Cəmiyyət

İşləyən, xalq üçün çalışan, haqqı deyən deputat haqqında sifarişlə qərəzli danışmaq, şər-böhtan kampaniyası aparmaq… – Tural irfan YAZIR

Xalq üçün çalışan millət vəkilinə qara yaxmaq, haqqında şər-böhtan yaymaq ən azından mentalitetimizə, xarakterimizə yaddır. Oxu. az saytında imzasını heç yerdə tapa bilmədiyim “Nicat Quliyev” adlı şəxsin adından sifarişli bir yazı yazılıb. “Müəllifin” imzası haqda ona görə danışıram ki, belə şəxslərin adı ilə yayılan yazılar adətən sifarişli və qəzəli yazılar olur, necə ki, bu yazının da o qəbildən olması şübhə doğurmur.

Yazı başdan ayağa məntiqsiz, əsassız və ziddiyyətlidir. “Müəllif” deputatı “narazı deputat” adlandırmaqda savadsızlığını və məlumatsızlığını ortaya qoyur və Razi Nurullayevin müxalifət partiyası olan Milli Cəbhə Partiyasının sədri olduğunu bilmir, yaxud da qərəzli olduğundan özünü bilməməzliyə qoyur. Bütün xalqımıza məlumdur ki, Razi Nurullayev istər Prezident seçkisində namizəd olarkən, istərsə də deputatlıq dönəmində ən obyektiv, real faktlarla, təkliflərlə çıxış edən, sivil mübarizə yolu tutan siyasi xadim kimi qəbul olunub və elədir də. Əlbəttə Razi Nurullayev bu yazının sifarişçilərindən fərqli olaraq haqsızlıqdan, rüşvətxorlardan, yaltaqlardan, yalançılardan, ikiüzlülərdən narazıdır. Məhz bu narazılıq kimləri narahat edir? Günlər öncə xalqımızın da narazı olduğu bəzi halları tənqid etməsi, bir çox mənfilikləri dilə gətirməsi, hər kəsin səmimi, dürüst olmasının vacibliyini vurğulaması, yaltaqlığın, ölkə başçısından faktları gizlətməyin doğru olmadığını deməsi, hətta ad çəkməsi kimlərin kürkünə birə salıb ki, tez-tələsik “qara məni basınca, mən qaranı basım” niyyəti ilə qarayaxma kampaniyasına başlayıblar? Bizim üçün hər şey aydındır. Razi Nurullayev demək olar ki, hər zaman çıxışlarında, tələblərində, təkliflərində xalqımızın rəyinə, cəmiyyətin ictimai fikrinə əsaslanıb addım atır və şükür Allaha ki, bu da effektli olur. İstər seçilmiş olduğu İmişli rayonunda, istərsə paytaxtımızda, habelə ölkəmizin digər bölgələrində Razi Nurullayevin vətəndaşlara münasibəti, qazilərə qayğısı, şəhid ailələrinə diqqəti, əsasən sosial çətinliyi, əlilliyi olan insanlara maddi-mənəvi dəstəyi faktdır. İnsanların hətta bölgələrdən şəxsən durub gəlib Razi Nurullayevə minnətdarlıq etdiyinin dəfələrlə şahidi olmuşuq.

Özü də hər zaman razı qaldığı, bəyəndiyi işləri də dilə gətirib və “müəllifin” iddia etdiyi kimi hər şeydən “narazı” deyil. Hətta təqdir etdiyi məsələləri dilə gətirərkən də bu yazının sahibi kimilərinin eynilə hədəfinə tuş gəlib. İndi hansı narazılıqdan danışırlar?

Deputat öz seçiciləri ilə görüşünü, göstərdiyi fəaliyyəti xalq qarşında, mətbuatda danışırsa bu o demək deyil ki, digər deputatların fəaliyyətini aşağı görür, özünün daha yaxşı olduğunu demək istəyir. Razi Nurullayevin səmimiyyətini, sadəliyini, eyni zamanda da kübar və alicənablığını hamı bilir. Əvvəla bu, onun fəaliyyətinin şəffaflığını göstərir. Və eyni zamanda gördüyü işlərin xalq qarşısında hesabatını veri. Həmçinin də müəyyən mənada fəal olmayan məmurlara bir örnək, nümunə xarakteri gpstərir. Burada heç bir qəbahət ola bilməz.

Razi Nurullayev heç kəsi və heç bir məsələni əsassız tənqid etmir. Hətta elə məsələlər var ki, ona yüzlərlə, minlərlə şikayət daxil olur, deputat o problemin səssiz halda həllinə çalışır, lakin mümkün olmadıqda artıq məcbur olub o haqda ya Milli Məclisin iclasında, yaxud da mətbuatda çıxışlar edir, aidiyyatı qurumlara səslənir, həll yolu haqda da öz təklifini dilə gətirir.

Yazının bir yerində guya Razi Nurullayevin tənqidi qəbul edə bilməməsindən bəhs olunur. Bu qətiyyən belə deyil. Əvvəla tənqid haqsız və əsassız, qərəzli olanda onu heç kəs qəbul etmir. İkinci tərəfdən də tənqid olunan şəxsin haqlı və ya haqsız tənqidə cavab verməsi haçandan qüsur sayılır? Heç olmasa bu sifarişi verənlər o yazını, mətbuatdan anlayışı olana tapşıraydılar… Görünür zövqləri də savadları kimi qüsurludur!

