AraşdırmaManşet

Sığorta bazarının inkişafı kütləvi maariflənmə işlərinin aparılmasından və əhalinin məlumatlılıq səviyyəsinin yüksəldilməsindən asılıdır

Həm Bakıda, həm də bölgələrdə əksər vətəndaşlar sığortanın mahiyyəti və əhəmiyyəti barədə elementar məlumata malik deyillər

İnsan həyatı heç də xoş hadisələrdən ibarət deyil. Həyatımız boyunca sürprizlərlə də rastlaşırıq, bədbəxt hadisələrlə və təbii fəlakətlərlə də. Baş verəcək gözlənilməz hadisələri və qeydə alınacaq riskli vəziyyətləri öncədən proqnozlaşdıra bilmədiyimiz üçün bizə dəyəcək maddi və mənəvi zərərin ödənilməsi üçün sığortanın mahiyyəti və əhəmiyyəti çox böyük rol oynaya bilər. Ancaq…

Məhsuldarlığın artmasında sığorta mühüm rol oynaya bilər

Respublikamızda elmi-texniki tərəqqinin, iqtisadiyyatın sürətli inkişafına baxmayaraq, müəyyən sahələrdə çoxsaylı problemlər hələ də özünü büruzə verməkdədir. Belə sahələrdən biri də kənd təsərrüfatı sektorudur.  Xatırladaq ki, 1996-cı ildə kolxoz və sovxozların fəaliyyətinə xitam verildikdən sonra onların əraziləri bölgə sakinləri arasında bölüşdürülüb. Ancaq uzun illərdir həmin təsərrüfat sahələrinin sığortalanmasında yaşanan problemlər, eləcə də də təbii fəlakətlər, qeyri-normal iqlim şəraiti və sair üzündən zərərə düşən kəndli-fermerlərin kompensasiya ala bilməməsi həmişə ictimai narazılığa və narahatlığa rəvac verir.

Bu sahədə apardığımız araşdırmalara görə, 2021-ci ilin iyun-iyul aylarında baş verən yanğınlar nəticəsində xeyli sahədə zəmi yanıb. Ağsu rayonunun Musabəyli kəndində 10, Siyəzən rayonunun Məşrif kəndində bələdiyyəyə məxsus ərazidə 20, Tovuz rayonunun Əlimərdanlı kəndi ərazisində 2, Oğuz rayonunun Xalxal kəndi yaxınlığındakı meşəlik ərazidə 2,5, Qusar rayonunun Ləgərqışlaq kəndində isə 3,5 hektar sahədə biçilməmiş taxıl sahəsi yanıb. Bunlardan əlavə, yayda baş verən yanğınlar nəticəsində bəzi istixanalara, məsələn, Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 300, Şəmkir rayonunda isə ümumi sahəsi 7000 kvadrat metr olan istixanaya xeyli zərər dəyib. Quraqlıq və susuzluq üzündən bəzi tarlalarda keyfiyyətli və bol məhsul olmayıb. Bu cür faktlardan çox sadalamaq olar. Lakin qeyd etmək lazımdır ki, zərərçəkmişlərin yalnız müəyyən hissəsi, yəni, öz sahələrini sığortalayanlar kompensasiya əldə edə biliblər.

