CəmiyyətMədəniyyət

DÜNYA ŞÖHRƏTLİ BƏSTƏKAR – FİRƏNGİZ ƏLİZADƏ

Musiqi mədəniyyətində dahi Üzeyir Hacıbəylidən başlayaraq onun yolunu layiqincə davam etdirən neçə-neçə sənətkarlar var ki, onların əsərləri vətənimizin hüdudlarını aşaraq dünyanın bir çox ölkəsində tanınır. Belə sənətkarlardan xalq artisti, YUNESKO-nun “Sülh” artisti, AMEA-nın müxbir üzvü, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, professor Firəngiz Əlizadənin yaradıcılığını qeyd etmək yerinə düşərdi. Bəstəkarın əsərləri dünyanın məşhur ifaçıları, simfonik orkestrləri tərəfindən ifa olunmuş, böyük alqışlarla qarşılanmışdır.

Belə ki, may ayınıın 20-si Azərbaycan Bəstəkarlar İttifaqının konsert zalında bəstəkar Firəngiz Əlizadənin yaradıcılığı ilə bağlı çəkilmiş sənədli filmin təqdimatı oldu.

Sənədli filmdə bəstəkarın əsərlərinin məşhur, tanınmış orkestrlər, ifaçılar tərəfindən ifası, elm və incəsənət xadimlərinin Firəngiz xanım haqqında söylədikləri ürək sözləri öz əksini tapıb. Tədbiri Firəngiz xanım açaraq hamını salamlayıb, film haqda qısa da olsa fikirlərini söylədi. Məhz filmdəki istifadə olunmuş materiallar müxtəlif illərin yaradıcılıq məhsuludur. Xalq artisti Habil Əliyevin, Arvo Pyatın, Mstislav Rastropoviçin, Qalina Mikeladzenin, İrina Şostakoviçin və bir çox elm xadimlərinin Firəngiz xanım haqda çıxışları filmə daxil edilib.

Bəstəkarın film boyunca “Habilsayağı”, Xalq artisti A.Qasımovun ifasında səslənən məşqdən “Dərviş”, “Gitara üçün Fantaziya”, “Muğam Sayağı”, “Nağıllar”, “Dəniz”, “İthaf”, “Nasimi Passion”, “İntizar” operasından fraqmentlər təqdim olundu. Bu əsərlər “Amsterdam Royal Concertgebouw” konsert zalında, Almaniya, İsveçrə, Paris, Portuqaliya, Argentina, Tilisi, Sankt-Peterburq şəhərlərinin konsert zallarında böyük təntənə ilə səslənib.

Filmdə 2007-ci ildə bəstəkara YUNESKO-nun “Sülh” artisti, 2019-cu ildə isə “Ağa Xan” mükafatları ilə təltifi də yer almışdı.

Tədbirdə Millət vəkili Razi Nurullayev, akademiklər Oqtay Mirqasımov, Fuad Məmmədov, Elmira Suleymanova, digər elm və incəsənət xadimləri, bəstəkarlar, musiqişünaslar, ifaçılar iştirak edirdilər.

Tədbir gözəl gül cələngləri və əks-sədalı alqışlarla başa çatdı.

Nəsirova Fidan
Ü.Hacıbəyli adına Elmi-tədqiqat
laboratoriyasının elmi işçisi,
musiqişünas

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button