Araşdırma

Azərbaycan rəqəmsal inqilabın liderlərindən biridir

Yeni texnologiyalar dayanıqlı inkişaf sahəsində məqsədlərə çatmaq üçün artıq öz töhfəsini verməkdədir. Qloballaşan və rəqəmsallaşan dünyamızın bir parçası olan Azərbaycan iqtisadiyyatın yeni çağırışlarına vaxtında qoşulmaqla, regionda üstün mövqeyə malik söz sahibinə çevrilib.
…1881-ci ilin noyabrın 23-də Bakıda Nobel Qardaşları Cəmiyyətinin baş kontoru ilə sədr və baş mühəndisin evlərini birləşdirən, uzunluğu 6 kilometr olan ilk telefon xətti istismara verilib. Həmin xətt Azərbaycanda ilk rabitə xətti hesab olunur və milli rabitəmizin təməli məhz o tarixdən götürülür. Azərbaycanda telefon rabitəsinin yaradılmasının 140 illik yubileyi Qarabağ Zəfərimizin 1 yaşı ilə üst-üstə düşür. Yubileylə bağlı “Azərbaycan Telefon Rabitəsi 140” loqotipi hazırlanıb, bu tarixə həsr edilmiş marka, zərf və xatirə nişanı buraxılıb. Regionlarda rəqəmsal texnologiyalar sahəsi haqqında biliklərin artırılması məqsədilə ödənişsiz onlayn kurslar təşkil edilib. Eləcə də, könüllü qanvermə aksiyası, müvafiq mobil operator tərəfindən bir neçə regionda təmənnasız səyyar mobil diş və mobil göz klinikaları təşkil olunub. Milli rabitənin tarixi, həmçinin onun keçdiyi yol barədə sənədli filmin çəkilişləri başa çatdırılıb. Rabitəçi şəhid ailələri, qocaman rabitəçilər ziyarət edilib, bu sahədə uzun müddət çalışan əməkdaşlar xüsusi diplomlarla təltif olunublar.
Ölkəmizdə rabitənin inkişafı yönündə atılmış ən mühüm addımlardan biri də Heydər Əliyevin 2003-cü fevralın 17-də “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiyanın (2003-2012-ci illər)” təsdiqi ilə bağlı sərəncamıdır. İnformasiya-kommunikasiya texnologiyaları sahəsində bu gün də davam etdirilən siyasət məhz bu strategiyaya söykənir. Hazırda Azərbaycanda hər 100 nəfərə 85 internet istifadəçisi düşür ki, onların da 50 faizi yüksəksürətli internetdən istifadə edir. Bu göstəriciyə görə, Azərbaycan MDB və Mərkəzi Asiyada liderdir. Müasir infrastruktura malik mobil sektor “3G”, “4G” xidmətləri təqdim edir. Əhalinin 98 faizi rəqəmsal televiziyaya malikdir. Bu, hələ son deyil. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi daha yüksək uğurlara, daha böyük məqsədlərə doğru irəliləməkdədir.

