Cəmiyyət

Vətən Müharibəsinin tarix yazan əfsanəvi qəhrəmanı — ŞUŞA SAVAŞININ “QARABAĞ” ORDENLİ CƏNGAVƏR QAZİSİ

Vüsal HƏSƏNOV: “Hər dəfə camaat arasında möhtərəm Prezidentlə xatirə şəklimin olması barədə söhbət açmağım, mənə qol-qanad, yüksək ruh verir!”

Barəsində danışacağımız Vüsal Həsənov sıradan bir şəxs olmasa da, onunla hər gün təmasdayıq, işinin başında olarkən görüşürük — Başqalarının rəğbətini və dəstəyini qazana bilmək üçün vacib olan hər kəslə uğurlu münasibət və ünsiyyət qurmaq bacarığına malik xarakter sahibi olduğu üçün. Ulu Tanrıdan bəxş olunan səmimiyyəti ona rəğbət qazandırıb, hörmət-izzət sahibi edib. Bütün bunlar gələcək xoşbəxtliyinə də, öncədən zəmanət verib.

Daxili Qoşunların xüsusi təyinat­lısı kapitan Vüsal Həsənov haqqında ölkə mətbuatı da maraqlı yazılar dərc edib. Bu yazılarda xarakterinə uyğun nələrdən bəhs edilməyib. Əsas odur ki, o, Vətən Müharibəsində xalqının başını ucaldan uca boylu, məğrur yerişli, qürurlu və əzəmətli cəngavər, “Qarabağ” ordenli əfsanəvi qəhrəman kimi qələmə verilib. Elə, bu yazımızda da, onun barəsində bu motivli epizodları daha çox qabartmağa çalışmışıq.

Doğrudan da, Vüsal Həsənov 30 il həsrətini çəkdiyimiz Qarabağdakı və ətraf ərazilərdəki düşmən tapdağı altında inləyən dədə-baba torpaqlarımızın ağrı-sızıltılarından gələn hədsiz qəlb göynərtilərimizə son qoyan 44 günlük Möhtəşəm Vətən Müharibəsinin əfsanəvi qəhrəmanlarından sayılır. Özü də, təkcə “Qarabağ”la deyil, çox sayda digər orden və medallarla vaxtilə quduz düşmən qarşısına sipər etdiyi sinəsini bəzəyib. Möhtərəm Prezidentin 9 dekabr 2020-ci il, habelə 25 dekabr 2020-ci il tarixli müvafiq sərəncamları ilə “Qarabağ” ordeni və “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmasını isə, kapitan özü üçün ən böyük fəxarət sayır. “Maşallah!” – deyirik Vətənin belə igidlərinə, onlar bizim fəxrimizdir!

Bu yerdə onun təqdimatına da eh­tiyac yaranıb — Dəyərli oxucuları­mız belə bu gözəl insanı daha yaxından tanısınlar deyə! Və bu məqsədlə öncə bildirmək istəyirik ki, Vüsal Həsənov 1982-ci ilin avqust ayının 20-də Füzuli rayonunun Mahmudlu – 2 kəndində dünyaya göz açıb. Atasını erkən yaşlarında itir­ib. Anası övladlarını min bir əziyyətlə boya-başa çatdırıb. Üstəlik, Qarabağ Müharibəsinin ağrı-acıları o düşərsiz illərin övlad böyütmək çətinliklərinə olmazın əzab-əziyyətlər qatıb. Dörd uşaq atası Vüsal Həsənov üçün də, övladlarını layiqli vətəndaş olaraq yetişdirmək, həyatının mənası bildiyi doğma Vətənə xidmət kimi çox önəmli bir missiyaya çevrilib.

