Araşdırma

Elnur Allahverdiyevin evini başına uçururlar

Elə şəxsiyyətlər var ki, onların qələmə aldıqları şeirlərinin, yazdıqları əsərlərinin mənaları bütün dövrlər üçün aktualdır. Azərbaycanın işıqlı ziyalılarından olan şair və dramaturq Səməd Vurğunun yazdığı – “Cahanda hər hökmü bir zaman verir, Dünən fərman verən bu gün can verir” – şeirindəki mənanın hansı dövrə aid olduğunu demək çətindir. Mübaliğəsiz demək olar ki, şeirin mənası bütün zamanları əhatə edir.

Bəli, sanki o böyük şair bu günümüzün eybəcər məxluqlarının əndərəbadi əməllərini bilib və zamanını ayırmaqla nəticə çıxarmağı bacaranlar üçün ibrətamiz bir şeir yazıb. Həqiqətən də elə vəzifə mənsubları, harın qudurğan iş adamları var ki, onlar hansısa əyri yollarla əyləşdikləri kreslonun gücünə, seyflərindəki möhürün imkanlarına arxalanıb tabeçiliyində olanları əzməkdən, çörəklə imtahan etməkdən zövq alırlar. Kasıblarla məzələnmək, bəzən onları təhqir etmək onlar üçün adi hala çevrilir. Elə ki, çarxları dönür və dağ başından yuvalanıb ayaqlar altına düşürlər və ya onları özlərindən yuxarıdakılar sındırıb zibil qutusuna atırlar, onda ayılırlar, təbii ki, o zaman artıq gec olur. Çünki etdiyi pisliklər, göstərdiyi hörmətsizliklər unudulmur. Bir misal çəkim: əlil, kasıb ailələr Əmək və Əhalinin Sosial Müdafiəsi naziri olmuş Səlim Müslümovun etdiyi pislikləri unuda bilərmi? Kimsə səhiyyə naziri olmuş Əli İnsanovun yamanlıqlarını yadından çıxara bilərmi? İcra hakimiyyətlərinin keçmiş başçılarının, polis idarələrinin keçmiş rəislərinin və ya keçmiş prokurorların, eləcə də qudurğanlığından qaziyə təpik atan iş adamının pisliklərini yaddan çıxarmaq olarmı? Təbii ki, pisliklər və yamanlıqlar unudulmur. İnanclı və imanlı biri olaraq əminliklə deyə bilərəm ki, bu dünyada olmasa da, haqq dünyasında imkanından və mövqeyindən sui-istifadə edərək birinin çörəyinə bais olan, başqa birisinin həyatına qəsd edən, digərinin evini-eşiyini dağıdan vəzifə mənsubu, iş adamı cavab verəcək. Ona da inanıram ki, müxtəlif vasitələrlə bu dünyanın hüquq-mühafizə orqanlarının sorğu-sualından yayınan harın, qudurğan iş adamları o dünyanın sorğu-sualından qaça bilməyəcəklər. Bununla belə, elələri var ki, bu dünyada cəzalarını almalı olurlar, sıxma-boğmaya salınıb, cəhənnəm əzabı yaşayanlar da az deyil. Bir də görürsən mətbuatda yayılır ki, filan vəzifə sahibi və ya filan iş adamı 50-100 milyon manat mənimsəyib. Və ya eşidirsən ki, filan iş adamının və ya vəzifə sahibinin xarici ölkədə dəyəri on milyonlarla ABŞ dolları olan əmlakı, evi, mülki var. Artıq vəziyyət o həddə çatıb ki, insanlar vəzifə mənsublarının, iş adamlarının etdikləri talançılıq, oğurluq halları ilə bağlı məlumatları eşidəndə təəccüblənmirlər. Çünki artıq o kimi informasiyalar adiləşib.

“Sələmçi Elnur” deputat seçildikdən sonra dönüb oldu “biznesmen Elnur müəllim”

Hazırda həbsdə olan “Baku Steel Company” MMC – poladəritmə zavodunun keçmiş rəhbəri Rasim Məmmədovun müsahibələrinin birində dediyi bir fikir məni təəccübləndirmişdir: “27 yaşım olanda mənim 100 milyon dollar pulum vardı”. And olsun Şıx Eyyub Babama ki, mənim 27 yaşım olanda cibimdə və evimdə 270 manat pulum olmayıb. Düzdür, bir-iki dəfə 50-lik, 100-lük dollar görmüşəm, hətta bir dəfə 100 dollarım da olub. Yenə də and olsun Şıx Eyyub Babama ki, heç zaman mənim avrodur nədir o pul vahidindən olmayıb. Düşünmürəm ki, bundan sonra o puldan mənim olsun. Nədən ki, el məsəlidir: “Qırxında öyrənən gorunda çalar”. Dərinə gedib, o milyonları necə və hansı formada əldə etdiklərindən söhbət açmaq fikirdən uzağam. Sadəcə, onu vurğulamağı zəruri hesab edirəm ki, hər kəs etdiyi pisliyin bədəlini mütləq ödəyəcək. Bir gün yeni vəzifəyə təyinat alan və Hüseyn Abdullayev kimi müxtəlif pozalarda şəkillər paylaşan şəxs…., o cümlədən Şıxovda dəniz sahilində dəyəri on milyonlarla manata malikanə tikdirən Fizuli Ələkbərov, hazırda Memarlıq və İnşaat Universitetinin rektoru olub özünə biznes imperiyası yaradan və neçə-neçə tələbənin həyatını alt-üst edən Gülçöhrə Məmmədova, əhaliyə keyfiyyətsiz, dəyərindən qat-qat baha qiymətə məişət texnikasını sırıyan “Kontakt Home”un sahibi Elnur Allahverdiyev və digərləri də məhşər ayağına çəkiləcəklər, haqq-hesab verməli olacaqlar. Daha doğrusu, deyilənlərə görə Azərbaycanın hüquq-mühafizə orqanları E.Allahverdiyevin başının üstünü kəsdirib onu sorğu-sual edirlər. Yəqin ki, sorğu-sual sakit keçməyəcək, prokurorluq E.Allahverdiyevin evini və “Kontakt Home” mağazalar şəbəkəsini başına uçuracaq.

