AraşdırmaRedaktor seçimi

Bir gün dünya onların göz yaşında boğulacaq

Heç düşündünüzmü, uşaqlar niyə müdafiə olunur, nədən müdafiə olunur? Niyə dünya onların qorunmağa ehtiyac duyduqları yerə çevrildi? Niyə uşaqlar qorxusuz, ürküsüz bir dünyada yaşaya bilmir? Dünyada haqları pozulan, zorakılığa məruz qalan, təcavüzə uğrayan milyonlarla uşaq olduğu halda uşaqların müdafiə gününün qeyd edilməsi necə təzadlıdır, deyilmi? Yalnız sənədlərdə müdafiə edilən uşaq hüquqları əslində necə, niyə pozulur? Müharibə görən, işğala məruz qalan, ərazisinə təcavüz edilən Azərbaycanın, eləcə də başqa ölkələrin müharibədə öldürülən uşaqlarına qarşı edilən vəhşilikləri niyə dünya görmür?

Tarixçilər deyir ki, təxminən 6000 ildir insanlar bir-biri ilə mütəşəkkil şəkildə döyüşürlər, yəni müharibə edirlər. Əvvəlcə qəbilələr, sonra tayfalar, padşahlar, sülalələr, indi də millətlər, dövlətlər bir-biri ilə amansız mübarizə aparırlar. Tədqiqatlar göstərir ki, dünyada indiyədək aparılan real müharibələrin sayı təxminən 14 mindən çoxdur. Bu da o deməkdir ki, bəşəriyyətin demək olar ki, müharibəsiz bir günü olmayıb. Maraqlıdır, insanlar niyə dinc, əmin-aman şəraitdə yaşamaq yerinə müharibə etməyi seçir? Sülh içində yaşamağı təmin etmək üçün müharibə şərtdirmi? Axı bütün müharibələrdə dinc əhali, körpə uşaqlar zərər görür.


Qarabağın bəxti qara uşaqları

Azərbaycan öz müstəqillik tarixinə 2 ağır müharibə sığışdırdı. Zorakı, məcbur qalaraq. Müharibə bizim dövlətimiz üçün ən sonuncu yol idi, başqa ölkənin ərazisinə təcavüz isə heç vaxt qəbul edilməyib. I Qarabağ Müharibəsində ölkəmizə təcavüz edildikdən 30 il sonra II Qarabağ Müharibəsi ilə ədaləti bərqərar etdi Azərbaycan. Lakin hər iki müharibədə düşmən şərəfsizliyi ucbatından zərər görən, öldürülən, şikəst qalan uşaqlar da oldu. Azərbaycan əsgərinin I Qarabağ müharibəsində güllə atmadığı düşmən balaları böyüyüb o əsgərlərin balasına, nəvəsinə güllə atdı.

I Qarabağ müharibəsi zamanı əsir və itkin düşmüş, girov götürülmüş Azərbaycan vətəndaşları arasında uşaqlar çox olub. I Qarabağ müharibəsində 3890 nəfər itkindən 71-i uşaq idi. Ermənistanın Azərbaycanın işğal etdiyi ərazilərdə girov götürdüyü uşaqlardan 168-i Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının fəaliyyəti nəticəsində sonralar azad edildi. Bu uşaqlar arasında Xocalıdan olanlar da çox idi. Amma uşaq ikən girov götürülən xeyli xocalılı uşağın taleyi hələ də qaranlıq olaraq qalır. Xocalı şəhərinin işğalı zamanı bir gecədə vəhşi qətliamın qurbanı olan 613 dinc sakindən 63-ü məhz uşaqlar idi. Xocalı faciəsi zamanı 25 uşaq hər iki valideynini itirib. Erməni vandallarının Xocalıda törətdiyi qanlı cinayət nəticəsində 76 azərbaycanlı uşaq isə həmişəlik əlil olub.

1992-ci ildə Xocavənd rayonunun işğalı zamanı ermənilər Qarabağlı kəndindən girov götürdükləri 117 nəfər dinc sakini Xankəndinə apararkən yolda onların 76 nəfərini güllələmişdi. Onlardan 20 nəfəri 10-12 yaşına qədər uşaq, yarıya qədəri isə qadınlar idi. Füzuli rayonunun işğalı zamanı Horadiz yolunda tutulmuş 40 nəfər mülki şəxsin 29 nəfəri, Gorazıllı kəndindən götürülmüş girovların 40 nəfəri uşaqlar idi.