BMT-nin böyük önəm verdiyi sahə

“Qeyd etməliyəm ki, biz hər gün rəqəmsal texnologiyaların sülhün möhkəmləndirilməsinə, insan haqqlarının genişlənməsinə və bütövlükdə cəmiyyətin maraqları naminə dayanıqlı inkişafa hərtərəfli yardımın çoxsaylı nümunələrinə şahidlik edirik. BMT-nin Ticarət və İnkişaf Konfransının hesabatında çox maraqlı ideyalar və analitik açıqlamalar yer alır. Bu sənəd geniş beynəlxalq auditoriyanın diqqətli yanaşmasına layiqdir. Çünki, biz hamımız rəqəmsal iqtisadiyyatın ildırım sürətli inkişafı prosesində heç kəsin yaddan çıxmaması üçün çalışırıq”. Bu sözləri iki il bundan əvvəl Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antoniu Quterriş söyləyib.
Artiq rəqəmsal iqtisadiyyatın sürətli inkişafı özündə dünya ictimaiyyəti üçün ciddi çağırışlar daşıyır. Belə çağırışlar isə adekvat cavablar tələb edir. Təhlillər göstərir ki, dünya ölkələri arasında rəqəmsal uyğunsuzluq müşahidə olunur. Misal üçün, az inkişaf etmiş ölkələrdə İnternetdən yalnız hər beş sakindən biri istifadə edirsə, inkişaf etmiş ölkələrdə hər beş nəfərdən dördü internetə girişə malikdir. Bu cür rəqəmsal uyğunsuzluqda aparıcı rolları iki ölkə – Amerika Birləşmiş Ştatları və Çin oynayır. Aşağıdakı ststistikaya diqqət yetirin: blokçeyn (razılaşmalara dair bütün qeydlərin saxlanıldığı blokların fasiləsiz zənciri) texnologiyaları ilə bağlı bütün patentin 75 faizi, dünyada internet biznesinə çəkilən xərclərin 50 faizi və açıq hesablama texnologiyaları üzrə dünya bazarının 75 faizindən çoxu bu iki ölkənin payına düşür. Həmçinin, dünyanın 70 nəhəng rəqəmsal platformasının bazar kapitallaşmasının 90 faizi məhz bu iki ölkənin sərəncamındadır.
Avropaya gəldikdə isə, onun rəqəmsal platformaların bazarda kapitallaşmasındakı payı 4, Afrika və Latın Amerikası ölkələrinin birlikdə – 1, Rusiyanın payı isə cəmi 0,2 faizdir. Nəticə etibarı ilə hazırda “texnoloji və tənzimləyici havanı” ABŞ və Çin yaradır.

Rəqəmsal iqtiadiyyat və onlayn platformalar

…Rəqəmsal iqtisadiyyatın ikinci hərəkətverici qüvvəsi kimi platformaların genişləndirilməsi çıxış edir. Son onilliklər ərzində dünyada məlumatlara əsaslanan, iqtisadiyyatın mövcud sahələrinə transformasiya olunan biznes-modellərdən istifadə edən çoxsaylı rəqəmsal platformalar yaranıb. Bu platformaların əhəmiyyəti haqqında dünyanın səkkiz nəhəng şirkətindən yeddisi bazar kapitallaşmasının göstəricisinə görə, platforma biznes-modellərindən istifadə edir. Rəqəmsal platformalar müxtəlif tərəflərə onlayn rejimində qarşılıqlı fəaliyyət göstərməyə imkan verən mexanizmlər kimi çıxış edir.
Əməliyyat platformaları özündə onlayn rejimdə işləyən və müxtəlif tərəflər arasında əməliyyatların həyata keçirilməsini təmin edən infrastruktura malik ikitərəfli/çoxtərəfli bazarları ehtiva edir. Onlar nəhəng rəqəmsal korporasiyalar (“Amazon”, “Alibaba”, “Facebook” və “iBey” kimi), eləcə də rəqəmsal texnologiyanın (“Uber”, “Didi çusin”, yaxud “Eyrbnb”) geniş istifadə olunduğu bölmələrdəki qurumlar üçün əsas biznes-modelə çevriliblər. İnnovativ platformalar kod və kontent layihəçilərinin əlavələr və proqram təminatını yaratdıqları mühiti ehtiva edir. Buna misal olaraq əməliyyat sistemlərini (“Android” və ya “Linuks” kimi), yaxud texnoloji standartlar (misal üçün, videofayllar üçün MPEG formatı) formasını göstərmək olar.
Bü gün dünya yeni qlobal dəyişiklikərlə üz-üzə dayanıb. Dördüncü Sənaye İnqilabı ilə həyatımıza xeyli yenliklər daxil olub. Bunlardan biri də onlayn platformalardır. Bu platformalar məhz ona görə uğurlu hesab olunur ki, məhsulun və xidmətin tədarükçüləri ilə birgə işləmir, sadəcə onların fəaliyyətini mərkəzləşdirilmiş qapalı platforma vasitəsilə tənzimləyir, çatdırılan məhsulların və xidmətlərin satışını təşkil edir. Bu cür platformaların vasitəçilik fəaliyyəti texniki şəraitin – smartfonların, GPS sistemlərinin, ödəniş qaydalarının hər yerdə yayılması sayəsində mümkün olub.
Ayrıca onu da qeyd edək ki, belə platformalar şəffaflıq, pirinq (bərabərhüquqlu), informasiya mübadiləsi və qlobal fəaliyyət prinsipləri ilə təşkil edilmiş kütləvi əməkdaşlığın hesabına gündən-günə çiçəklənir.