Araşdırmalarımıza görə, əvvəllər mövcud olmuş kolxoz və sovxozların fəaliyyətinə xitam verildikdən sonra onların əraziləri yerli sakinlər arasında bölüşdürüldüyündən ölkə ərazisində 900 minə yaxın ailə təsərrüfatı olsa da, onların cüzi hissəsi öz təsərrüfat sahələrini sığortalayıb. Çünki fermer təsərrüfatlarının sahibləri arasında əvvəllər maarriflənmə işinin aparılmaması və ya təbliğatın aşağı səviyyədə olması sözügedən təsərrüfat sahələrinin sığortalanma prosesinin tam başa çatdırılmasına maneçilik törədib. Digər tərəfdən, maddi imkansızlıq və vəsait çatışmazlığı sığortalanmaya meyli azaldıb. Bundan başqa, əksər fermerlər iqtisadi baxımdan savadsızdırlar. Onlardan bəziləri torpağın dilini bilmədikləri üçün ona lazımi qulluğun vaxtlı-vaxtında göstərilməsindən xəbərsizdirlər və bu proses əksər hallarda kortəbii aparılır. Sahibkarlar sığortalanmanın nə olduğundan da məlumatsızdırlar. Çünki onlar bilmirlər ki, əkdikləri sahələr daşqından, seldən, quraqlıqdan, yanğından və digər təbii fəlakətlərdən məhv ola bilər. Bu zaman onlara dəyən maddi və mənəvi zərərin ödənilməsini heç bir qurum yerinə yetirmir. Nəticədə zərərçəkmişlər ciddi maliyyə böhranıyla üzləşirlər.

Araşdırmalarımıza görə, kənd təsərrüfatı sahələrinin sığortalanması ölkəmizdə fəaliyyət göstərən sığorta şirkətlərinin bölgələrdəki yerli bölmələri tərəfindən icra edilir və fermerlərlə müqavilələr müəyyən şərtlər əsasında bağlanılır. Bunun üçün dövlət rüsumu hesablanır və fermerlərə sığortalanmanın mahiyyəti, şərtləri açıqlanır. Belə ki, kimsə səhlənkarlıq edib öz sahəsinə yaxşı qulluq etməyibsə, nəticədə məhsul zay olubsa və ya sahə yararsız hala düşübsə, ona sığorta haqqı ödənilməyə bilər. Bu səbəbdən də sahibkarların yalnız cüzi hissəsinin sığortalanmaya cəlb edilməsi mümkünləşib. Bu baxımdan maariflənməni sürətləndirməklə sığortalanmaya meyli artırmaq lazımdır.

Qeyd edək ki, aqrar sahə çox ağır, mürəkkəb və riskli sahədir. Yəni kənd təsərrüfatı sahəsində hər an təhlükəli hadisələr baş verə bilər. Çünki istehsal açıq şəraitdə getdiyi üçün hər şey iqlim şəraitindən asılıdır. Məsələn, fermer hava şəraitin necə olacağı barədə 10-15 gün əvvəldən məlumatlı olmasa, baş verə biləcək hər hansı bir iqlim dəyişikliyinə və təbii hadisəyə qarşı qabaqlayıcı və önləyici tədbir görməkdə çətinlik çəkər. Bu cür qeydiyyatların aparılmaması da əlavə problemlər yaradır. Bu səbəbdən də yazılı və elektron Kütləvi İnformasiya Vasitələri, həmçinin telekanallar vasitəsilə təbliğat aparmaqla fermerlərə və sahibkarlara izah olunmalıdır ki, kənd təsərrüfatı sahəsi çox riskli sahə olduğundan profilaktiki, qabaqlayıcı və təxirəsalınmaz tədbirləri həyata keçirmək hər zaman faydalı və effektli ola bilməz. Bu baxımdan da aqrar sahədəki risklərdən qorunmaq üçün deyil, dəymiş zərərə görə kompensasiya almaq, həm də məhsuldarlığı artırmaq, keyfiyyətli və bol məhsul istehsal etmək üçün əkin sahələrinin sığortalanması mütləq vacibdir. Maarifləndirmə işlərinin yüksək keyfiyyətlə aparılması nəticəsində könüllülük prinsipi əsasında, həmçinin özəl əsaslarla və dövləti maraqlarla kənd təsərrüfatı sahələrinin sığortaya cəlbini artırmaq mümkündür.

Bu cür təbliğatı istixana sahibləri arasında da aparmaq və onların da sığortaya maraqlarını artırmaq vacibdir.

