“Müəllimlərimizlə və şagirdlərimizlə qürur duyuram” – Həcər İbrahimova
Həcər İbrahimova: “Məktəbin müəllim və əməkçi kollektivi, həmçinin şagirdlər tərəfindən sevilmək hər direktora nəsib olan xoşbəxtlik deyil”
Hər bir məktəbin uğuru və reytinqi onun məqsədyönlü fəaiyyəti, dövlət və xalq qarşısındakı müstəsna və tarixi xidmətləri ilə xarakterizə edilir. Şübhəsiz ki, bu fəaliyyət özündə məktəbdəki təhsilin, tədrisin və təlim-tərbiyənin yüksək səviyyəsini, şagirdlərin dərsə davamiyyətini, ali təhsil müəssisələrinə daxil olan məzunların çoxluğunu, müəllim-işçi kollektivinin peşəkarılığını və dövləti əhəmiyyətə malik olan digər vacib elementləri ehtiva edir. Sadaladıqlarımız baxımından bir sıra uğurlara imza atmış tədris müəssisələrindən biri də Xırdalan şəhəri 9 nömrəli tam orta məktəbdir. Məktəbin direktoru Həcər xanım İbrahimova analoq.az saytına müsahibəsində rəhbərlik etdiyi təhsil ocağının fəaliyyəti, bu ilki uğurları və gələcək planları barədə ətraflı məlumat verib.
– Həcər xanımı oxucularımıza necə tanıda bilərik?
– Mən Ibrahimova Həcər Məmmədəli qızı 1960-cı ildə Naxçıvanda anadan olmuşam. 21 yaşımda ikən əmək fəaliyyətinə başlamışam. Müxtəlif təhsil ocaqlarında müəllimə kimi işləmişəm. Bakı şəhərinə köçdükdən sonra Nəsimi rayonunda yerləşən 44 saylı orta məktəbdə müəllimə kimi 8 il çalışmışam. 2010-cu ildə Təhsil Nazirliyində keçirilən imtahandan maksimum 30 baldan 26 bal toplayaraq Xırdalan şəhəri 9 nömrəli tam orta məktəbin direktoru kimi fəaliyyətə başlamışam və hazırda direktor vəzifəsini icra edirəm. Təhsil sahəsindəki xidmətlərimə görə dəfəlrlə fəxri fərmanlara layiq görülmüşəm.
– Ən böyük məktəblərdən birinin direktorusunuz. Belə bir məsuliyyətli vəzifəni daşımaq sizin üçün nə qədər çətindir?
– Doğru buyurdunuz. Həqiqətən də çoxsaylı şagirdlərdən, müəllimlərdən və əməkçilərdən ibarət böyük bir kollektivə rəhbərlik etmək böyük məsuliyyət, yüksək peşəkarlıq, xüsusi diqqət və təmənnasız qayğı tələb edir. Çünki hər bir məktəbin və onun kollektivinin öz üzərlərinə götürdükləri bi sıra vəzifələr var və bu vəzifələrin öhdəsindən layiqincə gəlmək üçün peşəkar, savadlı və təcrübəli olmaqdan əlavə, qabiliyyətli, bacarıqlı, istedadlı və vicdanlı olmaq da əsas şərtlərdəndir. Hər birimizə məlumdur ki, təhsil və onun keyfiyyət səviyyəsi cəmiyyətin inkişafına birbaşa təsir göstərən başlıca amillərdəndir. Bu baxımdan təhsil sahəsində dövlət tərəfindən qarşıya qoyulan məqsədlərə çatmaq üçün ümumtəhsil müəssisələrinin, o cümlədən bizim məktəbimizin də üzərinə xüsusi vəzifə düşür. Bu vəzifənin öhdəsindən layiqincə gəlmək üçün məktəbimizin müasir standartların tələblərinə uyğun idarə olunması hökmən vacibdir. Başqa sözlə, hər bir təhsil ocağı da cəmiyyətimizin tələblərinə cavab verməli və təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət etməlidir. Yəni, biz təkcə bilikli məktəblilər deyil, həmçinin ümumi qayda və dəyərlərə hörmət ruhunda tərbiyə almış şagirdlər də yetişdirməliyik. Bir sözlə, dövlətimizin və xalqımızın gələcəyini müəyyənləşdirəcək ƏSL İNSAN yetişdirməliyik. Çünki məktəb həm də insan üçün həyat dərsidir.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevdən bir sitat gətirmək istəyirəm. Ulu Öndər deyirdi ki: “Mənim üçün ən əziz nemət Azərbaycanın uşaqlarıdır, gəncləridir. Çünki Azərbaycan Prezidenti kimi mən də bu gün Azərbaycanın böyük gələcəyi haqqında düşünürəm. Azərbaycanın gələcəyi isə Azərbaycanın gənclərindən və uşaqlarından asılıdır”.
