27 sentyabr -Zəfərimizin 44 Günlük əzmi
27 sentyabr 2024-cü il tarixində 44 günlük Vətən müharibəsinin başlanmasının ildönümünü anırıq. Bu müharibə bizim tariximizdə bir dönüş nöqtəsi oldu və Azərbaycan Ordusunun misilsiz qəhrəmanlığı sayəsində xalqımız öz torpaqlarını işğaldan azad etdi.
2020-ci ildə baş verən bu mühüm hadisə Azərbaycan xalqının milli birliyini və Ordumuzun gücünü bütün dünyaya nümayiş etdirdi. Hər bir əsgər və zabitimiz Vətən sevgisi ilə döyüşərək şəhidlik zirvəsinə yüksəldi.
Biz bu gün qalib xalq olaraq öz torpaqlarımızda azad nəfəs alırıq və Qarabağımızın yenidən qurulması, həmçinin çiçəklənməsi üçün dayanmadan çalışırıq.
Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusu yalnız hərbi cəhətdən deyil, həm də mənəvi cəhətdən gücünü göstərdi. Azərbaycan xalqı bir yumruq kimi birləşdi və beynəlxalq aləmdə haqq işimizi müdafiə etdi.
Bu qələbə təkcə hərbi nailiyyət deyil, həm də Azərbaycan xalqının öz suverenliyini və ərazi bütövlüyünü bərpa etmək uğrunda verdiyi haqlı mübarizənin təntənəsidir. Torpaqlarımızın azad olunması ilə şəhidlərimizin qanı yerdə qalmadı, haqq-ədalət bərpa edildi. Biz şəhidlərimizi heç vaxt unutmayacaq və onların xatirəsini daim uca tutacağıq. 44 günlük müharibədə əldə etdiyimiz bu Zəfər Azərbaycanın gələcəyi üçün yeni bir üfüq açdı. Biz bu tarixi qələbənin məsuliyyətini dərk edərək Bütöv Azərbaycanımızı daha güclü, daha inkişaf etmiş və sülhsevər bir dövlətə çevirmək üçün yorulmadan çalışacağıq. Qarabağ Azərbaycandır!
Tural Qoca
Analoq.az