Meyvə ağacları və heyvanlar da sığortalanmalıdır

Araşdırmalarımıza görə, tövlələrdə baş verən yanğınlar, dərin quyulara düşmə, dərəyə yuvarlanma və digər səbəblər üzündən fiziki şəxslərə məxsus olan heyvanlar arasında tələf olanları var. Eyni zamanda respublikanın baytarlıq xidməti orqanları dəfələrlə ev heyvanları arasında müəyyən xəstəliklərin yayılması, həmçinin peyvəndlərin, müalicələrin və profilaktiki tədbirlərin vaxtlı-vaxtında aparılmaması ucbatından heyvanların ölməsi faktını təsdiqləyiblər. Ona görə də heyvandarlıqla məşğul olanlar arasında maarifləndirmə işləri aparılmalıdır ki, onlar heyvanlarını xəstəliklərdən, eləcə də təbii və bədbəxt hadisələrdən qoruya bilməsələr, dəymiş ziyana görə kompensasiya almaq üçün heyvanları könüllü sığortalamalıdırlar.

Araşdırmalarımıza görə, 2021-ci ildə, xüsusilə də yay aylarında bağlarda yanğınların baş verməsi nəticəsində xeyli sayda meyvə ağacları yanıb. Xatırladaq ki, keçmiş SSRİ dövründə həyətyanı sahələrdə və bağlarda olan ağacların qeydiyyatı və sığortalanması qaydaları mövcud idi. Ancaq Azərbaycan müstəqillik qazandıqdan sonra yanacağa olan tələbatın ödənilməsi üçün əksər meyvə ağacları doğranaraq odun kimi istifadə olunub. Lakin son illərdə bağçılığın və meyvəçiliyin inkişafında müsbət nəticələr əldə edilsə də, meyvə ağaclarının sığortası sahəsində passivlik müşahidə olunur. Bu səbəbdən də sözügedən sahədə də maarifləndirmə və təbliğat işlərinin aparılması və prosesin sürətləndirilməsi vacibdir.

Vətəndaşlar yol-nəqliyyat hadisələri barədə məlumatsızdırlar

Azərbaycanda avtomobil bazarı hər gün böyüyür. Amma yollarda avtomobillərin sayının artması eyni zamanda hadisələrin və müxtəlif xarakterli risklərin də artmasına gətirib çıxarır. Ona görə də avtomobil sektorunda sığorta münasibətləri çox geniş yayılmalıdır. Bu səbəbdən də avtonəqliyyat vasitələrinin sığortaya cəlbi və bu sahədə yaşanan problemləri araşdırmaq üçün də sorğular keçirdik. Maşınların daha çox hansı hallarda zərər görə biləcəyi ilə bağlı suallarımıza verilən cavablardan məlum oldu ki, bəzi vətəndaşlar yol-nəqliyyat qəzaları barədə yetərli qədər məlumata malik deyillər. Onlar düşünürlər ki, sözügedən qəzalar və yanğınlar sadəcə nəqliyyat vasitələrinin toqquşması nəticəsində baş verir. Ancaq sorğumuzda iştirak edənlər avtomobillərlə bağlı digər bədbəxt hadisələrin baş verə biləcəyindən, xüsusilə də yay aylarında bu cür problemlərin daha da çoxalacağından xəbərsizdirlər. Belə ki, Fövqəladə Hallar Nazirliyindən (FHN) aldığımız məlumatlara görə, əvvəlki illərdə olduğu kimi 2021-ci ildə də qeydə alınmış avtoqəzalar arasında minik avtomobillərinin yol kənarına və dərələrə aşması, onların  dəmir maneəyə, yol kənarındakı elektrik dirəyinə, yaşayış evinə, ağaca, beton səddə və divara çırpılması kimi hallar var. Bundan əlavə, yay aylarında texniki təhlükəsizlik qaydalarına əməl edilmədiyindən bəzi minik avtomobilərinin muhərrik hissəsi, idarəetmə lövhəsi, kabinəsi, təkərləri və sair yanıb. Digər problem isə yük maşınları, traktorlar və kombaynlar ilə bağlıdır. FHN-dən bildirilib ki, keçən ilin yay aylarında respublikamızın ayrı-ayrı bölgələrində müxtəlif markalı yük avtomobillərinin yanar hissələri, onların banlarına yığılan ot bağlamaları yanıb. Yaxud, traktorlar, onların qoşquları və qoşqulara yığılan ot bağlamaları da yanmaya məruz qalıb. 2021-ci ildə bəzi  kombaynların təkərləri, yanar hissələri, mühərrik hissəsi və kabinəsi yanıb. Analoji yanğın hadisələrinin qurbanına çevrilən sərnişin avtobusları və ekskavtor da var. Avtoqəzalara uğrayan nəqliyyat vasitələri sırasına motosikletlər də daxildir. Ancaq təəssüf ki, bəzi vətəndaşlarımız FHN-in məlumatlarına istinadən qeyd etdiyimiz qəzalar barədə informasiyalara sahib deyillər. Təbii ki, bu istiqamətdə maarrifləndirmənin lazımi səviyyədə aparılmamasının nəticəsidir ki, vətəndaşlarımız avtonəqliyyat vasitələrinin sığortasının əhəmiyyətinin fərqinə varmırlar.  Ancaq sığorta olunmayan maşınlara dəymiş ziyanın məbləği ödənilmədiyi üçün narazı qalan zərərçəkmişlərin şığorta şirkətlərini və müvafiq dövlət orqanlarını yersiz ittiham etməsi halları kütləviləşir ki, bu da ictimaiyyətdə dövlətimizə və qanunlarımıza qarşı inamsızlıq yaradır.