Hələ Qarabağda münaqişə başlayanda bu yazı qəhrəmanımızın özünün vur-tut 6 yaşı olub. Doğma kəndindəki şəhid Qeyrət İbişov adına orta məktəbin məzunu olaraq, 2000 – 2004-cü illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında ali təhsil alıb. 2004 – 2005-ci illərdə Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının tərkibində Naxçıvanda müddətli həqiqi hərbi xidmət keçib. Ali təhsilli sərhədçi kimi, ona zenit qurğusunda baş operator-heyət komandiri vəzifəsi etibar olunub. Mülki ixtisasa yiyələnməsinə baxmayaraq, həyatını hərbi xidmətə bağlaması Vüsal Həsənovun vətənpərvərlik əqidəsindən, hərbçi peşəsinə rəğbətindən irəli gələn bir seçimi olduğunun təsdiqidir. Buna görə də, o, 2007-ci ilin dekabr ayından Daxili Qoşunların sıralarına müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunaraq, kiçik çavuş hərbi rütbəsi alanlar sırasında istəyini davam etdirib. 2007 – 2020-ci illərdə isə, Daxili Qoşunların Bakı şəhərində yerləşən “N” saylı hərbi hissəsində xidmət keçdiyi dövrdə öz əzmkarlığı sayəsində həm rütbədə, həm də tutduğu vəzifələrdə yüksəlib. Əsasən, xüsusi təyinatlı dəstədə, habelə komendant bölüyündə məsul vəzifələrə təyinatlar alıb. Gizir olaraq, Türkiyə Cümhuriyyətində Jandarm Məktəblər Komandanlığının Tədris Mərkəzində təməl və terrorla mübarizə, girovların azad edilməsi üzrə kursları, eləcə də, Azərbaycan Müdafiə Nazirliyinin nüfuzlu “N” saylı hərbi hissəsində paraşütçülər kursunu belə müvəffəqiyyətlə bitirib. Bu kurslarda öyrəndiyi biliklər, yiyələndiyi praktiki təcrübələr onun peşəkar hazırlığına birbaşa öz müsbət təsirini göstərib.

2013-cü ilin may ayının 23-dən etibarən, zabit rütbəsində xidmətini davam etdirən hərbi qulluqçumuz,
2020-ci ilin iyun ayının 27-də Daxili Qoşunların Qəbələ rayonundakı “N” saylı hərbi hissəsində xüsusi təyinatlı dəstənin komandir müavini-qərargah rəisi vəzifəsinə irəli çəkilib. Bu zabitimiz Vətən Müharibəsinədək olan dövrdə, vəzifə öhdəliklərini ləyaqətlə yerinə yetirdiyinə görə, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi” yubiley medalı, 3-cü dərəcəli “Qüsursuz xidmətə görə” medalı, Daxili Qoşunların “Xidmətdə fərqləndiyinə görə” döş nişanı ilə təltif olunub. Ona, həvəsləndirmə qaydasında vaxtından əvvəl kapitan hərbi rütbəsi də verilib…

…1993-cü ilin avqust ayı idi. Onda Füzuli rayonunun böyük hissəsi daşnakların işğalı altındaydı. Vüsal Həsənovun dədə-baba yurdu da, düşmənin hərbi təcavüzü nəticəsində boş qalmış, kənd əhalisi isə, məcburi köçkün vəziyyətinə düşmüşdü. Bir müddət bundan sonra isə, ordumuz kənd üzərində nəzarəti bərpa edib, hətta 1994-cü ilin yanvar ayında rayonun Horadiz qəsəbəsinin (indiki Horadiz şəhərinin) və kəndlərinin bir çoxunun işğalına son qoya bilmişdi…

Ağrı dolu həmin dövrlə bağlı əksər suallarımıza verdiyi maraqlı cavablarıyla sakitcə keçən söhbətimizin və əfsanəvi müharibə qəhrəmanı olaraq, mətbuatın onunla dərc etdiyi müsahibələrin bəzi önəmli məqamlarını, yeri gəldi deyə, Baş redaktorumuzun sözləri ilə desək, “cüzi jurnalist darağı vurmaqla”, dəyərli oxucularımızın da diqqətinə çatdırmağı lazım bildik.

