaməsindəki bir sıra müddəalara etirazını bildirmədi və rus sülhməramlıları həmin məsələni hər an diqqətlərində saxlamalıdırlar

Ancaq başqa tərəfdən, regional sabitliyin qorunması istiqamətində siyasi və s. cəhətlər də var ki, bu cəhətlərin regionun gələcək inkişafına, qarşılıqlı hörmətə əsaslanan maraqları da mövcuddur. Azərbaycan dövləti və rəhbərliyi bu maraqlara hörmət sərgiləyərək, atəşkəs bəyannaməsindəki bir sıra müddəalara etirazını bildirmədi və rus sülhməramlıları həmin məsələni hər an diqqətlərində saxlamalıdırlar. Əbəs deyil ki, müddəaların biri də onların əraziləri tərk etmələrinə dairdir, yəni birtərəfli qaydada, bizim tələbimizlə!

Nəticədə, Rusiya hərbçiləri erməni xislətinin nə qədər təhlükəli olduğunu da daim diqqətlərində saxlamağa məhkumdurlar. Necə ki, Hadrut və Şuşa ətrafında erməni terrorçu qalıqlarının təxribatlarının bir ucu da buna hesablanmışdı – bizimlə sülhməramlılar arasında süni münaqişə yaratmağa.

Sonda isə fikirlərimizi Ali Baş Komandanımızın bugünlərdə səsləndirdiyi fikirləri ilə tamamlamaq, yaxud xatırlatmaq istərdik. O, vurğuladı ki, Ermənistan tərəfi yenidən hər hansı təxribatçı cəhdlərə əl atmasın, əks halda daha ağır zərbələrə məruz qalacaq. Dövlət başçımızın bu sözlərindən isə yalnız ermənilər deyil, elə Rusiyanın sülhməramlı missiyasının təmsilçiləri də nəticə çıxarmalı, ermənilərin onlara “qardaşlarımız” xitablarından xoşhal olmamalı, öhdələrinə düşən vəzifələri qərəzsiz, tərəfsiz yerinə yetirməli, üstəlik hələ də özlərini “dqr”in “administrasiyası” kimi təqdim edən terrorçu tör-töküntüləri ilə qol-boyun olmamalı, əksinə, onlardan müvafiq, bəyannamədə əks olunan tələblərini etməlidirlər. Ən azından, dünyaya, beynəlxalq aləmə üzərlərinə götürdükləri vəzifələrinin öhdəsindən gələ bilmədiklərini göstərməməlidirlər. Bizim isə necə deyərlər, onlar üçün nə sağ gözümüz, nə də sol gözümüz atmır!//sia.az/

Rövşən RƏSULOV

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button