Bankların, sığorta şirkətlərinin və vətəndaşların məsuliyyətsizliyinin acı nəticəsi…

Sorğularımız nəticəsində məlum oldu ki, vətəndaşlar avtomobil sahibləri ilə sığorta şirkətləri arasında mübahisələrin kütləvi hal almasından narahatdır və bu cür xoşagəlməz vəziyyət avtomobillərin sığortasına inamı azaldır. Belə ki, sözügedən mübahisələr daha çox qəzaya uğrayan avtonəqliyyat vasitəsinə dəyən ziyanın məbləğinin müəyyən edilməsi zamanı yaranır. Sığorta olunan ziyanın məbləğinin çox olmasını, sığorta şirkəti isə həmin məbləğin az olmasını idda edir. Bəzi şirkətlər qanunvericiliyin tələblərini pozaraq sığorta olunana dəyən ziyanın ödənilməsindən yayınmağa cəhd edir. Bu səbəbdən də münasibətlər hətta o qədər kəskinləşir ki, iş məhkəməyə qədər uzanır.

Araşdırmalarımıza görə, sığorta bazarında problemlərin artmasında məlumatsızlıq, banklara və şığorta şirkətlərinə olan inamsızlıq əsas rol oynayır. Çünki banklarda sığortaya ikinci dərəcəli məsələ kimi baxılır. Banklar həm müştəriyə sığorta şirkətini seçmək imkanı vermirlər, həm də bağlanan sığorta müqaviləsinin şərtləri izah olunmur. Bu cür problemlərin kütləviləşməsində müştərilərin də təqsiri, günahı çoxdur. Belə ki, sığorta müqaviləsini bağlayarkən müştərilər sığorta müqaviləsini oxumur, onun şərtləri ilə yaxından tanış olmur və sadəcə müqaviləyə imza atırlar. Kreditlə avtomobil alanlar bankın tələbi ilə onun istədiyi sığorta şirkətində maşını sığorta etdirməyə məcbur edilirlər. Maşını tez almaq həvəsində olanlar müqavilə şərtləri ilə tanış olmadan tələsik bu tələblərlə razılaşır. Ona görə də hadisə baş verəndə ciddi problemlər yaşanır.

