Ölkə

Prezident İlham Əliyev xalqımızın özünə inamını qaytardı, ona yenidən ruh verdi

Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirilib, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilib və 30 il ərzində pozulmuş ərazi bütövlüyümüz bərpa edilib.
Beynəlxalq aləmdəki mövcud vəziyyət, sosial, iqtisadi və siyasi əlaqələrin getdikcə artan mürəkkəbliyi, proseslərin durmadan dinamik sürəti XXI əsrdə dünya birliyinin yeni inkişaf mərhələsinə keçdiyini göstərir. Yeni cəmiyyət də yeni texnologiyalar və modelləri nəzərdə tutur.

Bütün bu proseslərdə danılmaz bir amil var, bu da milli siyasi lider faktorudur. Lider öz ağlı, iradəsi, qərar qəbul etmək səriştəsi, insanlara doğru yolu göstərmək bacarığı ilə xalqı vahid amal uğrunda səfərbər edən, arxasınca apara bilən şəxsdir. Bu mənada Azərbaycan öz Lideri ilə fəxr edir və bunun üçün bütün əsaslar var.

Hələ 2003-cü ildə ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqına müraciət edərək, özünün siyasi varisi İlham Əliyevə dəstək göstərməyə çağırış etdi. Ulu Öndər onun şəxsi keyfiyyətlərini xarakterizə edərək bildirmişdir ki, o, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Azərbaycan xalqı, bu müraciətə adekvat olaraq İlham Əliyevi Prezident seçməklə həm Heydər Əliyevin siyasi kursa sadiqliyini, həm də ona olan sevgisini və inamını bir daha sübut etdi.

Prezident İlham Əliyevin bütün rəhbərliyi dövründə və xüsusilə son 4 ildə aparılan sosial, kadr, struktur islahatları hər bir vətəndaşın rifahına, ölkəmizin daha da güclənməsinə, sistemli idarə olunmasına xidmət etmişdir. Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə vətəndaşlarımız üçün, hər bir ailə üçün yeni imkanlar yaradılmışdır.

Məşğulluq, sağlamlıq, təhsil və sosial siyasət sahəsində gender bərabərliyinin inkişaf etdirilməsi üçün çox mühüm işlər görülüb. Prezident İlham Əliyev dəfələrlə qeyd edir ki, bizim siyasətin mərkəzində vətəndaş dayanır. Hər zaman vətəndaşın yanında olan dövlətimizin başçısı, özü vətəndaşlarla görüşə can atır, onlarla canlı ünsiyyət qurur, dinləyir. 2003-2018-ci illərdə ümumi daxili məhsulun 3,2 dəfə artdığı ölkəmizdə əhalinin nominal gəlirləri 8,6 dəfə, minimum əməkhaqqı 12,9 dəfə, əməkhaqları təxminən 7 dəfə, pensiyalar 10 dəfədən çox artıb. 2018-ci ildən sonrakı köklü sosial islahatlar bu istiqamətdə inqilabi irəliləyişlərə nail olunması ilə nəticələnib.

Pandemiyanın məşğulluğa və rifaha mənfi təsirlərinin qarşısının alınması üçün genişmiqyaslı dəstək proqramları icra olundu. 2022-ci ilin əvvəlindən isə 3,4 milyon şəxsi əhatə edən əməkhaqqı, pensiya və digər sosial ödənişlər artırıldı və bunun üçün də illik əlavə 2,1 milyard manat ayrıldı. Beləliklə, yalnız son 4 ildə minimum əməkhaqqı 2,3 dəfə, orta aylıq əməkhaqqı 40 faizə yaxın, median əməkhaqqı 74 faiz artıb. Minimum pensiyada 2,2 dəfə, orta pensiyada 65 faiz artım, müavinət və təqaüdlərdə orta hesabla 2,5-3 dəfə, bəzi istiqamətlərdə 3 dəfədən çox artım baş verib. Ümumilikdə, 2018-ci ildən sonrakı dövrdə dövlət başçısının imzaladığı fərman və sərəncamlarla ölkə əhalisinin yarısını əhatə edən 3 sosial islahat paket icra olunub və bu paketlərin illik maliyyə dəyəri 6,5 milyard manatdır.

“Həmin artımlar üçün dövlət büdcəsindən illik əlavə vəsait olaraq 3 milyard manat ayrılıb. 2020-ci və 2021-ci illərdə də sosial islahatlar davam edib, COVID-19 pandemiyasının məşğulluğa və rifaha mənfi təsirlərinin qarşısının alınması məqsədilə ünvanlı dəstək proqramları icra olunub. Postmüharibə dövründə şəhid ailələrinin, müharibə əlillərinin təqaüdləri orta hesabla 60 faiz artırılıb, yeni təqaüd növləri təsis olunub. Prezident İlham Əliyev dəfələrlə deyib ki, heç bir vətəndaş diqqətdən, qayğıdan kənarda qalmamalıdır, hər kəsin hüquqları qorunmalıdır.

