AktualBannerCəmiyyət

“Konkret deyə bilmərik ki, pandemiya yayda və ya payızda sona çatacaq” -SƏRT TƏDBİRLƏR OLUNACAQ? -İnfeksionist

Azərbaycanda COVID-19-a yoluxma sayı hər keçən gün daha da artır. Təkcə ötən gün infeksiyaya 4943 yeni yoluxma faktı qeydə alınıb, 20 nəfər vəfat edib. “Omikron” variantının dünyada yaratdığı təsiri nəzərə alsaq, ölkəmizdə də yoluxmaların artması istisna edilmir.

Analoq.az xəbər verir ki, İnfeksionist Vüqar Cavadzadə Publika.az-a müsahibəsində ölkəmizdəki epidemioloji vəziyyəti dəyərləndirib.

Doktor, Azərbaycanda koronavirusa yoluxanların sayı hər gün daha da artır. Bu fonda qarşıdakı aylarda bizi nə gözləyir?

– Hazırda ölkəmizdə virusa yoluxanların böyük əksəriyyəti “omikron” ştamına yoluxub. Bu, bəllidir və bununla bağlı açıqlama da var. Son bir həftənin statistikasını təhlil edəndə görürük ki, yoluxmalar artmağa doğru gedir. Yoluxma sayı hələ ki, artmağa doğru gedir. Biz deyə bilmərik ki, pik nöqtəsini yaşayırıq. Ola bilsin ki, yoluxmaların pik nöqtəsi qarşıdadır. Digər tərəfdən, universitet tələbələri hələ ki, tətildədir. Fevralın 16-dan ali məktəblərdə tədris başlayanda ola bilsin ki, yoluxmalarda nisbətən artım müşahidə edilə bilər. Çünki hazırda şəhərdə avtobuslarda, qatarlarda o qədər də sıxlıq yoxdur. Dərslərin başlaması ilə ictimai nəqliyyatda da sıxlığın olacağı qaçılmazdır. Bu isə COVID-19-a yoluxmalarda artıma səbəb olacaq. Çünki “omikron” ştamı “delta” variantı ilə müqayisədə 4 dəfə daha çox yoluxuculuq xüsusiyyətinə malikdir. Bu da deməyə əsas verir ki, sıxlıq yaranarsa, xəstələnənlərin sayının artmasına gətirib çıxaracaq.

Karantin sərtləşdirilə bilərmi? Hazırkı durumda universitetlərin yoluxmalardakı rolunu qeyd etdiniz. Məktəblərin bağlanmasına ehtiyac var?

– Yoluxuculuq xüsusiyyəti yüksək olsa da, “omikron” variantı ilə xəstələnənlərin vəziyyəti “delta” ilə müqayisədə daha yüngül gedir. Böyük əksəriyyətdə isə asimptom formada özünü göstərir. Yoluxmaların çox olmasına baxmayaraq, ölüm hallarında ciddi artım müşahidə olunmur. Yəni, “omikron” ştamında qorxulu situasiya yoxdur. Buna görə də sərt qapanmalara getməyi çıxış yolu hesab etmirəm. Məktəblərin bağlanmasına gəlincə, bu, sinif və ya məktəb üzrə həyata keçirilməlidir. Əgər sinifdə aşkar olunarsa, həmin sinif 1 həftəlik bağlana bilər. Ancaq bir sinifdə 1-2 uşaqda virus aşkarlanıbsa, bütünlükdə məktəbin fəaliyyətini dayandırmaq düzgün deyil.

Bəzi insanlar üçüncü doza vaksindən ehtiyat edirlər. Ancaq fevralın 15-dən buster doza vaksin tələb olunacaq. Hazırkı epidemioloji vəziyyətdə üçüncü dozanın əhəmiyyəti nədən ibarətdir?

– Üçüncü dozanı vurduran şəxslərin “omikron” variantına qarşı təxminən 70-75% davamlı immuniteti formalaşır. Bu müddət təqribən 3-4 ay davam edir. Buna görə də buna buster doza deyirlər. Üçüncü doza vaksin olunmaqla “omikron” ştamına qarşı qoruyuculuğumuzu təmin edə bilərik. Burada qorxmağa, çəkinməyə heç bir əsas yoxdur. Sadəcə hamı vaksin olunmalıdır ki, yoluxan zaman xəstəliyi yüngül keçirsinlər. Daha çox halda isə asimptom keçməsinə yol açır. Buna görə də üçüncü doza mütləq vurulmalıdır.

ÜST elan edib ki, pandemiya bu il sona çatacaq. Bəzi alimlər isə bu fikrin əksini bildirirlər. Siz necə düşünürsünüz, pandemiya ilə nə vaxt vidalaşa bilərik?

– Pandemik infeksiyalara əvvəlcədən epidemik proqnoz vermək düzgün deyil. Bu günə kimi verilən proqnozlar da özünü doğrultmayıb. Bunun üçün də konkret deyə bilmərik ki, pandemiya yayda və ya payızda sona çatacaq. Hazırda bütün dünyada “omikron” ştamı yayılıb. Bütün ölkələrdə bu variant çox sürətlə yayılır. Məsələn, Avropa ölkələrində bir gündə 100 min yoluxma var. ABŞ-da gün ərzində 1 milyondan çox insan virusa yoluxur. Bu göstəricilərə baxaraq yaxın zamanlarda pandemiyanın bitəcəyini deyə bilmərik.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button