“1993-cü ilin avqust ayının 23-də, Füzuli rayonu işğal olunanda mən 4-cü sinifdə oxuyurdum. Yadımdadır, Birinci Qarabağ Müharibəsinin ağır keçən günlərində kəndimizə qara tabutlarda şəhidlər gətirilirdi. Analarımız, gəlin-bacılarımız gözləri yaşlı qalmışdılar. Rayonun süqutu ağır yara olaraq, düz 27 il mənim də qəlbimi didib-parçaladı. Bu ağrını çəkən insan gələcəkdə hansı peşəni seçməli idi?! Tale özü mənim üçün öz seçimini etmiş­di. Doğma Füzulinin, bütün Qarabağın azad olunması eşqiylə hər an döyüşə hazır vəziyyətdəydim. Konkret desəm, bu müqəddəs savaş mənim üçün qaçıl­maz idi. Həmin savaş gününü həsrətlə gözləyirdim. Bu arzu, istək və niyyətlə, hərbi xidmətimi başa vurandan sonra, Daxili Qoşunların Xüsusi Təyinatlı Dəstəsinə qəbul üçün müraciət etdim. Tez bir zamanda müsbət cavablarını aldım. Bundan sonra, qardaş Türkiyədə 11 aylıq hərbi təlimlərdə iştirak etdim.

Hərbi qulluqçu üçün, Vətənin müdafiəsinə və istənilən döyüş tapşırığını yerinə yetirməyə daim hazır olmaq vacib şərtdir. Bunu yaxşı bildiyim üçün, bir zabit, həmçinin xüsusi təyinatlı məslək daşıyıcısı kimi, həmişə özümü döyüş sınağına hazırlayırdım. Nəhayət, gözlədiyim o gün — sentyabr ayının 27-si gəlib çatdı. Düşmənə sonsuz nifrət, itirilən torpaqlarımıza qovuşacağımıza böyük ümid və ilahi ədalətə inam hissi ilə, illərlə gözlədiyim məqama qovuşdum. Dogma torpaq şərəfi uğrunda döyüşlər­ə başladım və Möhtəşəm Vətən Müharibəsi, od-alovdan keçən minlərlə hərbi qulluqçu kimi, mənim üçün də, həyatımın unudulmaz səhifəsinə çevrildi. Böyük Allahıma min şükür ki, bir zabit kimi, hərbi anda yüksək sədaqət ruhlu müharibə sınaqlarından alnıaçıq çıxa bildım. Şükürlər olsun ki, paqondaşlarım belə bunu dəyərli örnək kimi qəbul etdiklərini hər yerdə deyirlər.
Kapitan rütbəli hərbi qulluqçu kimi, Füzuli və Xocavənd rayonları, habelə Şuşa şəhəri uğrunda gedən döyüşlərdə də, düşmənə qarşı qətiyyətlə vuruşdum. Döyüş tapşırıqlarının uğurla nəticələnməsində xidmətim xüsusi qeyd olunub. Füzulidə vuruşarkən düşmənə qan uddurduq. Vuruşların birində əmr almışdıq ki, rayonun 5 kəndini azad edib, təcili Əhmədbəyli yolunun açılmasını təmin edək. Əmrə uyğun şiddətli döyüşlər gedirdi. Düşmən də, təchizat yolumuzu kəs­mişdi. Hərbçi qardaşlar yaxşı bilirlər ki, bu, döyüşlər zamanı nə qədər böyük çətinlik yaradır. Lakin biz Əhmədbəyli yolunu açıb, düşməni darmadağın etdik.
Cəbhənin Füzuli istiqamətində başladığımız bu ağır döyüşlərin çox gərgin və həyə­canlı anları indiyədək yadımdan çıxmır. Tanıdığım silahdaşlarımla birgə həmin döyüşlərə atılmağım məni çətin məqamlarda daha da ruhlandırırdı.

İştirakçısı olduğum ilk ağır döyüşlərdən biri isə, Füzuli rayonu ərazisində düşmənin mühüm müdafiə mövqeyinin yerləşdiyi, xəritədə müvafiq nömrə ilə adlandırılan təpə uğrunda oldu. Həmin təpənin alınması bizim canlı qüvvənin irəliləməsinə, ətrafdakı bir-neçə kəndin tam nəzarətimizə keçməsinə, eləcə də yaxınlıqdakı avtomobil yolunun açılmasına imkan verirdi. Bu əməliyyat Daxili Qoşunların 3 hərbi hissəsinin xüsusi təyinatlılarından ibarət qruplar tərəfindən uğurla başa çatdırıldı.
Mən ilk hücumların birində yaralansam da, döyüş meydanını tərk etmədim. Gərgin savaş zamanı partlayan düşmən mərmisinin qəlpəsindən qolumdan yaralandım. Ancaq yerindəcə göstərilən ilk tibbi yardımla kifayətlənərək, təxliyyə edilməyimə razı olmadım. Rəhbərliyə bildirdim ki, yaram yün­güldür, döyüş qabiliyyətimi aşağı salmır. Sağ olsunlar, sözümü yerə salmadılar. Beləliklə, döyüş yolunu davam etdirdim.

