Cəmiyyət

“İş və evlilik adı ilə xaricə aparılanların çoxu insan alveri qurbanına çevrilir” – MÜZAKİRƏ

Bu gün Hüquqi və Demokratik İslahatlar Mərkəzi İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Agentlyinin maliyyə dəstəyi ilə keçirdiyi “İnsan alverinə qarşı mübarizədə vətəndaş həmrəyliyinin artırılması” layihəsi çərçivəsində növbəti tədbir Bakı şəhərində keçirilib.SIA xəbər verir ki, jurnalistlərin, sosioloqların və ictimai fəalların iştirak etdiyi “İnsan alverinə qarşı mübarizədə gənclərin rolunun artırılması” adlı dəyirmi masada çıxış edən layihənin rəhbəri, HDİM sədri İlham Əliyev bildirib ki, dövlət insan hüquq və azadlıqları sahəsində ardıcıl tədbirlər görüb, qanunlar qəbul edib, islahatlar aparsa da bu sahədə ağrılı problemlər hələ də qalmaqdadır: “İnsan hüquq və azadlıqları üçün qara ləkə olan insan alveri cinayətlərinin mövcudluğu ağrılı problemlərdən hesab olunur. Hazırki dövrdə bu sahədə dünyada münbit şəraitin yaranması cinayətkar qrupların diqqətini cəlb edib və bu da Azərbaycan ailə dəyərlərinə, ənənələrinə ziddi olan insan alverinin daha da aktuallaşması ilə nəticələnib. Bu səbəbdən də təşkilatımız bu sahədə əlindən gələni etməyə çalışır ki, bu problemin həlinə öz töhfəmizi verə bilək”.

Sağlam Cəmiyyət Hərəkatının eksperti, sosioloq-jurnalist Elçin Bayramlı isə, problemin yaranmasının səbəblərinə toxunub. Ekspert deyib ki, insan alverinin qurbanları əsasən iş adı ilə aldadılıb xaricə aparılanlar üstünlük təşkil edir: “Xüsusilə də, qadınları iş və ya evlilik adı ilə xarici ölkələrə aparıb, cinsi istismara məruz qoyurlar. Belə şəbəkələr əsasən yoxsul, işsiz insanlar kateqoriyasına üz tutur, sosial şəbəkələrdə onları cəlbedici vədlərlə tora salır. Bundan başqa, həmin şəbəkələrin kişi üzvləri qadınları ailə qurmaq adı ilə aldadır, onları xarici ölkəyə aparıb orada cinsi istismara məruz qoyur”.

Sosioloq qeyd edib ki, il ərzində ölkədə hüquq mühafizə orqanları tərəfindən 300 civarında belə fakt qeydə alınır ki, xaricə aparılan insan alveri qurbanlarının təxminən yarısı Türkiyənin, digər yarısı isə, BƏƏ, Səudiyyə, Qətər, İran və s. ölkələrin payına düşür. Bunun qarşısını almaq üçün maarifləndirmə işləri ilə yanaşı həm də xüsusi dövlət xidməti yaradılmalı və xaricə iş və ya evlilik təklifi alanlar oraya müraciət edib ətraflı məlumat əldə etməlidirlər”.

“Səs” Tv-nin baş redaktoru Cabir Məmmədov qeyd edib ki, bu sahədə maarifləndirməyə və belə hallarla mübarizəyə böyük ehtiyac var. O, bildirib ki, insan alveri dünyanın ən böyük problemlərindən biridir və bu problemin həllində həm dövlət, həm cəmiyyət, həm də ictimai təşkilatlar və media birgə və fəal işləməlidir. Jurnalist bu mövzu ilə bağlı Səs Tv-də mütamadi olaraq verilişlərin hazırlandığını və ekspertlər tərəfindən tamaşaçıların maarifləndirildiyini bildirib.

Problemin digər tərəfinə, sahibsiz uşaqların istismarına toxunan Beynəlxalq Əlillər Cəmiyyətinin (BƏC) sədri Tahir Xuduyev qeyd etdi ki, bu hallara qarşı biz bir vətəndaş olaraq biganə qalmamalıyıq: “Bir çox hallarda uşaqların diləndirilməsi faktlarına rast gəlirik, elə hallarla rastlaşdıqda mütləq müvafiq orqanlara xəbər verməliyik. Həmin uşaqlara pul verməklə biz onların diləndirilməsi üçün stimul yaradırıq. Əgər heç kim uşaqlara pul verməsə həmin cinayətkar şəbəkə onları diləndirməyin faydalı olmadığını görüb bu işdən çəkə bilərlər”.

AzTv-nin əməkdaşı Zərifşan Ağayeva insan alveri ilə bağlı faktların əsasən gənclərə çatdırılmasının, onların bu cinayətkar şəbəkənin tələsinə düşməməsi üçün kifayət qədər məlumatlı olmasının bu hallarla mübarizədə əsas rol oynadığını deyib. Qeyd edib ki, belə hallarla qarşılaşdıqda dərhal hüquq mühafizə orqanlarına məlumat verilməsi bu cür cinayətkarların vaxtında aşkar edilməsini təmin edər və onların başqalarına zərər verməsinin qarşısı alınmış olar.

Dəyirmi masada elmi və ictimai təşkilatların nümayəndələri Xatirə Cabbarzadə (AMEA), Nəzakət Bayramova (müəllimə), Nizami Əfəndiyev (BƏC), Qismət İsmayılov (HDİM-in eksperti), Vəli Vəliyev (SİA-nın icraçı direktoru), Davud Mahmudzadə (idmançı), Zümrüd Bayramova (jurnalist), Murad Mahmudov (Səs Tv), Nemət İsmayılov (tələbə) və başqaları da çıxış edib mövzu ilə bağlı fikirlərini bildiriblər. Mövzu ətrafında geniş müzakirələr aparılıb, dünya ölkələrinin bu sahədəki təcrübəsindən danışılıb və Azərbaycanda bu istiqamətdə həyata keçirilən tədbirlərin əhəmiyyəti qeyd olunub.

Tədbir iştirakçıları olan gənclərin mövzu il bağlı sualları ekspertlər tərəfindən cavablandırılıb.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button