Cəmiyyət

Son günlər hamını düşündürən mövzu-“Mikroçiplər dünyanı idarə edəcəkmi?”

Konspiroloji nəzəriyyə tərəfdarları koronovirus pandemiyasının yayılmasında dünya elitasının birbaşa rolunun olduğunu iddia edirlər. Onların fikrincə, Bil Geyts, Varren Baffet və Rokfeller klanının ümumi məqsədi dünyada kütləvi peyvəndləmə keçirməkdir. Nəticədə əhalinin 15-95%-nin ölümünə nail olmaq, sağ qalanları isə bədənə yeridilən mikroçip və 5G şəbəkəsinin köməyi ilə idarə etmək mümkün olacaq.

Bu arada mikroçiplərin nəyə lazım olduğu, harada istifadə edildiyi, niyə belə qorxu doğurduğu sualı yaranır. Mikroçip nədir və dünyanın hansı ölkələrində geniş istifadə edilir?

İsveçdə qanun çiplərdən istifadəyə icazə verir

İlk dəfə mikroçipi 1958-ci ildə Nobel mükafatı laureatı, amerikalı fizik Con Kilbi icad edib. Mikroçiplər 11,5 mm ölçüsündə insanın baş və ön barmağı arasına implant kimi yerləşdirilir.Oxunma cihazı vasitəsi ilə şəxsin bütün məlumatı çiplərdən ötürülür. Çiplər ictimaiyyətdə birmənalı qəbul olunmur.

Bir sıra ölkələrdə çiplərlə bağlı qanun layihələri hazırlanır. İsveçdə isə qanun çiplərdən istifadəyə icazə verir və kifayət qədər geniş yayılıb. İsveçin “Biohax International” şirkəti maliyyə əməliyyatı aparmaq və başqa məlumatı əldə etmək üçün mikroçipləri patentləşdirib. Hazırda “Biohax International” şirkəti Avropada və İsveçdə 4000 şəxsə çip yerləşdirib.

İsveçli araşdırmaçı jurnalist Edvin Blək qeyd edir ki, insanlar bəzən bu kiçik çiplərdə daim nəzarətdə olacağından qorxurlar. Avropa qanunvericiliyinə görə, hər bir vətəndaşı öz bədəninin toxunulmazlığı hüququ var və şirkətlər işçini çip yeridilməsinə məcbur edə bilməzlər. Bu texnologiya, xüsusən Çin kimi totalitar rejimli ölkələrdə geniş tətbiq olunarsa, xeyli fəsadı ola bilər.

Çiplərin müasir dövrdə müsbət cəhətləri çoxdur

Çiplər tək insan üzərində deyil, heyvanlar üzərində tətbiq olunur və itən heyvanları sahibinə aid olması haqqında məlumat əldə etməyə kömək edir. İsveçin “Nordic Velnes” idman salonlarında çipləri şəxsi məlumata giriş, açar və parol kimi tanımaq üçün istifadə edirlər. İstifadəçilər çipləri elektron açarlardan daha etibarlı hesab edirlər.

“LifeSiteNews”un baş redaktoru Con Henri Vesten çox uzaq gələcəkdə qanunlara tabe olan vətəndaşların yalnız belə bir çip vasitəsi ilə ticarətlə məşğul olacağını söyləyib.

Bu gün İsveçin “Österlund” və “Sjöblad” şirkətinin öz mikroçipləri var. “Sjöblad” çipləri dərinin altına qoyaraq məlumat toplamaqla insan sağlamlığı üçün faydalı hesab edir: “Bir iPhone ilə sürüşdürün və qanın oksigenləşməsini, temperatur rejimini, ürək dərəcəsini, nəfəs rejimini müəyyən əldə edə bilərsiniz”.

İsveçli iş adamı «Biohax International» şirkətinin sahibi, «çip inqilabı»nın müəllifi Covan Österlund qeyd edir: “Milli dəmir yolu artıq çiplərə uyğunlaşdırılıb və bir ölkə olaraq 2023-cü ilədək tamamilə nağdsız ödəmələr planlaşdırır”.

ABŞ-da və İsveçdə işəgötürən firmalar da artıq işçilər haqqında bütün məlumatı çiplər vasitəsi ilə alır. 2017-ci ilin noyabr ayından İsveçin “TUI Nordic” şirkətinin ilk çip istifadəçisi Aleksandr Huber əlindəki çipi ofisdə qapıları açmaq, printerləri aktivləşdirmək və kabinetlərdə, qəlyanaltı avtomatlardakı elektron kilidləri açmaq imkanı verdiyini qeyd edib. Əvvəllər o, şənbə günü ofisə gələndə nişanını unutsaydı, çöldə qalardı. Çiplə bu problem artıq yoxdur. Huber əlaqə nömrələri ilə yanaşı çiplərə sosial şəbəkə ünvanlarını da əlavə edib.

İsveçlilər Avropada çox öndədir

2018-ci ildə Avropa parlamenti çiplərin işçilərin üzərinə yerləşdirilməsi ilə bağlı sifarişlər edib. ABŞ-da çipi insanın bədəninə məcburi yeritməyin əleyhinədir.

Hazırda dünyada çipin 125000 istifadəçisinin 4000-dən çoxu İsveçin payına düşür. İsveçin “TUI Nordic” şirkətinin 500 işçisindən 115-i könüllü şəkildə çiplərdən istifadə edir. Hər bir çip 50-90 avroya başa gəlir, şirkət bunu öz öhdəsinə götürüb. İsveçdə çiplər texnologiyası artıq dəb halına gəlib. Buna görə də rəqəmsal texnologiya və səlahiyyətlərə ölkədə etibar yüksəkdir. Hazırda nağdsız ödəmələrə görə isveçlilər Avropada çox öndədirlər.

Aynurə Niyazqızı

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button