Müsahibə

“Əksəriyyət axına düşüb üzməyə üstünlük verir” – MÜSAHİBƏ

Analoq.az 24Media-nın Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Multimedia və elektron kommunikasiya kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru, “ARB 24” TV-də Xəbərlər Departamentinin direktor müavini Aynur Nəsirova ilə olan müsahibəsini təqdim edir.

Doğum gününü qeyd edən Aynur Nəsirova 24Media-ya jurnalistika və müəllimlik fəaliyyətindən, qarşılaşdığı çətin situasiyalardan, peşə prinsiplərindən danışdı:

Söhbətimizə jurnalistikaya gəlişinizdən başlayaq. Bu istək, maraq necə, nə zaman yarandı?

– Əvvəlcə, bu gün yanımda olduğunuza görə sizə təşəkkür edirəm. 24Media Jurnalistika fakültəsinin tələbələri üçün çox gözəl platformadır.
İndi isə keçək suallara. Orta məktəbdə iki peşəyə həvəsim var idi; fransız dili müəllimliyi və jurnalist. Müəllim peşəsi ailəmə, jurnalist peşəsi isə özümə daha yaxın idi. Adım tələbə siyahısında çıxana qədər Jurnalistika fakültəsini 1-ci yazdığımı çox az adam bilib. Ailəm isə jurnalist olacağımı Bakı Dövlət Universitetinə qəbul olduğumu bildiyim gün öyrənib. Amma paralel olaraq onların da arzusunu reallaşdırmışam. Fransız dili müəlliməsi olmasam da, çoxlu tələbələrim var.

Uzun illərdir televiziya sahəsində fəaliyyət göstərirsiniz, amma sizi ekranlarda görə bilmirik. Bu nədən irəli gəlir?

– Hər zaman kadr arxasında olmağı üstün tutmuşam. Efir adamı deyiləm. İlk illərdə rəhbərliyin təkidi ilə bir dəfə “Sara” TV-də xəbərlər efirinə çıxdım. Amma bu ilk və son efir oldu.

Bu yaşınıza qədər peşə fəaliyyətinizdə hər zaman əməl etdiyiniz prinsiplər, normalar hansılar olub?

– İlk növbədə, xəbərin operativliyinə diqqət yetirirəm. Həm özüm reportyor kimi fəaliyyət göstərdiyim illərdə, həm də reportyorlarla işlədiyim dövrdə üstünlüyü xəbərin operativliyinə, eksklüziv xəbərlərə vermişəm. Jurnalistin öz mənbələri olmalıdır, xəbər ilk ona verilməlidir. Xüsusi diqqət etdiyim digər məqam isə, Azərbaycan dilinin qayda-qanunlarına əməl edilməsidir.

Fəaliyyətiniz dövründə qarşılaşdığınız ən çətin situasiyanı və onun öhdəsindən necə gəldiyinizi oxucularımızla paylaşmağınız maraqlı olar…

– Belə situasiyalar çox olub. Bir neçəsini danışa bilərəm. 2000-ci illərin əvvəllərində Lider TV-də Zaqatala hadisələrini mən izləyirdim. O zaman vəziyyət çox gərgin idi. Xəbərlər hər dəqiqə yenilənirdi. İnformasiya gəldi ki, yaralı əsgərlər gətirilir. Dəqiq ünvan deyilmədiyi üçün vertolyotun enə biləcəyi mümkün məkanları nəzarətdə saxlamağı qərara aldıq. Zabrat qəsəbəsinə çatmağa az qalmış xəbər aldım ki, vertolyot Badamdar tərəfə enəcək. Təcili geri qayıtdıq. Demək olar ki, ünvana eyni çatdıq. Çox çətin vəziyyətdə idik. Vertolyotun endiyi ərazi keçilməz idi. Arakəsmələrin üzərindən keçəndə bir neçə dəfə yıxıldım. Buna baxmayaraq, çəkiliş etməkdə israrlı idim. Dizlərim qan içində idi. Bu vəziyyətdə olduğumu görüb vertolyotun içərisinə buraxmaq istəməsələr də, geri çəkilmədim. Hətta yaralı əsgərlərdən müsahibə belə aldım. Ağrıları isə reportaj efirə gedəndən sonra hiss eləməyə başladım.

2-ci hadisə isə qəzetdə işlədiyim dövrlərdə olub. Milli Məclisə akkreditasiya olunan jurnalist kimi hər həftənin 2 və 5-ci günləri parlamentin iclaslarını izləyənlər arasında mən də var idim. İclasların birində qapının ağzında Milli Məclisdə çalışan qrup yoldaşımın məni gözlədiyini gördüm. Sakitcə “Aynur, Murtuz müəllim sənin parlamentin binasına buraxılmağına qadağa qoyub. Zəhmət olmasa, səssiz geri qayıt” deməsi məni hövsələdən çıxardı. Səbəb kimi iclas zamanı müşahidələrim əsasında yazdığım reportaj göstərildi. Ondan məni heç görmədiyini söyləməsini istədim. Jurnalist hüquqlarını bildiyim üçün asanlıqla parlamentin binasına daxil oldum.

