RegionSiyasət

Ermənilərin Qazax – İcəvan oyunu – arxasında kim və nə dayanır?

“Ermənistan Azərbaycanla Türkiyə arasında nəqliyyat əlaqələrinin qurulmasına heç vaxt özbaşına getməyəcək”

Ordumuzun möhtəşəm qələbə əldə etdiyi 44 günlük Vətən müharibəsinin yekununda 2020-ci ilin 10 noyabrında Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının imzaladığı üçtərəfli bəyanatın müddəalarının icrası prosesində çətinliklər yaranıb. Söhbət sənəddə əksini tapan Azərbaycanla Ermənistan arasında kommunikasiyaların açılmasını nəzərdə tutan müddəadan gedir.

Qeyd edək ki, bəyanatın həmin müddəasının icrası məqsədilə üçtərəfli işçi qrupu yaradılıb, bir neçə dəfə görüş-müzakirələr keçirilib. Yanvarda baş nazir müavinlərinin iştirakı ilə keçirilən ilk iclasdan sonra məlum oldu ki, Ermənistan tərəfi kommunikasiyaların açılması ilə bağlı nəzərdə tutulan addımları atmaqdan yayınmağa çalışır. Rusiyanın “Kommersant” qəzetinin yazdığına görə, tərəflər arasında əsas mübahisə mövzusu avtomobil və dəmir yolu xətlərinin keçəcəyi marşrutlarla bağlıdır. Belə ki, İrəvan Azərbaycanın əsas ərazisi ilə Naxçıvanın birləşməsi üçün şimal dəhlizi (Qazax-İcevan-İrəvan-Naxçıvan) istiqamətindəki dəmir yolu xəttinin işə salınmasını istəyir. Azərbaycan isə daha qısa və sərfəli Zəngilan-Mehri-Naxçıvan marşrutuna üstünlük verir.

Azərbaycanla Ermənistan bu məsələni müzakirə edir - Erməni qubernator

Bu barədə həmin ərəfədə Ermənistanın Tavuş bölgəsinin qubernatoru Ayk Çobanyan mətbuata verdiyi açıqlamada qəzetin yazdığını faktiki olaraq təsdiqləmiş olub: “Ermənistanın Tavuş bölgəsindən keçən dəmir yolu xəttinin açılışı Yuxarı Larsa alternativ ola bilər və Gürcüstanın Poti limanina yolu qısaldar. Hazırda Azərbaycanla dəmir yolunın açılması işçi qaydada müzakirə mərhələsindədir”. O, baş nazirin müavini Mqer Qriqoryanın “Azərbaycan və Ermənistan Rusiyanın vasitəçiliyi ilə sovet dönəmində mövcud olan bütün kommunakisyaların açılması məsələsini müzakirə edir” fikrinə münasibət bildirib: “O zaman Tavuş bölgəsini də Azərbaycanla İcəvan-Qazax-Bakı dəmir yolu birləşdirirdi. Hazırda bu istiqamətdə müzakirələr var. Mənim fikrimcə, bu, ölkəmizin yaxın illərdə inkişafı üçün əsas imkanlardan biridir. Bilirsiniz ki, əsasən cənub istiqaməti intensiv müzakirə olunur. Mən də belə hesab edirəm ki, bu istiqamət Ermənistanın nəqliyyat infrastrukturu baxımından statusunu dəyişdirməyə kömək edəcək”.

Göründüyü kimi, ermənilər Azərbaycanın Naxçıvan və onun vasitəsilə Türkiyə ilə qısa nəqliyyat əlaqəsinin qurulmasına mane olmağa çalışırlar. Çünki bu marşrut dəhliz statusu almaqla, Rusiya tərəfinin müdafiəsi altına düşəcək. Rusiyanın təhlükəsizliyinə təminat verdiyi dəhlizin fəaliyyətinə Ermənistan heç vaxt mane ola bilməyəcək. Qazax-İcevan-İrəvan-Mehri marşrutu isə Ermənistan dəmiryol şəbəkəsinin tərkib hissəsi olmaqla ayrıca dəhliz statusuna malik olmayacaq. Digər tərəfdən, bu marşrutla yükdaşımaların artırılması üçün Ermənistan dəmir yoluna əlavə vəsait qoyuluşuna ehtiyac yaranacaq. Ermənilər bu vəsaitlərin Azərbaycan və ya Rusiya tərəfindən qoyulmasına nail olmağa çalışırlar.

