Cəmiyyət

Məşğulluq mərkəzlərinin regional edilməsi işsizlər üçün yaradılan problemdir – TƏHLİL

Aldığım məlumata görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Məşğulluq Agentliyində yenidən struktur “islahatları” aparılacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin əmri ilə 22 şəhər və rayon üzrə Ərazi Məşğulluq filialı ləğv olunub. Bunun yerinə 14 ərazi üzrə yeni qurum yaradılıb.

Yeni qurumların Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq qurulacağı deyilir.

Qeyd edək ki, 2020-ci ilin iyul ayında nazir Sahil Babayevin əmri ilə 78 şəhər və rayon üzrə Məşğulluq Mərkəzləri ləğv olunaraq 22 ərazi üzrə yeni qurum – Ərazi Məşğulluq filialları yaradılmışdı.

İqtisadi rayonlar üzrə bögü belədir:

Bakı iqtisadi rayonu üzrə Ərazi Məşğulluq Mərkəzi (Bakı şəhəri);

Naxçıvan iqtisadi rayonu üzrə Ərazi Məşğulluq Mərkəzi (Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonları);

Abşeron–Xızı iqtisadi rayonu üzrə Ərazi Məşğulluq Mərkəzi (Sumqayıt şəhəri, Abşeron və Xızı rayonları);

Dağlıq Şirvan iqtisadi rayonu üzrə Ərazi Məşğulluq Mərkəzi (Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayonları);

Gəncə–Daşkəsən iqtisadi rayonu üzrə Ərazi Məşğulluq Mərkəzi (Gəncə və Naftalan şəhərləri, Daşkəsən, Goranboy, Göygöl və Samux rayonları);

Qarabağ iqtisadi rayonu üzrə Ərazi Məşğulluq Mərkəzi (Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları);

Qazax–Tovuz iqtisadi rayonu üzrə Ərazi Məşğulluq Mərkəzi (Ağstafa, Gədəbəy, Qazax, Şəmkir və Tovuz rayonları);

Quba–Xaçmaz iqtisadi rayonu üzrə Ərazi Məşğulluq Mərkəzi (Xaçmaz, Quba, Qusar, Siyəzən və Şabran rayonları);

Lənkəran–Astara iqtisadi rayonu üzrə Ərazi Məşğulluq Mərkəzi (Astara, Cəlilabad, Lerik, Lənkəran, Masallı və Yardımlı rayonları);

Mərkəzi Aran iqtisadi rayonu üzrə Ərazi Məşğulluq Mərkəzi (Mingəçevir şəhəri, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax və Zərdab rayonları);

Mil–Muğan iqtisadi rayonu üzrə Ərazi Məşğulluq Mərkəzi (Beyləqan, İmişli, Saatlı və Sabirabad rayonları);

Şəki–Zaqatala iqtisadi rayonu üzrə Ərazi Məşğulluq Mərkəzi (Balakən, Qax, Qəbələ, Oğuz, Şəki və Zaqatala rayonları);

Şərqi Zəngəzur iqtisadi rayonu üzrə Ərazi Məşğulluq Mərkəzi (Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları);

Şirvan–Salyan iqtisadi rayonu üzrə Ərazi Məşğulluq Mərkəzi (Şirvan şəhəri, Biləsuvar, Hacıqabul, Neftçala və Salyan rayonları).

Hesab edirəm ki, nazirin bu islahatı islahat yox müşkilatdır. Həm nəsə iş görmək xatirinə, fəaliyyət xatirinə görülən işdir. Həm də işsizliyin yox, işsizlərin “ləğv” olunması deməkdir. Onsuz da indiyəcən Məşğulluq idarələri işsizlərin həyatında o qədər də qənaətbəxş, tərifli rol oynamayıb. İndi tutaq ki, Zaqatalanın ucqar bir kəndində iş axtaran bir şəxs öz rayonunda iş tapmaq üçün gəlməlidir rayon mərkəzinə, oradan da Şəki şəhərinə. Oradakı regional məşğulluq mərkəzi də ona iş tapacaq, tapmayacaq bu da məlum deyil. İşi, yol pulu olmayan, kasıb adam, bəlkə də ömründə öz rayonundan kənarı tanımayan vətəndaş Zaqatalanın ucqar kəndindən Şəkiyə necə gedəcək dəfələrlə? Yaxud ona iş təklif olunanda hansı rayonda təklif olunacaq? Həmin iqtisadi rayonların tərkibinə daxil olan rayonların birində? Maaşı nə qədər olacaq? Məlum deyil. Ancaq o məlumdur ki, məşğulluq mərkəzlərinin təklif etdiyi işlər heç kəsi qane etmir. Bu baxımdan da bu idarələr lazımsız bir qurum kimi qalmışdı. Cənab Sahil Babayev gərək həqiqəti desin ki, əslində bu idarələrin sayını azalmaqda məqsəd onların artıq işsizlər üçün rolunun qalmamasıdır.

Yoxsa bunu islahat saymaq gülüncdür. Bu cür olduqda artıq indiyəcən yenə yol azıb o idarələrə gələn azsaylı işaxtaranlar da gəlməyəcək. Çünki kimsə inanırmı ki, Xızıda işsiz, pulsuz vətəndaş Sumqayıt məşğulluq idarəsinə gələcək ki, o idarə ona Abşeronun Saray qəsəbəsində 270 manatlıq iş təklif edəcək?

Yaxud Gədəbəyin İnəkboğan kəndindən kimsə durub qarı yara-yara, min cür məşəqqət və borc-xərclə Qazaxa məşğulluq idarəsinə pənah gətirəcək ki, o idarə də ona Qazaxın Daş Salahlı kəndində ona bir iş təklif edəcək?

Bu, işsiz insanların vəziyyətini ağırlaşdırmaq yolu ilə məhvə aparmaqdır. Yəni, bizdən əl çəkin. Çünki Sahil Babayev özü də bilir ki, o adamlar, işsiz və pulsuz durumda o rayonlara iş üçün gedəsi deyil.

Tural İrfan
Milli Cəbhə Partiyasının sədr müavini

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 1 Ortalama: 5]

Back to top button