Razi Nurullayevin bir dəfə etdiyi bir çıxışın sonra yerində olmamasını səmimi etiraf etməsini əldə bayraq tutmaq ən cılız, ən bəsit, ən görməmiş hərəkətdir. Əvvəla siyasətçi, deputat, partiya sədri Allah və ya Peyğəmbər deyil ki, məsum olsun. İkinci tərəfdən də kaş hər kəs öz fikrini bax belə səmimi dilə gətirəydi. Razi Nurullayev ümumiyyətlə dilə gətirdiyi təkliflərlə yanaşı öz əməli ilə də deputatın, siyasətçinin, partiya sədrinin necə olmasını, necə fəaliyyət göstərməsini əyani şəkildə ortaya qoyan, nümunə göstərən simadır.

Ümumiyyətlə Razi Nurullayevin şəxsi düşüncələrində və sədri olduğu partiya xəttində də dövlət və dövlətçiliyimiz məsələsi ən prioritet təşkil edən amildir. Hər zaman dövlət maraqarını hər şeydən üstün tutan bir siyasətçi haqqında sərsəm və qətiyyən onun mövqeyinə uyğun olmayan absurd fikirlər yaymaq özü başdan ayağa məsuliyyət doğuran həqarətdir.

Razi Nurullayev heç zaman söz demək xatirinə söz demir. Onun bütün çıxışları, tənqidləri əsaslıdır və əsaslandırılır. Bəzi həmkarlarının müəyyən məsələlərdə onunla həmfikir olmaması yaxud da bəzən onu dəstəkləməsi isə tam təbiidir və demokratik baxımdan təqdirəlayiqdir.

Partiya sədri, deputat öz iradlarını, doğru bilmədiyi həqiqətləri, çox zamanda seçicilərinin tələblərini səsləndirmirsə o, necə siyasətçidir və onun fəaliyyətinin mənası nədir? Razi Nurullayev də məhz doğru hesab etmədiyi, yaxud reallıqları nəzərə alaraq daha səmərəli həll yolu təklif edirsə, öz fəaliyyətində daha fəaldırsa bu niyə kimlərinsə gözünü çıxarmalıdır, narahat etməlidir?!
“Bir millət, iki dövlət” anlayışı haqda da millət vəkili haqda yazılanlar tamamilə kanteksdən çıxarılmış, manipulyasiya edilmiş şantajçı iddialardır. Razi Nurullayev hər zaman Türkiyə ilə, hətta Pakistan ilə və başqa dost, qardaş dövlətlər ilə daha sıx əlaqələrin qurulmasını görmək istəyən siyasətçidir. Hətta vaxtilə Pakistanın atom silahı ilə bağlı dediyi fikirlər o dövrdə müyyən təbəqə tərəfindən doğru anlaşılmasa da 44 günlük savaşda torpaqlarımızı azad edərkən atom silahına sahib olan qardaş Pakistanın Azərbaycanı necə dəstəkləməsi fonunda öz təsdiqini tapdı. Pakistandan məhz atom silahına görə çəkindilər. Həmçinin dost və qardaş Türkiyə ilə indikindən də sıx, yaxın münasibətlərin qurulması, iqtisadi, siyasi, hərbi və digər sahələrdə əlaqələrin inkişaf etməsi partiya sədri və deputat olaraq cənab Nurullayev üçün hər zaman vacib məsələlərdən olub.

Habelə Razi Nurullayev həm bir neçə dil bilən, xarici dövlətlərin təcrübəsini öyrənmiş, eyni zamanda sədri olduğu partiyanın üzvləri, dayaqları, təəssübkeşləri vasitəsi ilə rayonlarımızdan, bölgələrimizdən ən məlumatlı deputatdır. Elə gün olur ona minə yaxın müraciət daxil olur.

Kadr islahatları haqqında yaşlı nəslin yerinə gənc nəslin gətirilməsinin qüsurları haqqında dediyi fikirləri də yüksək səviyyədə əsaslandırıb. Belə ki, reallığı dilə gətirib, bunun o qədər də effektli olmadığını deyib və daha faydalı yol göstərib, öz təklifini verib. Bu kimi hallar onun dövlətin siyasi xəttinə və maraqlarına necə həssas yanaşmasını sübut edir. Əgər aparılan müəyyən islahat zamanı hansısa mənfi hallar və nəticələr təzahür edirsə məgər bunu gizlətməkmi lazımdır? Budurmu dövlətə xidmət? Əksinə dövlət başçısı da dəfələrlə çıxışlarında qeyd edib ki, baş verən qüsurlar, mənfi hallar barədə məlumat verin…

Odur ki, işləyən, zəhmət çəkən, xalq üçün çalışan deputatı ləkələmək, haqqında əsassız, qərəzli, sifarişli yazılar yazmaq, kampaniya aparmaq ancaq dövlətin maraqlarına, dövlətçiliyə zidd olan, öz maraqlarını dövlət maraqlarından üstün tutanların işidir. Çünki bulanıq suda balıq tutmağa öyrəşənlər Razi Nurullayev kimi simalar danışanda yuxularını qarışdırılar.

Hələ çox yuxular ərşə çəkiləcək, səbrli olun bir az!

Tural İrfan – Milli Cəbhə Partiyasının (MCP) sədr müavini

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button