Cəmiyyət

Hüquqi və Demokratik İslahatlar Mərkəzi növbəti layihəsinin icrasına start verib

Bu gün Hüquqi və Demokratik İslahatlar Mərkəzi İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Agentlyinin maliyə dəstəyi ilə keçirdiyi “İnsan alverinə qarşı mübarizədə vətəndaş həmrəyliyinin artırılması” layihəsi çərçivəsində ilk tədbir keçirilib.

Jurnalistlərin, sosioloqların və ictimai fəalların iştirak etdiyi “İnsan alverinə qarşı mübarizədə həmrəy olaq” adlı dəyirmi masada çıxış edən Mərkəzin direktoru, layihənin rəhbəri İlham Əliyev bildirdi ki, bu layihə çərçivəsində 3 ay ərzində Bakı, Şirvan, Xaçmaz və Mingəçevir şəhərlərində tədbirlər keçiriləcək. Tədbirlərdə sosioloqlar, jurnalistlər, hüquqşünaslar iştirak edəcəklər.

HDİM rəhbəri problemin aktuallığına toxunaraq bildirib ki, insan alveri ilə mübqrizədə son dövrlərdə xeyli tədbirlər həyata keçirilsə də problem öz aktuallığını saxlayır: “Bu bir real faktdır ki, demokratiya, insan hüquq və azadlıqlarına hörmət bir-biri ilə üzvi surətdə bağlı olan və bir-birini şərtləndirən amillərdir. Müstəqil Azərbaycan Respublikası beynəlxalq aləmin bir hissəsi olaraq demokratiya, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində ardıcıl addımlar atır, qanunlar və qərarlar qəbul edir. Ölkəmizdə insan azadlıqlarına hörmət ən ali prinsip hesab olunur. Lakin etiraf edilməlidir ki, dövlətimiz insan hüquq və azadlıqları sahəsində nə qədər ardıcıl tədbirlər görüb, qanunlar qəbul edib, islahatlar aparsa da bu sahədə ağrılı problemlər hələ də qalmaqdadır. Xüsusilə də, insan hüquq və azadlıqları üçün qara ləkə olan insan alveri cinayətlərinin mövcudluğu ağrılı problemlərdən hesab olunur. Hazırki, mərhələ də sərhədlərin bir qədər şəffaf olması, cinayətkar qrupların diqqətini cəlb edib və bu da Azərbaycan ailə dəyərlərinə, ənənələrinə ziddi olan insan alverinin yaranmasılə nəticələnib. Etiraf edilməli fakt ondan ibarətdir ki, dövlət müstəqlliyimizin ilk illərində bu problemə lazımi diqqət yetirilməyib. Nəticədə bu problem ümumilli problemə çevrilib”.

İctimai Birliyin eksperti Qismət İsmayılov problemin qlobal miqyasda olduğunu və burada mübarizənn də genişmiqyasda aparılmasının vacibliyini deyib: “Cinayətkar qrupların artıq transmilli təşkilatlar və şəbəkələr halında fəaliyyəti onlarla mübarizənin də qlobal şəkildə, digər ölkələrlə əməkdaşlıq şəraitində aparılmasını zəruri edir. İnsan alveri sahəsində fəaliyyət göstərən qruplar heç bir sərhəd tanımırlar və bu sahədəki fəaliyyətləri onları külli miqdarda gəlirlə təmin edir. İnsan alveri ilə məşğul olan cinayətkar qruplar öz fəaliyyətləri ilə cəmiyyətdə kifayət qədər gərginlik yaradır, habelə cəmiyyətin mənəvi-etik və əxlaqi dayaqlannı sarsıdır”.

Sosioloq Elçin Bayramlı bildirib ki, insan alveri cinayətinin geniş yayılmasının əsas səbəbələrindən biri ölkə ərazisində kifayət qədər maarifləndirmə işinin apanlmamasıdır: “Çünki cinayətin qurbanları demək olar ki, əksər hallarda azyışlı qız və ya orta yaşlı qadınlardır. (18-35 yaş) Məhz yetərli maariflənmənin aparılmaması cinayətin qurbanlarının sayının artmasına xidmət edir. Kişilər də insan alverinin qurbanına çevrilirlər. Əsasən 25-40 yaş arasında olan kişiləri ucuz işçi qüvvəsi kimi istismar edirlər. Hətta ağır iş rejimi olan qapalı yerlərdə kişiləri zor gücünə işlədərək bir növ onları kölə vəziyyətinə salırlar. İnsan alverçiləri cinayət əməllərində uşaqlardan da istifadə edirlər. İnsan alverinin qurbanına çevrilən 6-8 yaş qruplarında olan uşaqlar əsasən dilənçiliyə məcbur edilirlər. Çoxlarımız küçədə, ictimai nəqliyyatda azyaşlı uşaqların dilənçilik etdiklərini görmüşük. Bu cür hallar yolverilməz olduğundan laqeyd qalmamalı və dərhal müvafiq dövlət orqanlarına məlumat verməliyik”.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button