Cəmiyyət

Vüqar Dadaşovun “Bizim tarix” kitabının xüsusiyyətləri

Tarix gərək hər zaman obyektiv, qərəzsiz və ədalətli yazılsın. Tarixi yazanın hissləri, qərəzli olduğu məqamlara subyektiv münasibəti təzahür etməsin. Ən əsası isə qələmə aldığı hadisələri və məqamları kökündən bilsin və analiz etsin. Əsrlər boyu Azərbaycan xalqının şanlı tarixi gah rus, gah da fars istilaları zamanı təhrif olunub. Sovet hakimiyyəti illərində demək olar ki, tarimar edilib. Əsl qəhrəmanlarımız gizlədilib, yalançı qəhrəman obrazları yaradılaraq xalqa sırınıb. Çünki bu yalançı obrazlı “qəhrəmanlar” rejimin ideoloji xəttinə müvafiq olan şəkildə uydurulub. Müstəqillik illərimizdə belə bu təhriflərdən əsl tariximizi təmizləmək hələ də tam mümkün olmayıb.

Milli Cəbhə Partiyasının Siyasi Şurasının üzvü, hüquqşünas, Qarabağ qazisi Vüqar Dadaşovun yazdığı “Mənim düşüncəm” və “Bizim tarix” kitablarında qeyd edilən tarixi məqamlar, hadisələr məhz arzuladığımız əsl tariximizin önəmli hissəsi hesab edilə bilər. Ona görə ki, Vüqar Dadaşov bilavasitə Qarabağ savaşında Daxili Qoşunların əməkdaşı kimi əvvəldən sonadək iştirak edib, bir çox hadisələrə birbaşa özü şahidlik edib. Digər yöndən isə Vüqar Dadaşov peşəkar hüquqşünasdır.

Qələmə aldığı hadisələrin gerçəkliyini, sübutları, faktları hüquq süzgəcindən keçirib qeyd edib. Siyasi analizlər, reallıqlar, Rusiya, İran faktoru, regionun vacib məsələləri obyektiv şəkildə qeyd edilən kitabda eyni zamanda dinimizin, inancımızın əslinə, özəyinə, türkçülüyümüzə də güzgü tutulub. Türk millətinin qədim dini inancına uyğun olan etiqadımız haqqında ətraflı mülahizələr aparılıb. Müəllifin məhz tanınmış seyid nəslinə mənsub olması baxımından bu mövzunu daha dərindən işləməsini labüdləşdirib.

Milli ruhumuzun dirçəlməsi, dini, mənəvi etiqadımızın dirildilməsi, dövlətçilik ənənələrimizin yaşadılması sarıdan önəmli mövzulara toxunan Vüqar Dadaşovun ikinci kitabını, birinci kitabı “Mənim düşüncəm” in silsiləvi davamı hesab etmək olar.
Tarix şübhəsiz ki, hadisələrin müasirləri tərəfindən yazılanda təsirli olur.

Ancaq bir faktı da unutmaq olmaz ki, həmin tarixi sürəc başa çatmadan tarixi qiymətləndirmək naqis olur. İbn Xəldun yazırdı ki, hər hansı bir tarixi sürəc başa çatmadan onu xarakterizə etmək mümkün deyil. Çünki proseslər davam edir. O zaman dəyərləndirmək mükəmməl ola bilir ki, həmin proseslər tam başa çatsın.

Məhz bu prizmadan yanaşanda müəyyən proseslərin başa çatması, Qarabağ savaşının nəticələri, işğalda olan torpaqların qaytarılması artıq tarixi nəticə hesab edilə bilər. Müəllif də sırf bu nəticələrdən bəhs edib və qarşıdakı hadisələrin də gələcəkdə gedən proseslərə uyğun dəyərləndirilməsinə yer saxlayıb.
Ümumiyyətlə gənclərimizin, gələcək nəsillərin maariflənməsi üçün bu əsəri təqdirəlayiq hesab edirəm. Hər kəsin bu kitabı oxuması, qeyd edilən hadisələri analiz etməsi, nəticə çıxarması lazımdır.

Çünki müasir tariximizi bilmək, gələcəyə ötürmək hər birimizin borcudur.

Tural İrfan

İlahiyyatçı-yazar, AMEA-nın Z. Bünyadov adına Şərqşünaslıq İnstitutunun dissertantı

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button