Bəlkə biz düz etmirik?
Biz millət olaraq ac qalsaq da,informasiya,xəbər sarıdan ac qalmırıq. Qalmamışıq da… Demək olar ki, sosial şəbəkələr,xəbər saytları hər gün oxucuları təəccübləndirir.
Zibillikdə uşaq tapılır, ata oğlunu öldürür,qardaş bacısını güllələyir,heç kimə lazım olmayan müğənnilər evlənir, boşanır, lüt şəkillər çəkdirir və s.Hələ intiharları, kriminal hadisələri demirəm. Süni qiymət artımı, sahibkarların özbaşnalığı,Binə, Sədərək ticarət mərkəzlərində sahibkarlara olan haqsızlıq, medianın gündəmində xəbər manşetinə çevrilə bilməzmi?
Bunları diqqətdə saxlasaq bəzi problemlər öz həllini tapmış olar. Jurnalist araşdırması,müxbirlik missiyası yuxarıda sadaladıqlarımdan ibarət deyil axı.Bu qədər problemlər kənarda qala-qala ən asan yola əl atıb onu xəbərə çevirmək jurnalist olmaqdırmı?
Bəzi xəbər saytları hansısa icra başçısını, millət vəkilini topa tutmağı artıq bir növ, qarşısına məqsəd qoyub.Sahibkar icarəyə verdiyi yerin qiymətini qaldıra da bilər, ərzaqların qiymətində artım da ola bilər.Hətta dükanlarda siqaret qıtlığı da yarana bilər.
Necə ki,bu gün hansı dükandan siqaret soruşursan,satıcı qoyun taxta qapıya baxan kimi alıcıya baxır.Bunları bir kənara qoyaq. İqtisadi devolvasiyadır.Hər şeyə dözmək olar.Ən azından bu bahaçılğı yaradan dolların şıltaqlığına dözmüşük.Bundan sonra da dözərik.Dollardan söz düşmüşkən,dolların qiyməti sürətlə qalxan vaxtda bəzi işbazlar sürətlə varlanmaq eşqinə düşüb əlimizdə-ovcumuzda olanı dartıb aldılar.
Hələ banklara dolların yeni kursuyla kredit ödəyənləri demirəm.Moskva qurmaq xəyalına düşən “sahibkarlar” bazar qiymətindən ucuz aldıqları malları ikiqat baha satıb sanki dərimizə saman təpdilər.İndi də dolların sürətlə enməyini görənlər yenə qollarını çırmalayıb dövran sulayırlar.Həzrət Abbas haqqı,bunların hamısı unudulub gedəcək.
İqtisadi baxımdan hər şey öz qaydasına düşəcək.
Millət vəkili Araz Əlizadənin mübahisə doğuran müsahibələri,Lapşinin qeyri-qanuni Azərbaycan torpaqlarına gəlməsi və xalq artisti Canəli Əkbərova qarşı təşkil olunan qarayaxmalar unudulmayacaq.
Qarayaxma deyəndə saytlarda gedən məqalələrdə şərh yazanları nəzərdə tuturam. Kimin ağlına nə gəldisə, münasibət sərgiləyir. Canəli müəllim həyatın bütün girdablarından üzü ağ, alnıaçıq çıxan, müəllimləri Seyid Şuşinski və Xan Şuşinskidən muğam ifaçılığının qayda-qanunlarını mənimsəyən və öz ifaçılıq qabiliyyətini təkmilləşdirən bir xanəndədir.
Yaddaş üçün qeyd edim ki, o,1965-ci ildən Azərbaycan Dövlət Filarmoniyasının,1976-cı ildən bu günə kimi Azərbaycan Dövlət Opera və Balet Teatrının solistidir. Xanəndə teatr səhnəsində muğam operalarında bir sıra yadda qalan obrazlar (Məcnun və İbn-Səlam (Ü.Hacıbəyov – “Leyli və Məcnun”), Şah İsmayıl (M.Maqomayev – “Şah İsmayıl”), Aşıq qərib (Z.Hacıbəyov – “Aşıq Qərib”) yaradıb. Şəhərdə üç nəfərdən biri Canəli Əkbərovun həmkarları haqqında dediklərindən danışır.
Bu sənətkarları tanıyan,tanımayan hamı bunun müzakirəsini edir.Dağdan ağır kişi yaşının bu çağında dilə-ağıza düşüb.Canəli müəllimin məlum müsahibəsində dedikləri onun muğam müsabiqəsində iştirak etməməsindən yaranıb. Amma o fikirləri də qərəzlə söylədiyinə inanmaram.
Hardasa qıcıqlanıb bir-iki kəlmə deyib.Bunu yalan-yanlış bu qədər şişirtməyə vallah, dəyməz.Hər gün saytları bu cür xəbərlərlə bəzəmək mərdi qova-qova namərdə çevirmək deməkdir.Və ya ustad sənətkarların bu yaşlarında birinin xeyrinə,birinin ziyanına yazmaqla nə qazanırıq?Hər ikisi dünyagörmüş ağsaqqallardır.Onların səhhəti belə imkan vermir ki,yaşlarının bu vaxtında qalmaqala tuş olsunlar.
Canəli Əkbərovla çox gözəl münasibətim var. Elinin-obasının ağsaqqalı kimi ona daima hörmət-izzətlə yanaşmışam.Sənəti haqqında nə isə demək mənim səlahiyyətlərimin çərçivəsində deyil.O,bu sənətə təsadüfi gələnlərdən deyil.Ustad görmüş sənətkardır.İndi də ömrünün ustad dövrünü yaşayır.
Hamını başa düşdük.Yəni xəbər saytlarında manşetləri bəzəyən xəbərlərdən tutmuş,bu xəbərlər haqqında rəy yazanlara qədər… Bəs xalq artisti Rasim Balayevə nə düşüb ki,Canəli müəllim haqqında “qudurub” kəlməsini işlədir?Hörmətli Rasim müəllim, sizə də Canəli Əkbərova da xalq artisti adını cənab Prezident verib.Sizin kino sahəsində xidmətləriniz olduqu kimi,bu kişinin də musiqi sahəsində xüsusən,muğam sahəsində xidmətləri danılmazdır.Dişiylə-dırnağıyla qazandığı uğurlar onun halal haqqıdır.
Ara qarışıb məzhəb itdiyi vaxtda ustad sənətkarlar haqqında xoşagəlməz yazılar onlara yox, birbaşa bizə, yəni xalq olaraq Azərbaycan xalqına,onun mədəniyyətinə, incəsənətinə dağdan ağır muğamına təsir edir.
Canəli Əkbərov da bu millətin övladıdır,Arif Babayev də.Bizə isə onların adlarına,sənət və şəxsiyyətlərinə hörmətlə yanaşmaq qalır. Sağlığında dəyər versək,onlar daha uzun ömürlü olub xalqa və sənətə xidmət etmiş olarlar.
Savalan Talıblı