Prezident Aparatında akkreditasiya olunmuş müxbir kimi çalışmaq necə idi?

– Çox gözəl… Günüm demək olur ki, Prezidentin görüşlərində, rəsmi tədbirlərdə keçirdi. Sanki iki kollektivdə işləyirdim. Biri TV-dəki iş yoldaşlarım, digəri isə Administrasiyada akkreditasiyadan keçən jurnalistlər. Bir dəqiqə belə dayanmadan işləyirdik. Bir çəkilişdən azı 5-6 müsahibə ilə qayıdırdıq. Biz informasiyanı ilkin mənbədən alırdıq.

Media sahəsində kifayət qədər zəngin təcrübəyə malik şəxs kimi ölkəmizdə medianın vəziyyətini necə qiymətləndirirsiniz?

– Jurnalistlərimiz daha operativ olsalar, eksklüziv xəbərlərin sayı çoxalsa, “copy paste”lər azalsa, mətbuat konfranslarında sual vermək naminə suallar verilməsə, jurnalistlər mənbənin təkcə xəbər saytları olmadığını özlərinə aşılasalar, mediamız ələkdən keçirilsə, hər şey əla olar.

Müxtəlif elmi məqalələr yazmısınız, kitab müəllifisiniz. Bəs, sizcə, bu gün jurnalist kimi fəaliyyət göstərən insanlar üçün elm maraqlıdırmı, kifayət qədər savadlıdırlarmı?

-Təəssüflər olsun ki, bu sualın cavabı ürəkaçan deyil. Əksəriyyət axara düşüb üzməyə üstünlük verir. Hətta savadlılar belə…

“ARB 24” TV-də Xəbərlər Departamentinin direktor müavinisiniz, sizə görə xəbər janrının digərlərindən əsas fərqi nədir?

– Xəbər mənim üçün jurnalistikanın sütunudur. 20 ildən artıqdır ki, bu sahədəyəm və əsla buradan ayrılmaq fikrim yoxdur.

Aynur Nəsirovaya görə Azərbaycanda ən uğurlu “xəbərçi”lər kimlərdir və xəbərləri təqdim edən jurnalist hansı keyfiyyətlərə malik olmalıdır?

-Aynur Nəsirovaya görə, ən uğurlu xəbərçilər yuxarıda sadaladığım keyfiyyətləri özlərində əks etdirənlərdir.

Mətbuatda savad, yoxsa təcrübə daha üstün mövqe tutur?

– İkisi də lazımdır. Əsas odur ki, savad təcrübədə daha da möhkəmlənsin.

Sizcə, Azərbaycan televiziyalarında fərqli pəncərədən baxan verilişlərin olmamasının, bənzər verilişlərin çoxluğunun səbəbi nədir?

-Deməzdim ki, fərqli verilişlər yoxdur. Fikrimcə, az da olsa, teleməkanda fərqli verilişlər var.

Pedaqoji fəaliyyətlə məşğul olursunuz. Sizin üçün hansı daha doğmadır?

– Düşünürəm ki, biri olmasa, digərində boşluq yaranar. Auditoriyaya girəndə, hər şeyi unuduram. İşdən qaçaraq gəldiyimi də, yorğun olduğumu da… Hər şeyi…
Fikrimdə təkcə tələbələr və öyrətmək istədiklərim olur. Tələbələrimə də hər zaman deyirəm ki, biz birlikdə öyrənirik. Dərslərdə, əsasən, praktikaya üstünlük verirəm. Nəzəriyyə başlamazdan əvvəl praktik tapşırıqlar verirəm. Səhvlərin üzərində öyrənirik. Fikrimcə, bu zaman daha yaxşı öyrənmək mümkündür.

“Müəllim fədakar olmalıdır”, – deyirlər. Müəllimlə jurnalistin fədakarlığını tərəziyə qoyduqda hansı daha ağır gələr?

– Bu sual mənim üçün çətin oldu. Hər iki peşə fədakarlıq tələb edir.

Universitet auditoriyalarında qarşılaşdığınız tələbələrinizlə televiziya dəhlizlərində qarşılaşmaq necə hisdir?

-Çox gözəl hissdir… Sizə deyim ki, mənim birinci tənqidçilərim də onlardır. Onlar o qədər çoxdurlar ki, ARB TV-nin digər işçiləri belə mənə “müəllim” deyə müraciət edirlər.

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button