Elm və təhsil

Məhkəmə sabiq məktəb direktoruna elektron qolbağın taxılması barədə hökm çıxardı

Lənkəran rayonunun Şirinsu kənd orta məktəbinin sabiq direktoru Zeynəb Əhmədovaya hökm oxunub və o, 5 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.“Report”un əldə etdiyi məlumata görə, bu barədə hökm Lənkəran Ağır Cinayətlər Məhkəməsində elan olunub.

Bildirilib ki, Z.Əhmədovanın barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın.

Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. Protest Şirvan Apellyasiya Məhkəməsində araşdırılacaq.

İttiham aktına əsasən, Z.Əhmədova işlədiyi müddət ərzində müxtəlif cinayətkar üsullardan istifadə edilməklə faktiki olaraq tədris olunmayan dərs saatlarının rəsmiləşdirilməsi yolu ilə və digər qanunsuz vasitələrlə dövlət büdcəsindən ayrılan ümumilikdə 3 min 849 manat məbləğində pul vəsaiti mənimsəməyib.

O, həmçinin öz vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə işə qəbul üçün müraciət edən şəxsin tam ştat vahidi üzrə vakant elektrik vəzifəsinə təyin olunması müqabilində 500 manat məbləğində pul vəsaiti və digər maddi neməti rüşvət qismində alıb.

İstintaq dövründə Z.Əhmədovanın barəsində Cinayət Məcəlləsinin 179.2.3-cü (Mənimsəmə və ya israf etmə, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 311.1-ci (Rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb. Məhkəmənin qərarı ilə onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdi.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button