Cəmiyyət

Dərman almağa imkanı olmayanlar nə etsinlər? – Razi Nurullayev MP

Ölkəmizdə koronavirusla paralel digər xəstəliklərin də sayı artmaqdadır. Bu gün xəstəliyini müalicə etməyə hər kəsin imkanı çatmır. Çünki dərmanların qiyməti sözün əsl mənasında “cib yandırır”. Xəstələr dərman almaq üçün kimə müraciət etməlidirlər?Məsələ ilə bağlı Milli Cəbhə Partiyası – MCPnın sədri, deputat Razi Nurullayev açıqlama verib.

O, bildirib ki, özü şəxsən dərman almadığı üçün qiymətlər barədə dəqiq məlumatı olmasa da, bu sahədə islahatlara ehtiyacın olduğu danılmazdır:

“Vitaminləri poliklinikadan verirlər. Amma ümumiyyətlə, düşünürəm ki, səhiyyə ilə bağlı məsələlərdə ciddi korreksiyaya ehtiyac var. Dərmanların qiməti, əlçatan olması, müalicənin aparılması, eyni zamanda icbari tibbi sığortanın keyfiyyəti ilə bağlı dəyişikliklər etmək lazımdır.

Açığı, xəstə olduğum müddətdə xeyli insanlardan zəng aldım. Bildirirdilər ki, onlara vitaminlər verilsə də, ümumilikdə koronavirus xəstəliyinin sağalması üçün sistem köçürülməsinə, güclü təchizata ehtiyac yaranır.

İnsanlar canlarını qorumaq üçün lazımi dərmanları özləri alırlar. Amma elə tanıdığım ailə var ki, evdə 3-4 nəfərin hamısı xəstələnib, lakin aptekdən yetərincə dərman almağa imkanları yoxdur, hər birinə cəmi bir ədəd iynə ala biliblər, o da yalnız 1 günlük. Onların ikinci iynəni alıb vurdurmağa pulları olmayıb. Mənim belə məsələlərdə ürəyim ağrıyır, eşidəndən özümə gələ bilmirəm.

Azərbaycanda, bilirsiniz, nə qədər imkansız xəstələr var?! Onların dərman almağa pulları yoxdur, qazancları daha effektli müalicəyə bəs etmir.

O səbəbdən düşünürəm ki, icbari tibbi sığorta ilə bağlı məsələlər daha da təkminləşdirilməlidir, dərmanlar əlçatan və daha keyfiyyətli olmalıdır. Bunlar çox vacib məsələlərdir”.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 1 Ortalama: 5]

Back to top button