Respublikamız rəqəmsal mərkəzə çevrilməkdədir

…Bu gün rəqəmsal texnologiyalar Azərbaycanda da tətbiq olunur və ölkəmiz artıq rəqəmsal transformasiya yolundadır. Hökumət Azərbaycanda iqtisadiyyatın rəqəmsallaşdırılması və rəqəmsal iqtisadiyyatın qurulması yönündə böyük işlər görür. Respublikamz Avropa və Asiyanı birləşdirən nəqliyyat və enerji mərkəzinə çevrilib və hazırda Azərbaycanın rəqəmsal və texnoloji mərkəzə çevrilməsi yönündə işlər aparılır. Cari qlobal dəyişikliklərin və pandemiyanın yaratdığı şəraitin fonunda Azərbaycanın əsas məqsədi iqtisadiyyatın rəqəmsallaşdırılması, rəqəmsal iqtisadiyyatın qurulması, infrastrukturun təhlükəsizliyinin və texnoloji müstəqilliyin təmin edilməsi sayəsində ölkənin rəqabətədavamlılığının yüksəldilməsi, respublikanın sərmayə cazibədarlığının artıtılması və informasiya suverenliyinin təmin edilməsidir.
Pandemiya ilə mübarizə fonunda dünyada baş verən dəyişikliklər Azərbaycanın qarşısında müasir çağırışlara cavab vermək və iqtisadi inkişafın yeni üfüqlərini açmaq kimi öhdəliklər qoyur. İnkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycan üçün də iqtisadiyyatın rəqəmsallaşdırılması, rəqəmsal iqtisadiyyatın qurulması və innovasiyaların tətbiqi prioritet məsələlərdən sayılır. Ölkənin əlverişli coğrafi ərazidə yerləşməsi, təbii ehtiyatları, insan potensialı, eləcə də son illərdə Prezident İlham Əliyev tərəfindən qəbul edilmiş dövlət proqramları, fərman və sərəncamlar bunun üçün bütün imkanları yaradır. Burada əsas məqsəd iqtisadiyyatın müxtəlif sektorlarından tutmuş şəhər infrastrukturuna kimi, ictimai həyatın bütün sahələrində rəqəmsal texnologiyanın tətbiq edilməsidir. Bu proses, öz növbəsində, aşağıdakı beş sahəni əhatə edir: təhsil, infrastruktur, informasiya təhlükəsizliyi, elmi-texniki tərəqqi və normativ tənzimlənmə.
Dövlətlər və biznes təşkilatları tərəfindən müxtəlif rəqəmsal qərarların və onlayn platformaların tətbiqi şəraitində Avropa və Asiya arasında ötürülən trafikin həcmi artır, internetdən istifadə çoxalır. Bu konteksdə “Azerbaijan Digital Hub” proqramı çərçivəsində həyata keçirilən layihələr texnoloji bazanın yaradılmasına gətirib çıxaracaq və Azərbaycanın Avropa və Asiya arasında internet və kontenti ötürən mərkəz kimi formalaşmasını təmin edəcək.
Qeyd etmək lazımdır ki, artıq həyata keçirilən “Azerbaijan Digital Hub” rəqəmsal iqtisadiyyat üçün platforma və ona aid müxtəlif layihələr, respublikada iqtisadiyyatın rəqəmsallaşması üçün əlverişli şərait yaradır. Bu mənada rəqəmsal iqtisadiyyat üçün sabit texnoloji strukturun qurulması, ölkəyə nəhəng kontent-provayderlərin (Facebook, Google, Netflix, Amazon, Alibaba, Tencent və başqaları) cəlb edilməsi, Azərbaycanın vasitəçiliyi ilə Asiya ölkələrinin trafik müddəti ilə bağlı tələbatının təmin edilməsi nəticəsində ölkənin rəqəmsal mərkəzə çevrilməsi baş verməkdədir.