Xocalıdan yan gəzən beynəlxalq hüquq

Hamilə qadının qarnını bıçaqla yararaq körpəni çıxarıb itlərə yedirən, güllələdikləri anasının döşünü kəsib ağlayan körpəsinin ağzına qoyan ermənilər tarixin qanlı səhifələrindən öz əməllərini necə siləcəklər? Atasını ağaca bağlayıb gözünün önündə balasına təcavüz edənlər, yeniyetmə qızları buz kimi soyuq fevral gecəsində çılpaq soyundurub qarın üstündə zorlayanlar, ağladı deyə anasının qucağından alıb avtomat süngüsünə keçirdikləri körpələri tikə-tikə doğrayanlar, günahsız uşaqları dəmir boruya doldurdurub ağzını qaynaq edən əməllərinin cəzasını necə çəkəcəklər?

Siz dəhşətin böyüklüyünə baxın. 1988-ci il dekabrın 5-də ermənilər Hamamlı şəhərində (Spitak) 17 azyaşlı uşağı iri diametrli boruya dolduraraq, hər iki tərəfini qaynaq ediblər. Borunu hündür uçurumdan dərəyə ataraq, körpələri amansızlıqla qətlə yetiriblər. 1988-ci ildə Qarakilsə-Pəmbək mahalında 70-ə yaxın 5-12 yaşlarındakı uşaqları yenə boruya dolduraraq, hər iki tərəfini bağlayıblarmış. Qətliamın üstünü 1988-ci ilin dekabrında baş verən zəlzələ zamanı köməyə gələn fransalı xilasedicilər açıblar.

Uşaqların başını diri-diri kəsən, körpələrin başına mismar çalan, yerə uzadıb üstlərindən tankla keçdikləri azyaşlıların işgəncəsindən zövq alan yırtıcaları niyə tanımadı dünya? Böyük meydanlarda, qızıldan saraylarda, bahalı kreslolarda, dəyirmi masalarda “hüquq”, “azadlıq”, “insan haqları” deyə bar-bar bağıranlar bunları görmürdü? Xocalının ərşə yayılan naləsi niyə eşidilmədi 30 il?

Balayanın qandonduran etiraf kitabında nələr yazılırdı?

Ermənilər Xocalıda uşaqlara qarşı etdikləri vəhşilikləri özləri də etiraf ediblər. Qəddarlığı, vəhşiliyi ilə ad qazanmış Zori Balayanın 1996-cı ildə yazdığı “Ruhumuzun dirilməsi” kitabının 260-262-səhifələrində yazılanlar insanın damarında axan qanını dondurur:

“… Mən və Xaçatur onların saxlandığı zirzəmiyə daxil olanda artıq əsgərlərimiz bir uşağı pəncərənin çərçivəsinə tikmişdilər. Onun çox səs-küy etməməsi üçün ölmüş atasının dərisini qoparıb ağzına soxmuşdular. Sonra mən 13 yaşlı bir türkün baş, sinə və qarnından dərisini qopardım. Təxminən 7 dəqiqədən sonra uşaq qan itkisindən öldü. Mən birinci dərəcəli həkim kimi humanistəm, ona görə də uşağın başına gətirdiyim zülmlərdən xoşbəxtlik hiss eləmirdim. Lakin daxilən sevinirdim… Xaçatur uşağın cəsədini tikə-tikə doğradı və itlərə yem kimi atdı.