Azərbaycan rəhbərliyi Ermənistanın niyyətini əvvəlcədən görməklə, üçtərəfli bəyanatda nəzərdə tutulan addımların tam və olduğu kimi icrasına nail olmaqda israrlıdır. İki gün əvvəl AzTV-yə müsahibəsində Prezident İlham Əliyev bir daha Zəngəzur dəhlizinin açılmasına dair mövqeyini dilə gətirib: “Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik. Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaqdır”.

Fikrət Yusifov: Ermənistan bir dövlət kimi mövcudluğunu qoruyub saxlamaq  istəyirsə, onu çökdürən bu müharibəni dərhal dayandırmalıdır » Azim.az

Fikrət Yusifov 

İqtisadçı-alim, sabiq maliyyə naziri Fikrət Yusifov hesab edir ki, hazırkı mərhələdə Ermənistanın Azərbaycanla nəqliyyat-kommunikasiya əlaqələrini açmaq niyyəti yoxdur: “Əslində ermənilər bu gün Azərbaycanla hər hansı bir nəqliyyat kommunikasiyasının açılmasını istəmirlər. Bu səbəbdən də dəmiryol dəhlizinin 10 noyabr bəyannaməsi ilə müəyyən olunmuş Mehri xətti ilə deyil, İcevan üzərindən açılmasına təkid edirlər. Heç şübhəsiz, sabah Azərbaycan tərəf buna razılıq versə, onda ermənilər bizim üçün bundan daha uyğunsuz bir marşrut təklif etməklə məsələnin həllinə əngəl yaradacaqlar. Nədənsə biz hələlik ermənilərin bizimlə bu şəkildə oyun oynadıqlarını dəyərləndirə bilmirik. Ermənilər Azərbaycanla Türkiyə arasında nəqliyyat əlaqələrinin qurulmasına heç vaxt özbaşına getməyəcəklər. Onları buna məcbur etmək lazımdır”.

Ekspert bildirir ki, əslində Ermənistan üçtərəfli razılaşmanın icrasına özbaşına maneə yaratmır: “Hesab edirəm ki, ermənilər bu oyunları özbaşına da oynamırlar. Onlara şimal sahibləri nə deyirsə, onu da edirlər. Bu gün ermənilərin ali məqsədi hansı yolla olursa-olsun, Azərbaycandan biabırçı məğlubiyyətin qisasını almaqdır. Bunun belə olduğunu ölkə Prezidenti İlham Əliyev də bugünlərdə səsləndirdi. O dedi ki, ermənilər ciddi şəkildə müharibəyə hazırlaşırlar. Ona görə də bütün bu dəhliz söhbətləri vaxt udmaq üçün bəhanədir. Biz də Türkiyə ilə birlikdə bunun fərqində olmalıyıq. Unutmayaq ki, Vətən müharibəsində ermənilərin acınacaqlı məğlubiyyətini tək onların özləri deyil, həm də böyük qardaşları və sahibləri olan ruslar da həzm edə bilməyiblər. Qısası, bu gün Rusiya və Ermənistan Qarabağda yeni müharibənin köklərini yetişdirməklə məşğuldurlar. Ona görə ən qısa zamanda Qarabağımızın Laçın, Kəlbəcər, Ağdam, Qubadlı bölgələrində və Şuşada Türk hərbi hissələrinin yerləşdirilməsi üçün addımlar atmaq lazımdır. Bir qədər sonra sadəcə gec olacaq”.

Dünya
“Yeni Müsavat”

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button