Bilirsinizmi, Vətən Müharibəsinin əzəməti nədədir?! Hətta yaralılar belə döyüş meydanından çıxmaq istəmir, hamı Qələbəni tez bir zamanda görməyi arzulayırdı. Yemək yemək, su içmək belə yadımız­dan çıxmışdı.

Onda döyüşlər gedən zaman minalanmış bütün sahələr və düşmənin möhkəmləndirdiyi atəş nöqtələri də, bizim canlı qüvvənin qarşısında əsas maneələrdən idi. Hərbi qulluqçularımız ən təhlükəli istiqamətlərdə belə, yüksək iradə və cəsarət nümunəsi göstərirdilər, heç kəs güllə, mərmi atəşi altından geri çəkilmirdi. Hədəfə çatanadək düşmən üzərinə həmlələr edirdik. Bütün hücumlarımız uğurlu alınırdı. Cəbhə bölgəsinin ayrı-ayrı sahələrində xüsusi təyinatlılardan ibarət qruplara bacarıqla rəhbərlik edən zabitlərimizdən polkovnik-leytenant Tural Novruzovun, polkovnik-leytenant Füzuli İmrəliyevin və kapitan Anar Mahmudovun bu uğurlarda rolları böyük oldu. Döyüş tapşırıqlarının uğurla nəticələnməsində onların peşəkarlığı, tabelərində olan şəxsi heyətin mübarizliyi vacib amillər idi. Həm də, bu savaşda hücum döyüşləri ilə yanaşı, nəzarətimizə keçən ərazilərdə axtarış yönümlü, düşmənin diversiya-kəşfiyyat fəaliyyətinə qarşı tədbirlər, o cümlədən, bütün kəşfiyyat tapşırıqlarının yerinə yetirilməsi də, hərtərəfli təmin olunurdu.

Füzuli-Xocavənd zonasından sonra, şahidi olduğum əsas döyüşlər Şuşa ətrafında və şəhərin özündə getdi. Bu istiqamətdə işğalçıların yüksəkliklərdəki əlverişli mövqelərdə yerləşmələrinə baxmayaraq, onlar bölmələrimizin inadlı həmlələri qarşısında davam gətirə bilmir, məğlubiyyətə uğrayırdılar. Savaşın ağırlığı, təbii ki, əsgər və zabitlərimizin üzərinə düşürdü. Döyüşün ilk anlarından bəlli oldu ki, qalibiyyət bizim olacaq. Ona görə ki, Azərbaycan Ordusu vahid komandanlıq altında sarsılmaz qələbə əzmi ilə döyü­şürdü. Biz Zəfər ruhu ilə silahlanmışdıq. Sinəmizdə Vətən həsrəti, Qarabağ sızıltısı var idi.

Şuşa uğrunda döyüşlərdə, ağır yaralandığım üçün, hətta bir müddət ailəmlə əlaqəm olmadı. Onda anam həlak olduğumu düşünərək, çox ağır anlar yaşayıb. O təlatümlü günlər onun sağlamlığına ciddi təsir göstərib. Bu səbəbdən, möhtəşəm qələbəmizdən 3 ay sonra, 2021-ci il yanvarın 31-də anamın ürəyi qəfil dayandı. Bu acı itki qəlbimi daim sız­ladır. Düzdür, övladlarım, həyat yoldaşım, doğmalarım mənə təskinlik verməyə çalı­şırlar. “Qəm yemə, Vətən oğlu! Sənin kimi oğullar böyüdən anaların əbədi mə­kanı cənnətdir! Bu torpağın qeyrətini çəkən oğulların anaları da şəhiddirlər!” – deyirlər. Haqlıdır onlar, analar müqəddəsdir. Görünür, həyat belədir: İnsanın bir gözü güləndə, o biri ağlayır! Mən bu gün bütün şəhid analarını öz anam bilirəm. Bu xalq, həqiqətən, böyük və yenilməz xalqdır. Biz əl-ələ verib güclü dövlət və ordu yaratmalıyıq. Qoy, heç vaxt heç bir düşmən Azərbaycan torpağına göz dikməyə cəsarət etməsin!

