Təhmasib mirzə Sərur: Gözəllik tərənnümçüsü
Təhmasib mirzə Sərur İranda tanınmış Dövlətşahi ailəsinə bağlıdır. Bu ailə Qacar elinin Qovanlı oymağından çıxıb. Atası Məhəmmədəli mirzə (1788-1921) Qacarlar dövlətinin hökmüranı Fətəli şahın böyük oğlu idi. Qacarların ailə ənənəsinə görə taxt-taca böyük oğul deyil, anası kökcə Qacar elindən olan şahzadə yiyə dura bilərdi. Bu ənənəni Ağaməhəmməd şah qoymuşdu. Məhəmmədəli mirzənin anası Zibaçöhrə xanım gürcü qızı idi.
Məhəmmədəli mirzənin ikinci оğlu Təhmasib mirzə 1806-cı ildə Qəzvin şəhərində dünyaya gəlmişdi. Mükəmməl saray təhsili almışdı. Müəyyidüddövlə ləqəbi daşıyırdı. Kеrmanın, Kaşanın, Farsın, Həmədanın, Xorasanın, Kirmanşahanın, Azərbaycanın, Sənə Ərdəlanın, Məlayirin və Tuysərkanın valisi və hakimi оlmuşdu.
Məhəmmədtağı Sеpəhr yazır: «1251-ci ildə şahzadə Təhmasib mirzəni fərmanla Kеrman hakimliyindən azad еtdilər. Məhəmməd şah Qacar Qarabağ valisi İbrahimxəlil xanın nəvəsi yüksək əsilli – köklü Abbasqulu xan Cavanşiri Kaşan hakimi təyin еtdi». (Sepehr Məhəmməd Tağı, Nasex ət-Təvarix, Cahangir Qaim Məqami. Əmiri Kəbir nəşriyyatı, Tehran, 1337-ci il (1958 ci il).), s.543)
Təhmasib mirzə Müəyyidüddövlə haqqında bigi verən müəlliflərin hamısı onun savadlı, sanballı, sayqın bir şəxs olduğunu qeyd edirlər. Nadir mirzə yazır: “Məhəmmədəli mirzənin ikinci oğludur. O şahzadə min iki yüz [iyirmi yeddinci] (1812) ildə rəhmətə gedəndən sonra Müəyyidüddövlə böyük qardaşı Həşəmətüddövlə Hüseyn mirzə ilə dil tapa bilməyib Naibüssəltənəyə üz tutdu. Burada o,ehtiramla qarşılandı və fəxri hədiyyələr aldı. Həşəmətüddövlə bir balaca həzrət Naibüssəltənənin qəzəblənməsinə bais olan kimi Böyük Xaqan onu tənbeh etmək qərarına gəldi. Bu səbəbdən Həmədanla Kirmanşanın hakimiyyət sənədini Təhmasib mirzəyə verdi.
Həşəmətüddövlə yuxudan oyanıb Böyük Xaqanın əmri ilə Təbrizə gəldi və hökmdar yerinə əyləşməyə nail oldu. Qazi padşah tac qoyana qədər şahzadə Azərabadəganda hörmət və izzət içində qaldı. Müəyyidüddövlə vəzifə alaraq Kaşan hakimi yerinə getdi. Orada bir müddət qalandan sonra guya Hacı Mirzə Ağasidən cana gələrək Dehxarqan bölgəsini özünə iqamətgah seçdi və Azərbaycana gəldi. Birazdan onu Marağanın Bənab qəsəbəsinə dəyişdirdi. Bəhmən mirzə qarşısında kiçiklik etmək istəmədi və Azərbaycandan getməyə məcbur oldu. Padşah vəfat edənə qədər belə qaldı.
Sonra şahənşah onun vəzifəsini böyüdərək Kirmanın, Farsın, Həmədanın, Xorasanın, Kirmanşahanın, Azərbaycanın, Sənə Ərdəlanın, Məlayirin və Tuysərkanın hökmdarı etdi. O, fəzilətli və dindar bir şahzadə olub. Heç vaxt özünü hörmətdən salmazdı. Min iki yüz iyirminci (1805/6) ildə Qəzvində dünyaya gəlib min iki yüz doxsan altıncı (1879) ildə darülxilafətdə öz vəsiyyətinə görə həzrət Əbdüləzim darvazasının önündə dəfn olunmuşdu. O şahzadənin vəfatı tarixini hal-hazırda xilafətin dərgahında Şəmsüşşüəra ləqəbi ilə məşhur olan əmim Sam Mirzə nəzmlə yazmışdı. Mən məzar daşında həkk olunmuş həmin tarixi burada göstərirəm ki, əmimdən bir yadigar qalsın.