Ulu Öndərimizin dediklərindən belə bir haşiyə çıxartmalıyam ki, hər bir millətin tərəqqisi onun gələcəyinin necə qurulmasından asılıdır. Gələcəyi isə gənclər qurmalıdırlar. Məhz buna görə də gənclik öz soy-kökünə bağlı, milli-mənəvi dəyərlərə sadiq, əyilməz və tükənməz bir güc sayılır və hər bir millətin mövcudluğu üçün də sağlam gəncliyin olması vacib şərtdir. Çünki ölkədə dövlətçiliyin və müstəqilliyin daha da möhkəmləndirilməsi və gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən və onların aparıcı qüvvəyə çevrilməsindən asılıdır. Məhz bu baxımdan respublikamızda gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin daha da inkişaf etməsinə təkan verir və gənclərimizin cəmiyyətdə təsdiq olunmaları üçün şərait yaradır.
Digər tərəfdən, bütün tarixi dövrlərdə olduğu kimi bu gün də gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsində vətənpərvərlik hisslərinin tərbiyəsi həmişə aktualdır. Gənc nəslin arasında milli şüurun inkişafı, vətənpərvər hisslərinin tərbiyəsində rol oynayan mühüm amillər, şərtlər və qanunlar çoxdur. Onların ən başlıcalarının – qəhrəmanlıqlarla zəngin olan hərb tariximizin öyrənilməsi, xalqımızın əsrlər boyu bizə örnək olan mərdliyinin, hünər və rəşadətinin, milli qürurunun təbliği həyata keçirilən ən mühüm vəzifədir. Bu baxımdan təkcə Bakı şəhərində deyil, regionlarda da vətəndaşların hərbi vətənpərvərlik tərbiyəsi istiqamətində mühim işlər görülür. Gənclərin vətənpərvərlik, dövlətimizə və xalqımıza məhəbbət ruhunda tərbiyə edilməsi ən mühüm sahələrdən birinə çevridiyi üçün resublikamızda bütün tərbiyə işini həyatla əlaqələndirmək sahəsində məktəblər xüsusi rol oynayırlar. Çnki təhsil ocaqları ictimai inkişaf qanunlarını şagirdlərə başa salmalı, məktəbliləri xalqımızın ənənələri, vətənin müdafiəsinə hazır olmaq ruhunda tərbiyələndirir, onlarda yüksək vətənpərvərlik hissini, həmçinin xalqımızın əxlaqına zidd təzahürlərə qarşı qətiyyətli mübarizə ruhunda inkişaf etdirirlər. Azərbaycan ordusu və xalqının Qarabağ müharibəsində düşmən təhlükəsinə qarşı mübarizədə göstərdiyi qəhrəmanlıqların, igidliklərin öyrənilməsi məktəblilərin hərbi-vətənpərvərlik tərbiyəsi üçün xüsusi əhəmiyyətə malikdir.
– Məktəbinizin ictimai fəaliyyəti, şagirdlərinizin qazandıqları uğurlar barədə hansı məlumatları oxucularımızın diqqətinə çatdırmaq istərdiniz?
– Direktor təyin olduğum dövrdə məktəbimiz ən aşağı faizlə nəticə göstərirdi. Həmin vaxtlarda nəticə 38 faiz idi. Ciddi səylərimiz, bacarığımız və təcrübəmiz sayəsində bu göstəricini 86 faizə kimi qaldırdıq. Məktəbimizin şagirdlərindən biri imtahanda 700 bal toplayaraq ən yüksək bala sahib olub. 11-ci sinfi bitirən məzunlarımızdan 12 nəfəri eyni ildə 600 bal toplayıb. Keçən il 600-dən yuxarı bal toplayan 4 şagirdimiz 11-ci sinfi bitirənlər olub və onlar respublikamızın ən tanınmış universtitetlərinə qəbul olunublar. Ötən il həmçinin 9-cu sinif şagirdlərimizdən 11 nəfəri qırmızı attestat alıb. Onu da bildirim ki, məktəbimiz təkcə şagirdlərimizin uğurları ilə deyil, həm də müəllim kollektivimizin nailiyyətləri ilə də məşhurdur. Belə ki, məktəbimizdə 1 nəfər əməkdar müəllim, 1 nəfər Tərəqqi medalı alan əməkdaşımız var. Qabaqcıl döş nişanı alan müəllimlərimiz də çoxdur. Mən müəllimlərimizilə və şagirdlərimizlə qürur duyuram.
– Bəzən deyirlər ki, məktəbi, müəllim və şagird kollektivini idarə etmək, dəmir nizam-intizam yaratmaq üçün hər kəsin direktordan qorxması lazımdır. Sizcə, bu, doğrudurmu?
– Mən bu cür fikirlə razılaşmıram. Sevgiylə ən yüksək nəticələri əldə etmək mümkündür. Məsələn, bizim məktəbdə 144 sinif komplekti var və 4027 şagird təhsil alır. Böyük bir məktəbi idarə etmək çox çətindir. Elə direktorlar var ki, şagirdlərin hamısını tanımır, yaxud, şagirdləri yaxşı tanımır. Amma mən şagirdlərimizi çox yaxşı tanıyıram. Onları çox gözəl anlayıram. Eyni zamanda müəllim kollektivini də, müəllimlərimizin qayğılarını da çox gözəl anlayıram. Və məktəbimizin müəllim və əməkçi kollektivi, həmçinin şagirdlərimiz xətrimi çox istəyirlər, mənə böyük hörmət və dərin rəğbət bəsləyirlər. Çünki əməlimlə, işimlə onlara özümü sevdirməyi bacarmışam. Bu hər direktora nəsib olan xoşbəxtlik deyil.