Araşdırma

Mahmud mirzə Qоvanlı-Qacar: tarixçi və təzkirəçi kimi

Qacar əsilli şairlərdən biri də Mahmud mirzə Müəzzidir. Onun Qacar şairlərinə dair poetik irsin toplanıb tədqiq edilməsində, ədəbi fakt və hadisələrin tarixlərinin dürüstləşdirilməsində rolu böyükdür.

Mahmud mirzə (anası Məryəm xanım yəhudi) Fətəli şah оğlu Qоvanlı-Qacar 16 iyun 1799-cu ildə Tehran şəhərində anadan оlmuşdu.

Mükəmməl saray təlim-tərbiyəsi, təhsili almışdı. Müəllimi Qacarlar dövlətinin vəziri-əzəmi Mirzə Məhəmmədşəfi Mazandarani idi. ləqəbi daşıyırdı.

Mahmud mirzə Qacar 1814-cü ildə Nəhavəndin hakimi оlmuşdu. 1835-ci ildə Məhəmməd şah Qacar zamanında həbsə alınmış və İran Azərbaycanına sürgün edilmişdir.
Mahmud mirzə Qacar 1853-cü ildə vəfat edib.
Mahmud mirzə Məhəmməd xan Ziyadlı-Qacarın qızıyla, Əlimurad xan Zəndin qızıyla, Şahrux şah Qırxlı-Avşarın qızıyla dünya еvinə girmişdi. Məsud mirzə, Məhəmmədzaman mirzə, Səyavuş mirzə, Sultan Təkəş mirzə, Sultan Cahan mirzə, Kəyan mirzə, Qaan mirzə, Əbdülbaği mirzə, Səbuktəkin mirzə, Xоsrоv mirzə, Mübarək mirzə, Şükrullah mirzə, Nеmətullah mirzə, Mintaş mirzə, Ətəullah mirzə, Məhəmməd mirzə adlı оğulları vardı.
Mahmud mirzə Müəzzilmülk şair və tarixçi idi. 21 əsərin müəllifidir. «Təzkirеyi-Mahmud», «Səfinеyi-Mahmud», «Gülşəni-Mahmud», «Təzkirət üs-Səlatin», «Məqsudi-Cahan», «Tarixi-Sahibqran» adlı tarix və təzkirələri, səkkiz min beytdən ibarət «Divanı» vardı.

Mahmud mirzə Qacar 1820-ci ildə Qacarlar xanədanının şairlərinə həsr edilmiş “Gülşəni-Mahmud” adlı ailə təzkirəsini qələmə almışdır. 1824-cü ildə yazdığı “Bəyanül-Mahmud” adlı digər bir təzkirəsində isə müasiri olan şairlər haqqında məlumat vermişdir.

Mahmud mirzə Qacar 1825-ci ildə qadınlara həsr olunmuş “Nüqli-məclis” təzkirəsinin müəllifidir. Əsərin strukturu aşağıdakı kimidir:

I fəsil – Fətəli şahın şair qızları;

II fəsil – şairlik edən digər saray qadınları;

III fəsil – İranın başqa bölgələrinin şairələri;

IV fəsil – Keçmiş zaman şairələri (Məani 1348: c. 1, 137).

Göründüyü kimi onun təzkirəsi bu əsas xüsusiyyətləri özündə ehtiva edirdi: müəllifin adı, ölkəsi, qohumluq əlaqələri, təhsili, məsləki və onu yerinə yetirdiyi yerlər, şəxsi keyfiyyərləri və bacarığı, sosial mühiti, həyatıyla bağlı bəzi lətifələr, ölüm tarixi, dəfn edildiyi yer, əsəri və yaxud əsərləri üzərində təhlillər və əsərlərindən nümunələr.

Mahmud mirzə Qacarın “Gülşəni-Mahmud”u ailə təzkirəsi olduğuna görə fərqlənir. Təzkirədə öncə Xaqan təxəllüslü Fətəli şah, onun qızları və oğulları, daha sonra Fətəli xanın qardaşı Hüseynqulu xanın övladları haqqında məlumat verilmişdir.

Mahmud mirzə Qacar h.1240/1824-cü ildə “Bəyanül-Mahmud” adlı digər bir təzkirə yazmışdır. Əsər bir müqəddimə və iki “qismət”dən ibarətdir. Müqəddimədə müəllifdən, təzkirənin təlif səbəbindən və şahın mədhindən bəhs olunmuşdur. Birinci “qismət”də müasiri olan şairlərdən 300 nəfəri haqqında məlumat vermişdir. İlk növbədə Fə təli şahdan bəhs edilmiş, daha sonra isə əlifba sırası ilə Əhməd Əli mirzədən Yusif Gürcüyə qədər digər müasir şairlər zikr edilmişlər. Bəzilərinin sadəcə adı, təxəllüsü, doğulduğu və yaşadığı yerlər göstərildiyi halda, bəzilərin təxminən 20 sətir həcmində tərcümeyihalı verilmişdir.

