DigərElm və təhsil

“Kütləvi tədbirlər qəti şəkildə qadağan olunmalıdır”-ƏZİZ ƏLƏKBƏRLİ

Koronavirus pandemiyasına qarşı mübarizə sahəsində bütün dünya önəmli bir mərhələni arxada qoymaqdadır. İlk dəfə olaraq bütün dünya ümumbəşəri bir bəlaya qarşı möhtəşəm həmrəylik nümayiş etdirdi. Bu, dünyanın gələcək taleyi ilə bağlı çox vacib sınaq idi. Azərbaycan da bu sınaqdan ləyaqətlə çıxdı. Ölkə başçısı İlham Əliyevin dövlətin və xalqın sağlamlığı, bu bəladan minimum itki ilə çıxması üçün qəbul etdiyi operativ və önləyici qərarlar qısa vaxtda öz nəticəsini verdi.Bu fikirləri AZƏRTAC-a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Əziz Ələkbərov bildirib. O qeyd edib ki, bu pandemiya, eyni zamanda, ölkədaxili bir çox məsələlərə aydınlıq gətirdi.

Birincisi, dövlətimizin başçısı bütün gücü ilə xalqının yanında oldu və onun son illər xeyli yenilənmiş komandası bu ekstremal vəziyyətdə etimadı tam doğrultdu. İkincisi, xalq ölkə rəhbərinin və bütün hakimiyyətin yanında dayandığını əyani şəkildə sübut etdi və dövlətin qəbul etdiyi bütün qərarlara əməl elədi.

Ən əsası isə, bütün bunlar dünyanın gözü qarşısında baş verdi və bu, illərdən bəri Azərbaycan haqqında mənfi fikir formalaşdırmağa çalışan bəzi qüvvələrə tutarlı mesaj oldu.

Hazırda ölkəmiz xüsusi karantin rejiminin yumşaldılması mərhələsinə qədəm qoyub ki, bu, pandemiyaya qarşı aparılan uğurlu mübarizənin ilkin nəticəsidir. Lakin bununla əlaqədar əhalidə sanki təhlükənin sovuşduğu əhval-ruhiyyəsi hiss olunmaqdadır ki, bu da son dərəcə təhlükəli tendensiyadır və son iki ayda bu mübarizədə qazanılan bütün uğurlara kölgə sala bilər.

Ona görə də hesab edirəm ki, əhali xüsusi karantin rejiminin yumşaldılmasını layiqincə qiymətləndirməli və bu yumşalmanın davamlı olmasına bacardığı qədər kömək etməlidir. Əks təqdirdə, əhali arasında virusa yoluxmada artım ola və prosesin ikinci dalğası başlaya bilər.

“İnsanlar bilməlidir ki, COVID-19 xəstəliyi uzunmüddətli prosesdir. Bu səbəbdən mövcud qaydalara riayət olunması və zəruri profilaktik tədbirlər, xüsusilə “Evdə qal!” kampaniyası davam etdirilməlidir. Paralel olaraq xüsusi karantin rejimindəki mövcud məhdudiyyətlərin mərhələli yumşaldılması həyata keçirilməlidir.

Düşünürəm ki, ilkin olaraq ən azı yaxın bir ayda ilk növbədə orta və ali məktəblərdə tədrislə yanaşı, bütün qeyri-istehsal sahələrində məhdudiyyətlər qüvvəsində saxlanmalı, həmin sahələr onlayn rejimdə fəaliyyətlərini davam etdirməlidirlər. Kütləvi tədbirlər qəti şəkildə qadağan olunmalıdır.

Kənd yerlərində təsərrüfat işləri ilə bağlı isə məhdudiyyətlər tam aradan qaldırılmalı, xidmət və istehsal sahələrinin işi tədricən bərpa olunmalıdır. Diqqət bölgələrdə kiçik istehsal sahələrinin açılmasına istiqamətləndirilməlidir. Operativ Qərargah işini davam etdirməli, epidemioloji vəziyyət tələb edərsə, yəni xəstəliyin dinamikasında artım olarsa, karantin rejimi yenidən sərtləşdirilməli, müvafiq məhdudiyyətlər yenidən tətbiq olunmalıdır”, – deyə deputat bildirib.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button