Cəmiyyət

İnsan alveri: kim satır, kim alır? – ANALİZ

Normal insan cəmiyyətinin və ailə institutunun dayaqlarına, dolayısı ilə genefonda ağır zərbə vuran fahişəliliyin artması insan alveri predmeti kimi ictimai təhlükə kəsb edir. Ölkədən asılı olaraq, fahişəlik ya leqaldır (əksər qərb ölkələrində və s.) ya da hətta ölüm cəzası ilə cəzalandırılır (bəzi ərəb ölkələrində).

Bir sıra ölkələrdə isə fahişəlik leqal olaraq ciddi surətdə qaydaya salınır, məsələn İsveçrədə. Türkiyədə küçə fahişəliyi leqal deyil, lakin dövlət fahişəxanaları leqaldır. İranda isə, fahişəliklə məşğul olan qadını daşlanma və ölüm cəzası gözləyir.

Fahişəliyə ziddiyyətli münasibətlərin əsas səbəbləri arasında qanunsuz insan traffiki, köləlik və cinsi yolla keçən xəstəliklərdir. Son vaxtlar hər 3 istiqamətdə də problemlər kəskinləşdiyindən problem daha da aktuallaşb.

Hazırda fahişəliyin yayılması ABŞ, Rusiya və Avropa ölkələrində daha çox müşahidə olunur. Lakin bir sıra islam ölkələrində fahişəliyin dini qaydalara uyğun leqallaşdırılması mövcuddur. Belə ölkələrdə siğə adı ilə müvəqqəti (hətta bir neçə saatlıq) evliliklərə icazə verilməsi də fahişəliyin nəzarət alınması cəhdlərindən başqa bir şey deyil.

Bəzi ərəb ölkələrində geniş tətbiq edilən “mutaa” müvəqqəti nikahdır, burda tərəflərin heç bir məsuliyyəti yoxdur, siğə üçün molla da lazım deyil. Müqavilə çox sadədir: qadın deyir ki, “mən filan müddətə, filan mükafata sənə ərə gedirəm”, kişi cavab verir ki, “mən qəbul edirəm”. Siğənin müddəti danışıqdan asılıdır, 1 saat da ola bilər, 1 il də.

Fahişəlik, dolayısı ilə insan alveri mövzusu Azərbaycan üçün də ciddi problem kimi qalır. Hesablamalara görə, hər il Azərbaycandan təkcə Türkiyəyə əxlaqsızlıq məqsədilə 2000-dən çox qadın aparılır. Ərəb ölkələrinə də böyük qadın trafiki var.

Qadınların demək olar ki, yarıdan çoxu işləmək və işlə təmin ediləcəyi barədə vədlərə inanaraq könüllü gedirlər. Ora çatandan sonra isə şəxsiyyət sənədləri əllərindən alınır və məcburən fahişəlik etdirilir.

Ölkənin daxilində də, qadın alveri halları artır. Bunu adi gözlə də müşahidə etmək mümkündür. Bakıda küçə fahişəliyi ilə məşğul olanların çoxu kimlərsə tərəfindən istismar olunur.

Bızi qızlar və qadınlar peşəkar fahişələrin və ya insan alveri ilə məşğul olan insanların təsir dairəsinə düşür. Nəticədə, onlar məcburi fahişəliklə məşğul olur.

Son vaxtlar isə sosial şəbəkələrdə həm qeyri-rəsmi fahişəxanalar, həm də qadınların özləri açıq şəkildə müştəri axtarır və bu haqda elan verirlər. Belə halların sayı getdikcə daha kəskin şəkildə artır.

Fahişəliyə səbəb yaradan əsas məqamlar sosial problemlər hesab olunur. Adətən, bu problemin kökündə işsizlik, maaşların az olması, erkən nigah, ailə zorakılığı, boşanmalar durur.

Lakin başqa səbəblər də var. Cəmiyyətdə mənəvi dəyərlərin sürətlə dəyişməsini, başqa sözlə azad cinsi münasibətlərə baxışın yumşalmasını da buraya əlavə etmək olar. Burda televiziyaların böyük və əvəziedilməz rolu var.

Aparılan tədqiqatlara görə, fahişəliklə məşğul olan qadınların 80 faizdən çoxunu əks cins nümayəndələri tərəfindən “evlənəcəyik” yalanı ilə aldadılaraq bakirəliyi əlindən alınmışlar təşkil edir. Bir səhv bir insanın həyatının məhv olmasına səbəb olur.

Yeniyetmə yaşda həyat təcrübəsi olmayan sadəlövh qızların aldadılması onların həyatının qalan hissəsini pritonlarda keçirməyə gətirib çıxarır. Qız uşaqları üzərində valideyn nəzarətinin zəif olması, məcburi və ya təsadifi evliliklər, zorlamalar fahişələrin sayının artmasına səbəb olur. Ən təəssüf edici hal odur ki fahişəliyə başlama yaşı getdikcə azalır.

Ölkəmizdə qeyri-leqal fəaliyyət göstərən pritonların sayı-hesabı bilinmir. Bunların çoxu restoran, kafe, otel adı ilə fəaliyyət göstərir. Bu da insan alverinin inkişafına şərait yaradan faktorlardandır. Buna qarşı həm dövlət, həm cəmiyyət, həm media səviyyəsində mübarizə aparılmalıdır.

Elçin Bayramlı

PS. Yazı Hüquqi və Demokratik İslahatlar Mərkəzinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə  dəstəyi  ilə həyata  keçirdiyi  “İnsan alverinə qarşı mübarizədə vətəndaş həmrəyliyinin artırılması” layihəsi çərçivəsində hazırlanıb.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button