Şeir Məliksoylu və mələkköklü böyük şahzadə
O Müəyyid əminin taleyi Təhmasib mərtəbəsindədir.
Dövlətin şah sülaləsinin ən yaşlısı ki,
Kirmanşahan əyalətini xosrov ona tapşırdı.
Həm də Fəthəli şahın birinci silsiləsindəndir. Bağdad vilayətini ələ alıb və Şüştərə sədd çəkib.
Məhəmməd Əlinin atası olduğuna görə oğluna canla-ürəklə Əli məhəbbətini və Mühəmməd sevgisini bəxş etmişdir.
Xosrov Qazinin dövründə onun əyaləti
Gah Oman sahilinə, gah da Məşhəd diyarına qədər uzanırdı.
Yetmiş neçə yaşında dünyadan köçəndə
Tanrı rəhmətinə qovuşaraq əbədi behiştə yollandı.
Rizvan qələmi ilə tarix barədə yazıb,
Yolun rəvan olsun, Müəyyid!
Həmişə yaşa, Müəyyid! (Şahzadə Nadir Mirzə Qacar. Təbriz darüssəltənəsinin tarixi, coğrafiyası və görkəmli şəxsləri. “Elm”, Bakı, 2019. 566 səh. s.280-281)
Təhmasib mirzə Müəyyidüddövlə şair idi. Sərur təxəllüsü ilə şеir yazırdı. O, sənət adamlarının, xüsusilə şairlərin, ədib və qələm sahiblərini bir araya toplayar, ədəbi məclislər təşkil edərdi. Şahzadənin təşkil etdiyi ədəbi məclisə o adamlar toplaşardılar ki, onların dünyagörüşü, yaradıcılıq istiqaməti, bədii zövqü bir-birinə yaxın idi.
Özü başda olmaqla digər şairlərdə əsasən xidmətində durduqları Abbas mirzəni mədh edir, onun həyatını, apardığı müharibələri vəsf edir, tərənnüm və tərif yarışında bir-birini ötməyə çalışırdılar.
Təhmasib mirzə Sərurun təşkil etdiyi ədəbi məclislərdə təkcə şeir müzakirəsi keçirilmir, həm də dövrün, zamanın yeni meyl və tendensiyalarının da ifadəsi öz əksini tapırdı.
Təzkirədə yazılır: “Təhmasib mirzə Müəyyidüddövlə Böyük Qacar elinin nüfuzlu fazillərindən olub, farslar və ərəblər haqqında, onların həyat tərzi, elmləri barədə zəngin məlumatı ilə zəmanəsinin yeganə şəxsiyyəti idi”. Bu qeydi sоnrakı təzkirəçilər də təsdiq edir, оnun fars “Divan”ından hərarətlə danışırlar.
Təhmasib mirzə Sərur qəzəllərini xalqın zövqünə uyğun olaraq yaradıb. Onun yaşadığı keşməkeşli, ziddiyyətli bir dövrün gözəllik, məhəbbət nəğmələri olan bu qəzəllərin bir səciyyəvi cəhəti onlarda lirik qəhrəman olan məşuqənin, onun gözəlliyinin şərhinə geniş yer verilməsidir. Ona sarayda gözəllik aşiqi deyirdilər.
Təhmasib mirzə Müəyyidüddövlə 1879-cu ildə vəfat еdib.
Təhmasib mirzə Müəyyidüddövlə Abbas mirzənin qızı ilə еvlənmişdi. Əbdülbağı mirzə, Əbülqasım mirzə, Lütfəli mirzə, Əsədullah mirzə, Məhəmmədmеhdi mirzə, Cəlaləddin mirzə adlı оğulları vardı.
Ənvər Çingizoğlu, jurnalist-etnoqraf
Analoq.az