Manşet

1 manatın dərdi……

Xeyr, 1 manatın dərdini sadə vətəndaş çəkmir, ona görə ki, sadə vətəndaş mərddir, comərddir və əlində olan sonuncu qəpiyini belə digəri ilə paylaşa bilər və paylaşır da. Demirəm ki, sadələri arasında, elə imkanlılar içində də mərdləri kifayət qədərdir, əlbəttə ki, bəzilərini də çıxmaq şərti ilə. Ancaq mən bu dəfə heç də insani keyfiyyətlərə xas olan məziyyətlərdən danışmaq, daha doğrusu isə yazmaq fikrində, düşüncəsində deyiləm. Məsələ başqadır…

Məsələ ondadır ki, bir manatın dərdini çəkənlər bir sıra qurumlardır və bu qurumlar əllərinə düşən hər fürsətdən maksimum istifadə edərək, sadəcə, vətəndaşların, sözün əsl mənasında, əsəbləri ilə oynayırlar. Elə götürək ödəmə terminallarının oyunbazlığını. Nə baş verir? Demək, bir çoxlarının da məlumat aldıqları kimi, “Milliön” və s. ödəmə terminallarında bundan sonra vətəndaşlardan 1 manat xidmət haqqı tutulacaqmış. Özü də yalnız bu ödəmə terminalı deyil, gələcəkdə digər ödəmə terminalları da bu vasitəyə keçəcəklər. Bunu “Milliön” müştəri xidmətlərinin rəhbəri Ülviyyə Əfəndiyeva “Xəzər” televiziyasının “Birinci studiya” verilişində deyib. “Hazırda yalnız “Azərişıq” qeyri-əhali ödənişlərində müştərilərdən borcdan əlavə 1 AZN ödəmə olmalıdır. Bu xəbərdarlıq kimi bütün terminalların, aparatların üzərində həmin xidmətə daxil olaraq monitorda qeyd olunub. Bu qərar “Milliön” və “Azərişıq” arasında qarşılıqlı razılaşma əsasında qəbul edilib. Bu, yalnız “Milliön” köşklərinə şamil olunmur. Ümumi olaraq “Azərişıq” tərəfindən tətbiq olunan razılaşma əsasında rəqib şirkətlərə də şamil edilir”, – deyə Əfəndiyeva qeyd edib. Deyib və…

Və sanki bu adamlar xalqa xoş xəbər veriblər ki, bəs ay camaat, duydum-duymadım deməyin, daha bundan sonra işıqpulu ödəyərkən, xidmətinə görə “Milliön”ə əlavə 1 manatda bəxşeyiş verəcəksiniz, əks halda, dövlətin satdığı işığın ödənişini edə bilməyəcəksiniz! Təsəvvürünüzə gətirin, sosial durumu normal olmayan vətəndaş qəpik-qəpik yığdığı vəsaiti aparır “Azərişıq”a köçürməyə və görür ki, terminal ondan əlavə bir manat tələb edir, onun əlavə 1 AZN-i isə yoxdur! Nə etsin binəva? Axı başqa nə edə bilər ki? Məcbur qalıb iki çörəyinin pulunu yedizdirəcək möhtərəm, möhtəşəm “Milliön”ə, yaxud da çox hörmətli “Azərişıq”a. Sonradan isə dəyərli “Azərqaz”, mötəbər “Azərsu” və s. və i… Mən hələ əlavə 1 AZN-i tapa bilməyənin dərdini demirəm..! Məqsəd nədir? Məram nədir? Bəyəm, indiyə qədər vətəndaşdan 1 AZN əlavə ödəmə haqqı tutulmurdusa, bundan sonra həmin haqqın tutulmasına birdən-birə nə hacət yarandı ki?

Gəlin açıq deyək, məgər “Azərişıq”ınmı, yoxsa “Milliön”lərinmi vətəndaşların ciblərində qalan əlavə 1 AZN-ə ehtiyaclarımı var? Yoxsa gələcəkdə bu “ehtiyac” digər strukturlarda da yaranacaq? “Dərdləri”, “problemləri” bu qədərmi çoxdur ki, indi də bu kimi anlaşılmaz vasitələrlə gözlərini sadə vətəndaşların, vergi ödəyicilərinin ciblərinə dikməyə başlayıblar?

Azərbaycanın sadə vətəndaşı həmin vətəndaşdır ki, istər pandemiyanın qarşısına çıxardığı ağır sınaqlardan dövlətinə dəstək göstərərək çıxır, Azərbaycanın sadə vətəndaşı həmin vətəndaşdır ki, Vətən müharibəsində son tikəsini, isti geyimini, çörəyini əsgəri ilə bölüşdü, Azərbaycanın sadə vətəndaşı həmin vətəndaşdır ki, imkanı olan harınlardan fərqli olaraq, pulunu gizlətmədi, şəhid və qazi ailələrinə yardım məqsədi ilə yaradılan fondlara pensiyasını, maaşını son qəpiyinə qədər verdi heç “uf” da demədi, heç deməz də!

Bəlkə də (bu mənim ehtimalımdır-R.R.) həmin o “Milliön”, yaxud digər ödəmə terminalları onlarla əməkdaşlıq edən və edəcək kommunal xidməti göstərən qurumlarla yardım fondlarına köçürdükləri vəsaitləri, məhz bu cür yollarla geri qaytarmağı planlaşdırırlar – vətəndaşların 1 manatlarına göz dikməklə və əgər belədirsə, daha deməyə söz də qalmır. Görünür, 1 manatlıq dərdləri çox imiş, nə etsinlər, ümid qalır manatları vətəndaşdan qoparmağa ki, artıq bunun da necə deyərlər, “ucu qoyuldu”…

Rövşən RƏSULOV

P.S. Əslində, belə bir “ideyanın” kimlər tərəfindən və daha hansı səbəblərə görə ortaya atılmasını da araşdırmaq lazımdır və sual etmək də gərəkdir ki, axı belə bir düşüncəsiz və heç də vətəndaşın deyil, məhz özlərinin şəxsi mənfəətlərinə cavab verən “tədbirin” tətbiq edilməsi nə qədər vacib bir tələbə çevrilib? Yəqin ki, bu məsələnin də səsi bir lətifədə deyildiyi kimi, sabah çıxcaq.

Rövşən RƏSULOV

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button