Qəbələdə pivə və sərinləşdirici içkilərin istehsalı zavodu qurulacaq
Qəbələdə pivə və sərinləşdirici içkilərin istehsalı zavodunun qurulmasına dair Birgə İştirak Müqaviləsi imzalanıb.
Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Bildirilib ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov Gürcustanın “Georgian Beer Company LLC” şirkətinin nümayəndələri Sezar Çöçelli, Şalva Çöçelli və Qoça Darçiaşvili ilə görüşüb, ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri barədə müzakirələr aparılıb.
Görüş çərçivəsində “Azərbaycan İnvestisiya Şirkəti” ASC və Gürcüstanın “Georgian Beer Company Ltd” şirkətinin təsisçisi arasında Qəbələ rayonunda qabaqcıl beynəlxalq texnologiyalara əsaslanan lisenziyalı premium pivə markalarının, yerli brend pivəsinin və sərinləşdirici içkilərin istehsalı üzrə yeni zavodunun qurulmasına dair Birgə İştirak Müqaviləsi imzalanıb.
Rəqabətqabiliyyətli məhsul istehsalı ilə ixrac imkanlarının genişləndirilməsinə xidmət edəcək zavodda illik 140 milyon litr istehsal gücünün və 300-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Analoq.az