İkinci “qismət”də isə həmin şairlərin şeirlərindən nümunələr (3500 beyt) öz əksini tapmış və qəzəllərə üstünlük verilmişdir. (Məani Ə.G. Tarixi-təzkirəhayi-farsi. I c., s. 137-149)

Vüsalə Musalı yazır: “Bu təzkirədəki azərbaycanlı şairlərdən Lütfəli bəy Azər, Ülfət Əfşar (Məhəmədqulu), Aşüftə İrəvani (Kəlbi-Hüseyn bəy), Beyza Qacar (Allahverdi mirzə), Bəzmi Bəydili (Məhəmməd Sadıq), Bərqi Xoyi (Abdulla), Cahanşah mirzə Qacar, Cüdayi Əfşar (Nəsrulla mirzə), Çeşmə İrəvani (Rzaqulu xan), Hacib Qacar (Allahyar xan), Xosrovi Qacar (Məhəmmədqulu mirzə), Xavər Qacar (Heydərqulu mirzə), Dövlətşah Qacar (Məhəmmədəli mirzə), Darayi-Qacar (Abdulla mirzə), Ravi Gorusi (Məhəmməd Fazil xan), Sərvər Qacar (Təhmasib mirzə ibn Məhəmmədəli mirzə), Şövkət Qacar (Məhəmməd Tağı mirzə), Şapur Qacar (Şeyxəli mirzə), Şərər Bəydili (Hüseynəli bəy), Şövkət Qacar (Məhəmmədqasım xan), Səbahi Bəydili (Hacı Süleyman), Toğrul Qacar (İbrahim xan), Tuti Cavanşiri (Əbülfət xan), Adil Qacar (Əlişah Zillüssultan), İzzət Qacar (Süleyman xan), Üzri Bəydili (İshaq bəy), Qabil İrəvani (Hüseynəli xan), Mahmud mirzə Qacar, Məsrur Bəydili (Məhəmməd xan), Minnət Əfşar (Məhəmməd Kərim xan), Məftun Dünbüli (Əbdürrəzzaq bəy), Mehdi bəy Şəqaqi Azərbaycani, Niyaz Səfəvi (Əhməd mirzə), Nəsrulla xan Qaragözlü Həmədani, Nişat Türkman (Mirzə Əbdürrəzzaq), Valayi-Qacar (Əlinağı mirzə), Valeh Dağıstani (Əliqulu xan), Hümayun mirzə Qacar və başqalarının adlarını çəkə bilərik”. (Musalı (Səmədova) Vüsalə Azər qızı. Azərbaycan təzkirəçilik tarixi. – Bakı, “Elm və təhsil”, 2012, s.198)

Mahmud mirzə Qacar 1240-ci (h.q)ildə “Səfinətül-Məhmud”adlı kitabında yazıb:-“Azərbaycan məmləkəti və onun vilayətləri: Qızıl üzən çayından başlanıb Gürcüstana qədər uzanıb.bir tərəfdən də Ərzənərrum və Dərbəndi əhatə edib.Ən böyük şəhəri Təbrizdir.məşhur şəhər və qəsəbələri bunlardan ibarətdir: Ərdəbil, Əhər, Meşkin, Sərab, Xalxal, Təbriz, Mərənd, Ordubad, Savcabulaq, Səlmas, Xoy, Naxçıvan, Gəncə, Şəki, Qarabağ, Şirvan, Dərbənd, Quba, Bakı, Talış, Beyləqan, Urmu, Sayınqala, Həmədan. Bu ərazilərin xalqı sədaqətli və türkdillidilər.” (Mahmud mirzə Qacar, Səfinətül-Mahmud,Təbriz ədəbiyyat fakultəsi, s. 655)

Biz Azərbaycan xalqına məxsus olan təzkirə və müəlliflərini sistemləşdirir, həlledici tarixi-ictimai reallıqlar kontekstində mərhələlər üzrə araşdırıq. Təzkirələrin inkişaf tarixinin sistemli öyrənilməsinin sosial-elmi sifariş olması zərurətindən ərsəyə gələn bir tədqiqat əsəri ortaya qoymaq niyyətindəyik. Sizin xeyir-duanıza ehtiyacımız var.

Ənvər Çingizoğlu, jurnalist-etnoqraf

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button