Elnur Allahverdiyev dövlətçiliyə və milli maraqlara bağlı şəxs olmayıb, olması da mümkün deyil

E.Allahverdiyevin necə və hansı yollarla özünə biznes imperiyası qurduğundan söhbət açmayacağam, çünki uzun vaxt apara bilər. Yalnız onu vurğulamağı vacib hesab edirəm ki, bu şəxs heç zaman dövlətçiliyə və milli maraqlara bağlı şəxs olmayıb, olması da mümkün deyil. “Su axıb çuxurunu tapar” el məsəli səbəbsiz yerə deyilməyib. Atası Marat Allahverdiyev Ayaz Mütəllibovun, daha sonra isə AXC-Müsavat hakimiyyəti dövründə müxtəlif vəzifələrdə işləyib. Hətta A.Mütəlibovla yaxın dost, Moskvada biznes ortağı olub. Bütün fəaliyyətini Ümummilli Liderimiz Heydər Əliyevə qarşı əks kampaniya aparmağa səfərbər edib. Xalq Ulu Öndərimiz Heydər Əliyevi ikinci dəfə hakimiyyətə dəvət etdikdən sonra Marat Allahverdiyev qaçaraq Moskvaya gedib. Orada da dövlətçiliyə və Ulu Öndərimizə qarşı qarayaxma kampaniyası aparmaqdan əl çəkməyib. Hətta 2000-ci ildə AXCP sədrliyini zəbt edən Əli Kərimli ilə geniş iş birliyi qurub. Əlaqələrin daha da inkişaf etdirilməsi üçün M.Allahverdiyev Ə.Kərimli ilə erməni milyonçu Aram Abramyanı tanış edib. Bu səbəbdəndir ki, bəzi şəxslər, o cümlədən də keçmiş səfir İsfəndiyar Vahabzadə İnternet TV-lərin birinə müsahibəsində ermənilərlə qohumluq əlaqəsi olanlar sırasında Milli Məclisin deputatı Elnur Allahverdiyevin də olduğunu bildirmişdir.

Təəssüf ki, bəzi dəhşətli faktları və məsələləri yazmaq, qeyd etmək mümkün deyil. Bəlkə də zamanı gələndə insanları dəhşətə gətirə biləcək faktları açıqlamaq mümkün olacaq. Hələlik isə E.Allahverdiyevin biznes imperiyasına gedən yolda yaşananların bir hissəsi bu qədər. İkinci hissəsi ondan ibarətdir ki, Elnur Allahverdiyev uzun müddət sələmçi olaraq fəaliyyət göstərib. Yəni insanlara böyük faizə pullar verib. İndi də çoxları onu “Sələmçi Elnur” olaraq çağırırlar. Bu “Sələmçi Elnur” 2020-ci ildə Ramiz Mehdiyevin siyahısı üzrə Milli Məclisə deputat seçildikdən sonra dönüb oldu “biznesmen Elnur müəllim”. Əldə etdiyi statusa arxalanmaqla “Kontakt Home” mağazalar şəbəkəsinin coğrafiyasını genişləndirib. Elə bir vəziyyət yaradıb ki, Azərbaycanın hər bir kənd və qəsəbəsində bu lazımsız mağazalar şəbəkəsinin filialları fəaliyyət göstərir. Təkcə Bakı şəhərində bu lazımsız “Kontakt Home” mağazalar şəbəkəsinin 48 mağazası fəaliyyət göstərir.

Əksər hallarda əhaliyə kredit adı ilə sırınan məişət texnikası xarab və istifadəyə yararsız məhsullar olur. Keyfiyyətsiz məhsulları geri qaytarmaq və ya başqası ilə dəyişmək də mümkün deyil. Çünki “Kontakt Home”un müəyyənləşdirdiyi qaydalar belədir. Harasa və kiməsə şikayət etmək nəticəsidir. Deputat statusu alıcını borclu çıxarmağa imkan verir. Lakin indiki məqamda həyatın sərt şilləsi və dövranın qara buludları E.Allahverdiyevin başının üstündə və sağında, solunda fırlanır. Deputat statusu filanı da qalmayıb. Baş prokurorluğun əməkdaşlarının E.Allahverdiyevə məxsus şirkətlərdə yoxlamalara başlaması əhalinin haqqının və harayının yerdə qalmayacağından xəbər verir. “Haynan gələn vaynan gedər” el məsəli səbəbsiz yerə deyilməyib.Mynews.az

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 1 Ortalama: 5]

Back to top button