Cəmiyyət

Fransa bölgəyə girə bilmədi: Azərbaycan və Türkiyə oyunu belə pozdu…

Azərbaycan ərazi bütövlüyünü bərpa etdikdən sonra ölkəmizə qarşı qarayaxma kampaniyasının həyata keçiriləcəyi məlum idi. Qlobal güclərin iradəsinin əksinə olaraq Azərbaycanın öz torpaqlarını, suverenliyini bərpa etməsi onlar üçün yaxşı “ssenari” deyildi. Prezident İlham Əliyevin də vurğuladığı kimi, Minsk qrupunun həmsədr ölkələri (ABŞ, Rusiya, Fransa) hər zaman Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına qarşı çıxıb. Vətən müharibəsində və bir günlük antiterror tədbirlərində onlar bunun əleyhinə oldular.

Bunu Teleqraf.com-a Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Azay Quliyev deyib.

O qeyd edib ki, döyüş meydanında Azərbaycanın qarşısını kəsə bilməyənlər informasiya cəbhəsində, ölkəmizə qarşı “səfərbər” olublar: “İlk növbədə Avropa Parlamenti və AŞPA daha fəal görünür. Avropa Parlamenti Fransanın Xarici İşlər Nazirliyinin bir bölməsinə çevrilib. Təşkilat Azərbaycana qarşı Fransadan gələn tezislərə əsasən məsuliyyətsiz, siyasi əxlaqa sığışmayan addımlar atır. AP-nin sonuncu qərəzli qətnaməsinin və hesabatının mahiyyəti də bundan qaynaqlanır”.

Deputat hesab edir ki, digər amil Azərbaycanın və Türkiyənin bölgədə güclənməsidir:

“Türk birliyinin dünya siyasətində və gündəminin formalaşmasında təsirli gücü onları narahat edir. Bu tendensiyanın qarşısını almaq üçün hərtərəfli gözdənsalma, qaralama kampaniyasına başlayıblar. Bununla Azərbaycana müəyyən formada zərbə vurmağı düşünürlər”.

Ətraflı
Millət vəkilinə görə, Fransa Azərbaycanı hədəf almaqla Cənubi Qafqazda yeni gərginlik ocağı yaratmağa çalışır: “Bölgədə xaos, hərbi münaqişələr və əməliyyatlar üçün zəmin yaratmaq niyyətləri var. Ermənistan vasitəsi ilə bunu həyata keçirmək istəyirlər. Bu kontekstdə İrəvanın silahlandırılması üçün bəhanə və səbəb formalaşdırmaq planları mövcuddur. Fransanın regiona güc vasitəsi kimi daxil olması, strateji və geostrateji maraqlarını həyata keçirməsi üçün əsas yaratmağa çalışırlar. Bütün bu kompanentlər isə Azərbaycanı hədəfə çevirir”.

Azay Quliyev vurğulayıb ki, Azərbaycan bütün bu təhdidlərə cavab vermək iqtidarındadır və buna hazırdır: “Torpaqlar işğaldan azad edilən zaman Azərbaycana qarşı çirkin kampaniyaların həyata keçiriləcəyi gözlənilirdi. Türk və müsəlman dövlətinin digər ölkələrdən fərqli olaraq ərazi bütövlüyünü hərbi-siyasi yolla bərpa etməsini bağışlamaq istəmirlər. Ölkəmizə qarşı əsas hücumların mahiyyəti məhz bundan qaynaqlanır. Tarix göstərdi ki, 44 günlük Vətən müharibəsi, antiterror əməliyyatları və ondan sonrakı mərhələdə heç bir güc, təzyiq Azərbaycanın, onun liderinin iradəsini sındıra bilmir. Azərbaycan-Türkiyə birliyi güclü, real çəkindirici funksiyaya malikdir. Bu birliyin, gücü qarşısında onların dağıdıcı fəaliyyəti, qərəzli informasiya müharibəsi nəticəsiz qalacaq”.teleqraf.com

Analoq.az

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button