Ən geniş yayılmş rəqəmsal platforma – taksi xidməti

…Son illərin yeniliklərindən sayılan rəqəmsal platformalarından birinə, müştərilərə təklif edilən taksi xidmətinə nəzər yetirməyimiz maraqlı olar. Bir çox daşıyıcılar mobil reklam çarxlarında, saytlarda yerləşdirdiyi tanıtım mətnlərində öz üstünlüklərini xüsusi qeyd etməyə çalışırlar. Son illər rəqəmsal platformalarda taksi xidmətlərinə dair bu tip reklam çağırışları çoxalıb. Onlar yeni model, təmiz, səliqəli, sərinkeşli, GPS-naviqatorlarla təchiz edilmiş avtomobillərlə həftənin 7 günü, sutkanın 24 saatı paytaxt sakinlərinin xidmətində durduqlarını bəyan edirlər. Bakıda taksi xidməti göstərən “Uber”, “Bolt”, “Bakı Taksi xidməti -1000”, “Ulduz Taksi -5000”, “Ekonom Taksi – 9111” daşıyıcı platformalarn təmsilçiləri ilə görüşdük. Belə xidmətdən yararlanan müştəri əvvəlcədən gediş haqqının məbləğini öyrənə, digər xidmətlərlə müqayisə edə və onların arasından ən sərfəlisini seçə bilər. Sürücüdən narazılıq yarandığı zaman firmaya şikayət etmək, həmçinin taksidə unudulmuş əşyalar barədə məlumat almaq mümkündür. Taksini müxtəlif üsullarla sifariş etmək olar: dispetçer xidmətinin nömrəsinə zəng etməklə, sifarişi onlayn sayt, yaxud smartfondakı əlavə vasitəsilə rəsmiləşdirməklə. Bu, olduqca rahatdır. Tariflər avtomobilin klasından asılı olaraq fərqlənir. Şəhər daxilində müştərinin ünvana çatdırılmasının orta vaxtı 10-15 dəqiqə təşkil edir. Sifarişin ödənilməsinin müxtəlif variantları təklif olunur: ünvana çatanda nəğd şəkildə; Visa və MasterCard kartları, mobil əlavə və ya bank terminalı; hesaba köçürmə (hüquqi şəxslər üçün) vasitəsilə. Kredit kartı ilə ödəmə imkanını əvvəlcədən dəqiqləşdirmək təklif edilir. Çünki, platformaların heç də hamısı belə xidməti tətbiq etmir. Onlayn daşıyıcıların hər bir müştəridən əldə etdiyi gəlir ödənilən məbləğin 15-20 faizi arasında dəyişir.

Bölgələrdə rəqəmsallaşma: Şamaxı nümunəsi

…Yeni sənaye inqilabının təzahürləri təkcə paytaxt Bakıda deyil, respublikanın bölgələrində də görünməkdədir. Bu mənada Şamaxı rayonu bir ilkə imza atıb, desək, yanılmarıq. Açıq hökumətin təşviqinə dair fəaliyyət planına uyğun olaraq Şamaxı rayonunda da bir sıra işlər görülüb, rəqəmsallaşma ilə bağlı maraqlı layihələr həyata keçirilib. Onların arasında elektron müraciət portalı xüsusilə fərqlənir. Vətəndaşların dövlət qurumları ilə daha rahat təmasda olmaları, birbaşa, maneəsiz müraciətləri üçün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə xüsusi portal yaradılıb və o, 2020-ci ilin sentyabrından vətəndaşların ixtiyarındadır. Sakinlər istənilən dövlət qurumuna birbaşa müraciət ünvanlayır və ilkin müraciət zamanı onların fərdi elektron kabineti formalaşır. Onlar buradan müraciətlərinin statusu barədə istənilən məlumatı ala bilsinlər. Eyni zamanda, bu portalın üstünlüklərindən biri də odur ki, yerli və mərkəzi icra hakimiyyəti orqanları istədikləri vaxt müvafiq quruma ünvanlanan müraciəti izləyə bilirlər. Qürurverici faktdır ki, Ümumdünya Telekommunikasiya İttifaqının keçirdiyi müsabiqədə Şamaxı pilot layihəsi elektron hökumət nominasiyasında qalib elan edilib. Artıq Azərbaycanda elektron hökumətlə bağlı yaradılan ekosistemin göstəricisi olan bu layihə çərçivəsində toplanan məlumatlar təhlil edilir.