Bu sahədə aparılan dövlət siyasətini insanlar da müsbət qarşılayırlar. Məmur vətəndaş münasibətlərində şəffaflığın təmin edilməsi, korrupsiyaya qarşı mübarizənin daha da gücləndirilməsi bu siyasətin ən bariz nümunəsidir. ASAN xidmət brendindən sonra DOST Konsepsiyası da növbəti bir uğurlu layihə kimi vətəndaşları məmnun edir. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası dövlət sosial xidmətlərinin (156 növdə xidmət) “bir pəncərə”dən, innovativ yanaşmalar əsasında modern və çevik, tam şəffaf mexanizmlər üzərində qurulması ilə ölkəmizin bu sahədə yeni brendini formalaşdırıb. Təsadüfi deyil ki, bu gün DOST konsepsiyası beynəlxalq səviyyədə də böyük maraq kəsb edərək yüksək dəyərləndirilir və Azərbaycanın DOST təcrübəsini öyrənməyə maraq göstərən ölkələrin sayı artır. DOST Agentliyinin bu günlərdə Avropa Sosial Şəbəkəsinin Avropa Sosial Xidmətlər Mükafatını qazanması da DOST konsepsiyasının müasir dünyanın innovasiyalar sahəsində mühüm nailiyyətləri sırasında olduğunu göstərir. DOST bu gün Avropa Sosial Şəbəkəsi Şurasının Avropa İttifaqı üzvü olmayan yeganə dövlət qurumu, eyni zamanda, şəbəkənin tədbir və müzakirələrinin fəal iştirakçısı olan yeganə MDB təmsilçisidir. Bu da DOST-a Avropada olan böyük marağı və onun uğurlu islahat təcrübəsi kimi qəbul olunduğunu ehtiva edir.

Vacib məsələlərdən birinin də ölkədə siyasi konfiqurasiyanın təmin edilməsi mütəmadi olaraq faktiki fəaliyyətdə olan 51 partiya ilə görüş keçirilir. Bütün bunlar siyasi islahatların daha da dərinləşməsinə, ölkəmizin daha da inkişaf etməsinə, dövlətimizin daha da güclənməsinə səbəb olacaqdır. Eyni zamanda, Yeni Azərbaycan Partiyası da zamanın tələblərinə, dövrün çağırışlarına, eləcə də ölkədə gedən proseslərə adekvat olaraq islahatlar həyata keçirir.

Ötən 19 ildə Prezident İlham Əliyev cəmiyyətin inteqrasiyasına nail oldu, sosial, siyasi, dini, milli müxtəliflikdən birlik yarada bildi. Ölkə Prezidentinin xalqımız qarşısındakı misilsiz xidmətlərindən biri də hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda əldə olunan nailiyyətlərdir. Onun siyasəti nəticəsində Azərbaycanda təkmil siyasi sistem bərqərar olunub. Qanunvericilik bazasının təkmilləşdirilməsi, hüquq və azadlıqların təmin olunması istiqamətində görülən tədbirlər, siyasi plüralizmin dəstəklənməsi, çoxpartiyalı sistemin inkişafı və digər istiqamətlər üzrə prioritet hesab olunan prinsiplər ölkədə davamlı demokratik cəmiyyətin inkişafından xəbər verir.

Müzəffər Ali Baş Komandan İlham Əliyev Prezident kimi gərgin əməyinin nəticəsində Azərbaycanı ərazi bütövlüyünə qovuşdurdu, xalqımızı dünyada mübariz, mərd xalq kimi tanıtdı. Xalqımızın özünə inamını qaytardı, ona yenidən ruh verdi. Qələbədən keçən müddət ərzində erməni vandalları tərəfindən darmadağın olan, sərvətləri talan edilən şəhər və kəndlərimiz yenidən dirçəlir, canlanır. Çox tezliklə öz yurd-yuvalarından didərgin düşən soydaşlarımız evlərinə qayıdacaqlar.

Hər bir vətəndaş istəyir ki, təhlükəsiz və rifah həyat yaşasın, arzuları gerçək olsun, cəmiyyətdə özünə layiqli yer tutsun və ən əsası gələcəyindən arxayın olsun. Xalqı qarşısında verdiyi andı yerinə yetirməklə ölkə Prezidenti bir daha bu inamı doğrultdu, insanları sevindirdi.

Məftun Quluzadə,
Nəsimi rayon Gənclər və İdman
İdarəsinin rəis müavini

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button