Həmin axşam biz daha 3 türk törəməsinin başına həmin oyunu açdıq. Mən patriot, vətəndaş, erməni borcunu yerinə yetirirdim. Xaçaturun və digərlərinin gözlərində mən güclü qisas mübarizəsi görürdüm. Sonra mayor Suren mənə dedi ki, biz vəhşi deyilik, lakin soyuqqanlı olmalıyıq. Türk cəlladların əlində qətlə yetirilən ermənilərin ruhları sakitləşib, şad olmalıdır. Ertəsi gün biz kilsəyə getdik. Orada 1905-ci ildə ölən ermənilərin ruhlarına dua oxuduq və dünən gördüyümüz, törətdiyimiz vəhşiliklərə görə Allahdan bizi bağışlamasını istədik…”

Əgər uşaqlara edilən zülmlər bağışlanarsa…

Nə I Qarabağ Müharibəsindən sonra, nə də müharibə olmadığını iddia etdikləri atəşkəs dövründə dinc durmadı qaniçənlər. Gah partlayıcı qoyduqları oyuncaqla, gah zəhərli su ilə, gah atdıqları bomba ilə, gah da gülləbaran etdikləri evlərdə günahsız körpələrə qıydılar. Füzuli rayonunun Alxanlı kəndində, öz evinin qarşısında, nənəsinin qucağında erməni vəhşiliyinin qurbanı olan 2 yaşlı Zəhra hansı günahın sahibi idi? Çayda tapdığı oyuncağı evə gətirib oynayan, içindəki partlayıcının partlamasından ölən Aygün kimə nə etmişdi? Tovuzda 13 yaşlı Ramin biçənəkdən ot gətirməyə getmişdi sadəcə, güllələdilər qansızlar.

İkinci Qarabağ müharibəsi zamanı da atdıqları raketlərlə nə qədər uşağın həyatına son qoydular. Naftalanın Qaşaltı kəndində 12 yaşlı Şəhriyar Qurbanov və onun 14 yaşlı bacısı Fidan Qurbanova ermənilərin gülləbaran etdikləri evlərində can verdilər, Ağcabədi rayonunun Taynaq kəndinin atəşə tutulması nəticəsində 14 yaşlı Fərid İsgəndərov həlak oldu, Gəncəyə endirilən raket zərbələri ilə 6 uşağın ölümünə səbəb oldular. 11 yaşlı Orxan Xəlilli, 6 yaşlı Məryəm Xəlilli, 1 yaşlı Mədinə Şahnəzərli, 10 aylıq Narin Xaliqova, 15 yaşlı Nigar Əsgərova, vətəni Azərbaycana bibisi ilə qalmaq üçün gələn 13 yaşlı Rusiya vətəndaşı Artur Mayakov… Dünya onlara qarşı edilən ədalətsizliyə niyə səs çıxarmadı? Bəs onların haqqı, hüququ niyə müdafiə edilmədi?

Tərtər rayonunun Kəbirli kəndinə raket hücumu nəticəsində 16 yaşlı Orxan İsmayılzadə, Bərdə rayonunun Qarayusifli kəndinin atəşə tutulması zamanı 7 yaşlı Aysu İsgəndərova, Bərdə rayonunun Yeni Ayrıca kəndinin atəşə tutulması nəticəsində 16 yaşlı Şahmalı Rəhimov qətl edildi. Tərtər rayonunun Həsənqaya kənd sakini, 16 yaşlı Turanə Həsənova, Ağdamın Şıxlar kəndi istiqamətində erməni snayperinə tuş gələn Orta Qərvənd sakini 9 yaşlı Fariz Bədəlov, Tovuzun Əlibəyli kəndində minaya düşən Aygün Şahmalıyeva qətl edilərkən harada idi haqq-ədalət? Əgər uşaqlara edilən zülümlər bağışlanarsa, o zaman nə ilahi ədalətin, nə dünya nizamının bir hökmünün olmadığı da sübut olunar.

Bütün bunların fonunda nə I Qarabağ Müharibəsində, nə də II Qarabağ müharibəsində Azərbaycan döyüşçüləri 1 nəfər də erməni uşağına güllə atmayıb, zərər verməyib. Uşaqların milliyyəti, dini, irqi, düşmənliyi əhəmiyyətli deyil bizim üçün, bir həqiqət var – uşaq günahsızdır. Hər nə qədər erməni uşaqları bizə qarşı düşmən, nifrət içində böyüdülsə də, yenə də heç bir azərbaycanlının düşmən uşağına qarşı zorakılıq etməyə əli qalxmaz.