Onu da deyim ki, bu dəfəki yaralarım əvvəlkindən ağır olduğu üçün, durumumla bağlı üç gün sonra təxliyə edildim. Yaralarım fiziki cəhətdən şiddətli ağrılar verməsinə baxmayaraq, qazanılan Möhtəşəm Zəfər mənə mənəvi güc verirdi. Böyük Qələbənin son anlarına şahidlik etməməyim indiyədək yaşadığım təəssüf hissləri dolu sarsıntılarımdır. Bir ona heyfislənirəm ki, kaş qələbəmizə 3 gün qalmış yaralanmazdım, çünki son anadək Şuşada olmaq arzusunday­dım.

Bu yerdə söhbətimizi, həm də şəhidlərimizlə davam etdirmək istərdim. Onlar torpağı Vətənə çevirən igidlərimizdir. Öz şəhadətləri ilə, müqəddəslik zirvəsinə yüksəliblər və ruhları qarşısında daim baş əyirəm. Silahdaşlarım şəhid olarkən yaşadığım sarsıntı dolu ən ağır anlar da, indiyədək gözlərim önündən getmir.
Düşmən səngərlərini yarıb keçərkən, bir-birindən igid oğullar qurban verdik. Onların hər birinin xatirəsi mənim üçün çox əzizdir və bütün ömrüm boyu onların heç birini unuda bilmərəm.
Axı, necə də unudum ki, bəzi şəhid qardaşlarım ömrün son dəqiqələrində doğmalarına çatdırılacaq ürək sözlərini, vəsiyyətlərini digər döyüşçü yoldaşları ilə bərabər, mənə də deyirdilər. Onların nur çökmüş simaları heç vaxt unudulan da deyil.
Düşünürəm ki, Azərbaycan Ordusu­nun yenilməzliyindən və qəhrəmanlığından tarix boyu yazıl­malıdır. Gələcək nəsillər Qarabağ uğ­runda müqəddəs döyüşlərin əfsanəyə çevrilməsinin səbəblərini bilməlidirlər. Mən
ata-baba yurdum olan Füzuliyə qələbə bayrağı sancmışam. Bundan böyük xoşbəxtlik ola bilərmi?!
Görünür, Füzuli şəhərinə qələbə bayrağını sancmaq xoşbəxtliyi taleyimə yazılıb. Rayon mərkəzindəki Mərkəzi Poçtun binasından bayrağımızı dalğa­landıranda, gözlərim dolmuşdu. Əllərim həyəcandan əsirdi. Çünki şəhidlərimizin ruhu qarşısında borcu­mu yerinə yetirirdim. Onlar sanki mənə deyirdilər: “Möhkəm dayan, müqəddəs bayrağı sənə etibar etmişik!”.

Yeri gəlmişkən, onu da deyim ki, bu savaşda iştirak edən hər bir döyüşçünün çantasında Üçrəngli Müqəddəs Bayrağımız var idi. Çünki bu döyüşə hazırlıq yüksək səviyyədə aparılmışdı. Hərbi ekspertlərin hamısı da bu qənaətdədirlər ki, məhz Füzuli uğrunda döyüşlər­də düşmənin beli qırılıb. Mən də belə dü­şünürəm. Həqiqətən, belədir. Ermənilər uzun illər ərzində orada möhkəm müdafiə səd­dindən ibarət istehkamlar qurmuşdular. Lakin əsgər və zabitlərimizin yüksək qələbə əzmi, iradəsi qarşısında aciz duruma düşdülər.