Araşdırmalarımıza görə, bəzi hallarda sığorta şirkət ilə avtomobil sahibi arasında imzalanan müqavilələr birtərəfli hazırlanır. Əksər hallarda sığorta şirkətinin məsulliyyəti, yəni, hansı hallarda avtomobilə dəyən ziyana görə ödəniş yerinə yetirəcəyi açıq-aydın göstərilmir. Ona görə də bəzən haqsız olaraq şirkət ödənişdən imtina edir. Belə halların bir sığorta şirkəti tərəfindən bir neçə dəfə təkrarlanması sonda vətəndaşda bütün sığorta şirkətlərinə qarşı inamsızlıq yaradır. Qeyd edək ki, avtomobil dəymiş zərərə görə (kasko) sığortası təminatı ilə sığorta etdirilirsə, bu o deməkdir ki, yalnız avtomobilin özünə dəymiş zərər sığorta şirkəti tərəfindən ödənilir. Kompleks sığorta isə həm avtomobilə dəymiş zərər, həm avtomobilin içərisindəki sürücü və sərnişinlərin bədbəxt hadisələrdən sığortası, həm də həmin avtomobil sahibinin başqa şəxslərə, avtomobillərə vurduğu zərərə görə məsuliyyətinin sığortasını nəzərdə tutur. Eyni zamanda avtomobilin digər hadisə, məsələn, yanma, oğurluq, aşma, avtomobilin üzərinə ağacın düşməsi və sair  nəticəsində zədələnməsi də kompleks sığorta təminatına daxil edilir. Ona görə də sığorta etdirənin maraqlarının, mənafeyinin tam qorunması üçün avtomobili kompleks şəkildə sığorta etdirmək daha  məqsədəuyğundur. Bütün bunlara görə də risk və sığorta tariflərinə təsir edən iqtisadi amillər düzgün qiymətləndirilsə, sığortanın bu növü kifayət qədər gəlirli ola bilər. Belə ki, düzgün sığortalanma qaydaları nəzərə alınmaqla, qarşılıqlı faydalı sığorta müqaviləsi imzalanarsa, avtomobilin sığortalanması həm sığorta şirkəti, həm də sığortaçı üçün faydalı ola bilər.

Diqqət çəkən məqamlardan biri də sığorta növləri üzrə toplanan vəsaitlərin xərclənməsi üzrə şəfaflığın təmin olunmasıdır. Əgər hər hansı avtomobil sahibi hər il üçün ödədiyi sığorta pulunu bu və ya digər şəkildə ala bilmirsə, sonradan onun üçün sığorta maraqlı olmur. Ona görə də bu istiqamətdə ciddi tədbirlərin həyata keçirilməsi zəruridir.

Sığorta şirkətləri məxfi olmayan informasiyaların yayımında aktiv olmalıdır

Araşdırmalarımıza görə, Azərbaycanda bəzi vətəndaşların qayıqları, katerləri və yaxtaları var. Qayıqlardan daha çox balıqların ovlanmasında istifadə edilir. Bəzi sığorta şirkətləri su nəqliyyatında istifadə olunan nəqliyyat vasitələrinin sığortalanması ilə bağlı elan versələr də, bu günə qədər nə qədər və hansı nəqliyyat vasitəsinin sığortalanması barədə rəsmi məlumatlar ictimaiyyətə təqdim edilməyib. Ona görə də sığorta şirkətlərinin məxfi sayılmayan informasiyaları cəmiyyətə açıqlamasında şəffaflıq təmin edilməlidir ki, vətəndaşların sığortaya inamı artsın və dövlət büdcəsi sığorta ödənişləri hesabına zənginləşsin.

Təbriz VƏFALI 

Azərbaycan İnformasiya Mərkəzinin direktoru, analoq.az saytının baş redaktoru 

Bu yazı Azərbaycan Sığortaçılar Assosiasiyasının “Risklərin idarə edilməsində sığortanın rolu” mövzusunda təşkil etdiyi yazı müsabiqəsi üçün yazılıb

 

 

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button