Bütün müharibələr göz yaşıdır

Müharibə barədə çox əsərlər yaradılıb- tarixi romanlar, tablolar, bəstələr, filmlər… Bütün əsərlərin bir ana mövzusu var – müharibə heç bir halda xoşbəxtlik gətirmir. Müharibədə qalib tərəf olmur, çünki hər iki tərəfdən ölülər olur. Real qalib olan da itirdiyi canlara görə özünü tam qalib hiss edə bilmir. Xatırlayın, II Qarabağ Müharibəsində əldə etdiyimiz haqlı zəfər zamanı içimiz yana-yana, şəhidlərimizi xatırlayaraq necə yarımçıq sevinirdik. Müharibə, hansı səbəbdən olursa olsun, hər kəs üçün qan və göz yaşıdır, insan faciəsidir. O canlar ölməsin, oğullar şəhid olmasın deyə 30 il təxirə salınan münaqişə bir gün müharibə ilə nəticələnəcəkdi, bu qaçılmaz idi.

İllərlə Qarabağ problemindən qidalanan böyük dövlətlərlə yanaşı, Ermənistan da Qarabağ yaramızı daim qaşımaqla problemi şaxələndirməyə çalışırdı, dünyanın diqqətini yalançı, qondarma soyqırıma cəlb etməyə çalışırdı. Qərb dövlətləri, xüsusən də Fransanın gizli və açıq himayədarlığı ilə başından böyük işlərə can atan Ermənistana “dayan!” deyən olacaqdı əlbət. 30 ildir öz tarixi torpağına həsrət qalan dövlətin səbrinin bir sonu olacaqdı, o dəmir yumruq bir gün mütləq günahkarları əzəcəkdi. Bir gün işıq qaranlığa qalib gələcəkdi, müharibənin böyüməyə qoymadığı uşaqların qisası bir gün alınacaqdı.

Uşaqlar öldürülməsin, güldürülsün

20 ildir yazan biri kimi bəzən çətinlik çəkirəm sözləri seçməyə, kəlmələri yazıya düzməyə. Boğularaq, boğazım düyünlənərək, qəhərdən udquna-udquna yazıram bəzi yazıları. İçində uşaqların-ən məsumların, ən təmizlərin, ən günahsızların yaşadığı dünyamızı nə hala, nə vəziyyətə gətirib çıxardı insanlar… Bəzən yazılarımın bağırdığını, qışqırdığını hiss edirəm, çünki elə mövzular var ki, bağıraraq eşitdirmək istəyirsən, yazaraq yox. O yazıların yükü çiynimi əzir, yazacaqlarımın bütün ağrısını, acısını, öldürülən uşaqların əzabını, valideynlərinin çarəsizliyini ifadə edə bilmədikdə, sözlər aciz qalanda, kəlmələr çarəsiz olanda mən də çarəsiz qalıram.

İnsanlar üçün dünya getdikcə cəhənnəmə çevrilir, müharibələr, xaos, qarşıdurma, epidemiyalar… Uşaqların zorlandığı, təcavüz edildiyi, oğurlandığı, istismar edildiyi, qul kimi işlədildiyi bir dünya kimin nəyinə lazımdır ki? Belə bir dünyada uşaqların müdafiəsi gününün olması ilə olmaması arasında elə də böyük fərq yoxdur. Müharibələrdə öldürülən günahsız uşaqların ahı həkk olub dünyanın divarlarına, hərdən eşidirəm mən. Müharibə qan deməkdir, ölüm deməkdir, ağı deməkdir. Kimə lazımdır ki bu cür dünya? Qan qoxuyan, ölüm iylənən… Bütün insanların bir diləyi olmalıdır məncə. Dünyada müharibələr dayansın, uşaqlar odun-alovun içindən yox, gül-çiçək bağçalarından keçsin. Bütün insanlar bunun üçün çalışmalıdır, dünyanın dəyişməsi mütləqdir, qaçınılmazdır.

PS: Suriya müharibəsi, 2014-cü il. Bombardmandan yaralı çıxarılmış 3-4 yaşlarında körpə oğlan uşağının son nəfəsində “Mən sizdən Allaha şikayət edəcəm, hər şeyi ona danışacam”, – deyib can verməsi dünyanın üzünə tüpürmək demək deyildimi?

Lalə Mehralı

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button