Füzuli istiqamətində parlaq qələbə­mizdən sonra ermənilər dərk etməyə başladılar ki, Ali Baş Komandanın növbəti tapşırığı Şuşa istiqamaətində hücum əmri olacaq. Onlar artıq vahimə içindəydilər. Ümumiyyətlə, Füzuli döyüşlərinə qədər erməni ordusu nizami ordu formasında döyüşürdüsə, bundan sonra parçalanaraq, pərakəndə halda döyüşməyə başlayırdı. Bizim cəngavərlər isə, artıq Hadrut istiqamətindən Şuşaya tərəf irəliləməyə başlayırdılar. Daxili Qoşunların Xüsusi Təyinatlı Dəstəsinin komandir müavini, qərargah rəisi olaraq, gücü­müzə güc qatırdıq. Yalnız və yalnız qələbə əzmi ilə döyü­şürdük. Biz, doğma torpaqlarımız uğrunda vuruşur­, bir ölür, min dirilirdik. Qəlbimizdə, beynimzidə yalnız bir hiss, bir arzu vardı: Şuşaya çatmaq və nəyin bahasına olur­sa-olsun, onu azad etmək! Çox çətin və mürəkkəb relyefi olan ərazilərdə düşmənin müqavimətini qı­ra-qıra Şuşa qalasına doğru gedirdik. Daşaltıya çatanda başa düşdüm ki, biz Şuşa üçün darıxdığımız kimi, o da səbirsizliklə bizi gözləyir. Hamımız birlikdə bir daha and içdik: Öldü var, döndü yoxdur! Şuşanı azad etməliyik! Qarabağın tacı, döyünən ürəyi Şuşa təbii istehkam olduğundan, şəhərə tanklarla, yaxud digər ağır silahlarla girmək mümkün deyildi. Onu almağın iki variantı vardı. Birinci halda, şəhərdəki düşmən qüvvələrini hava zərbələri, top atəşləri ilə məhv etmək olardı. Komandanlıq buna getmədi. Çünki şəhərin bombardman edilməsi böyük dağıntılara səbəb olacaqdı. Buna görə də, alternativ variant kimi əlbəyaxa döyüş taktikası seçildi. Qəhrəman əsgər və zabitlərimiz yüngül silahlarla qalın meşələrdən, dərin dərələrdən keçərək, qayalar, dağlar aşaraq, düşməni üzbəüz döyüşdə məhv etdilər. Daşaltı Şuşanın giriş qapısıdır. Bura­da əsas yüksəkliyi ələ keçirəndən sonra, oranın sol tərəfindən, yəni Şuşa – Xankən­di – Laçın yolunun arxa hissəsindən Şuşa istiqamətinə doğru hərəkət etməyə baş­ladıq.

Sizə bir mühüm faktı deyim. Ermə­nilər Şuşada müharibə aparmaq üçün 3 illik ərzaq, silah-sursat, hərbi texnika ehtiyatı yığmışdılar. Düşmən hesab edirdi ki, Şuşanı əllərində saxlamaları üçün silah-sursatları və ərzaqları uzun müddət kifayət edəcək. Lakin onlar və havadarla­rı bir həqiqəti unutmuşdular: Şuşanın əsl sahibləri var!

Şuşanın fəthi dünya hərb tarixinin ən uğurlu hərbi əməliyyatlarından biri sayılır. Oradakı sıldırım qayalara dırmaşan cəngavərlərin şücaəti hər kəsi heyrətə gətirirdi. Bu, əsl ölüm-dirim savaşı idi! Bu, tür­kün qədim və şərəfli tarixində Çanaqqala savaşı qədər şanlı döyüşdür. Azərbaycanın igid əsgər və zabitləri, həqiqətən, Şu­şada əbədi qəhrəmanlıq dastanı yazdılar.