“Ağıllı şəhər” və “ağıllı kənd” layihələrinin tətbiqi Qarabağ regionunun inkişafında mühüm rol oynayacaq

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun böyük elmi işçisi, texnika üzrə fəlsəfə doktoru Məmməd Həşimov KİV-ə verdiyi açıqlamasında qeyd edib ki, bu gün bir çox inkişaf etmiş ölkələr “ağıllı şəhər” və “ağıllı kənd” layihələrinə üstünlük verir. Azərbaycanda “ağıllı şəhər” konsepsiyasının tətbiqi ilə bağlı araşdırma aparılması və pilot layihə həyata keçirilməsi imkanlarının müəyyən edilməsi Prezident İlham Əliyevin 2020-ci il 27 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2020–2022-ci illər üçün Milli Fəaliyyət Planı”nda öz əksini tapıb. 2021-ci il aprelin 19-da isə Azərbaycan Prezidenti “Ağıllı şəhər” (Smart City) və “Ağıllı kənd” (Smart Village) konsepsiyasının hazırlanması haqqında” Sərəncam imzalayıb: “Zəfərlə başa çatan İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad edilmiş torpaqlarımızda texnoloji əsaslarla şəhərsalmanın həyata keçirilməsi istiqamətində bir çox işlərə start verilib. Prezident İlham Əliyev tərəfindən Zəngilan rayonunun Ağalı kəndinin ərazisində “ağıllı kənd” layihəsinin təməli qoyulub və tikinti işləri davam etdirilir. Burada hər şey sıfırdan qurulmağa başladığından nəticədə texnoloji qaydalara əməl edilən mükəmməl görünüş və infrastruktur ortaya çıxacaq. İlk mərhələdə Ağalı kəndində həyata keçiriləcək layihənin icrası 5 komponent üzrə aparılacaq. Onlar yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı” və alternativ enerji sahələrini əhatə edəcək. “Ağıllı kənd” layihəsi gələcəkdə onun regionun digər ərazilərində də uğurla tətbiq edilməsinə zəmin yaradacaq. Əsas məqsəd isə elektron xidmətlərdən istifadənin genişləndirilməsi, kəndlərdə və regionun ucqar ərazilərində davamlı inkişafın təmin edilməsidir”.

Azərbaycan dünyanın ən qabaqcıl ölkələrindən birinə çevriləcək

Ölkəmiz Beynəlxalq Telekommunikasiya İttifaqının “İnformasiya cəmiyyətinin ölçülməsi” hesabatlarında inkişaf dinamikasına görə ilk onluğa daxil olan dövlətlər sırasındadır. Dünya İqtisadi Forumunun “Qlobal informasiya texnologiyaları-2016” hesabatında Azərbaycan Respublikası “Şəbəkə hazırlığı indeksi” göstəricisinə görə 139 ölkə arasında 53-cü yerə layiq görülüb.
Görüləcək işlər çoxdur. Hələ qarşıda yeni-yeni hədəflər durur. İnanırıq ki, 140 yaşlı Azərbaycan rabitəsi qarşıdakı onilliklərdə rəqəmsal inkişaf səviyyəsinə görə təkcə regionun deyil, həm də dünyanın ən qabaqcıl ölkələrindən birinə çevriləcək.

Təbriz VƏFALI

Azərbaycan İnformasiya Mərkəzinin direktoru, www.analoq.az internet portalının baş redaktoru

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button