Laçın istiqamətindən erməni işğal­çıları bizi artilleriya atəşinə tutanda, Şuşanı öz əllərində saxlamaq istəyir və hər cür ağır silahlardan istifadə edirdilər. Ümumilikdə, ordumuzun Şuşa ətrafına onların gözləmədiyi istiqamətdən gəlib çıxması və şəhəri azad etmək üçün seçdiyi taktika erməniləri şoka salırdı. Noyabrın 2-si və 3-ü artıq Şuşanın tam yaxınlığında idik. Bir çox xüsusi əmr və tapşırıqları uğurla icra etdik, noyabrın 5-i Şuşanın tam yaxınlığında – İsa bulağına yaxın ərazidə dəhlizdən düşüb (orada bir meşə massivi vardı), yolu keçərək, Şuşa­ya doğru getməli idik. Bu zaman düşmə­nin tank mərmisindən atdığı atəş nəticə­sində bədənimin bir-neçə nahiyəsindən mərmi qəlpələrindən yaralandım və…

…Qələbə xəbərini noyabrın 8-də Fü­zuli Rayon Mərkəzi Xəstəxanasında eşit­dim. Hamı bizi təbrik edirdi. Ağrılarım çox olsa da, qələbə sözünü eşidəndə hər şeyi, bütün ağrılarımı belə tamamilə unutdum!” — Vüsal Həsənov deyir.

Qəzetlərə və saytlara verdiyi müsahibələrində olduğu kimi, bizimlə söhbətində də, əfsanəvi qəhrəmanımız bu dediklərini xüsusi olaraq vurğulayır: “Möhtərəm Prezidentlə bir­likdə şəklim var. Hər dəfə camaat arasında bu barədə söhbət açmağım, mənə qol-qanad, yüksək ruh verir. 2021-ci il aprelin 12-də cənab Ali Baş Komandan “Qənimətlər Parkı”nda biz döyüşçülər qarşısında çıxış etdi. İkinci Qarabağ Müharibəsində qazandığımız qələbə münasibəti ilə bizi təbrik etdi. Şəhidlərimizin ruhuna rəhmətlər dilədi, qazilərimizin sağalmasını arzuladı. Bildirdi ki, dövlətimiz şəhid ailələrinə, qazilərə diqqət və qayğısını heç vaxt əsir­gəməyəcək. Həmin görüş zamanı xatirə şəkli də çəkdirdik. 2023-cü ilin sentyabrında antiterror tədbirlərindən sonra, suverenliyimizi tam bərpa etdik. Ötən ilin payızında isə, biz hərbçilər Xankəndidə “Qarabağ” futbol komandasının oyununu dövlət başçısı və onun ailəsi ilə birgə izlədik. Həmin oyundan sonra, Ali Baş Komandanın gəlib bizimlə söhbət etməsi, birlikdə şəkil çəkdirməsi bizi daha da ruhlandırdı. Öyünürdüm ki, Azərbaycanda dövlət və xalq birliyi polad kimi əyilməzdir, əbədidir”.

Vətən Müharibəsinin tarix yazan əfsanəvi qəhrəmanı, Şuşa savaşının “Qarabağ” ordenli cəngavər qazisi Vüsal Həsənovun dediyi kimi, 2020-ci il Azərbaycan tarixində mənfur erməni işğalçılarına qarşı qazandığımız böyük hərbi zəfərlə unudulmaz iz qoydu. Vətənin mərd oğulları düşməni döyüş meydanında məğlub edərək, şəhidlərimizin qanı tökülən müqəddəs torpaqlarımızın işğalına son qoydular.
Xalqımızın tarixi-mədəni irsində xüsusi yeri olan Şuşa şəhəri geri qaytarıldı və bununla həlledici üstünlüyə nail olundu. Ümumiyyətlə, tarixdə əbədi qalacaq Şuşa savaşı 44 günlük Vətən Müharibəsinin taleyini həll edən möhtəşəm əməliyyat oldu. Bu gözəl şəhərimizin azad edilməsi tariximizin ən şanlı, parlaq və mühüm qələbəsi kimi, əbədi olaraq yaddaşlara köçdü.

Bu möhtəşəmlikləri bizə bəxş edən və şərəfli döyüş yolu keçən hərbi qulluqçularımızın bir qismi ön cəbhədən yaralı olaraq geri qayıtdı. Kapitan Vüsal Həsənov onlardan biri olduğu üçün, ağır sınaqlardan keçmiş bu hərbi qulluqçumuzun döyüş yolunu işıqlandırmağı özümüzə mənəvi borc bildik.

Tahir HÜSEYNOV,
Fərhad MƏMMƏDOV,
Səməndər QURBANOV,
araz.az xəbər portalının xüsusi müxbirləri.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button