Xalq artistinin qızı: “Qışqırdım ki, atamı öldürməyin” – Müsahibə
– Bahar xanım, atanız rəhmətə gedəndə səkkiz yaşınız olub. Xatirələriniz diridir, ya solğunlaşıb?
– Bir səhnəciyi heç vaxt unutmuram. Onunla əl-ələ küçədə gəzişəndə səkinin kənarı ilə gedirdik. Onda niyə isə atam qəfildən mənə tərəf çevrilib dedi, “qızım, yadında saxla, bu dünyada insan üçün ən yaxın adam, vacib dost onun anasıdır. Ana insan üçün hər şey deməkdir”. Mən onun bu sözlərinə əhəmiyyət vermədim, amma bir az getmişdim ki, ayağım sürüşdü yıxıldım, özümdən asılı olmayaraq – “mama” dedi. Onda dedi, “gördün, bayaq dediklərimə əhəmiyyət vermirdin, amma indi yıxılanda ananı yadına saldın”. O, rəhmətə gedəndə mənim səkkiz yaşım vardı. Səkkiz yaşlı uşaqla ata nə söhbətlər edə bilərdi ki. O, öz həyat tərzi ilə nümunə olurdu.
– Atanız evdə necə adam idi?
– Atam filmlərdəki obrazları ilə çox ciddi təsir yaradıb. Amma mənimlə çox vaxt keçirərdi, oynayırdı, gəzərdi. Bütün bayramlarda, Novruz, Yeni il şənliklərinə, sirkə, tamaşalara aparardı. Onun tamaşalarının çoxunda olmuşam. Yadıma gəlir ki, “Komsomol poeması” tamaşası zaman mən də zalda idim. Atam orda Gəray bəy rolunu ifa edirdi. Gəray bəy axırda öldürüləndə mən qışqırmışdım ki, atamı öldürməyin. Onda çox böyük qorxu keçirmişdim. Tamaşadan sonra anam məni qrim otağına aparmışdı ki, onun sağ olduğuna inanım. Teatrla ilk tanışlığım atamın “ölümü” ilə başlamışdı.
Evdə atam məni çox əzizləyirdi. Mənim üçün quraşdırdığı, bəstələdiyi mahnıları oxuyur, lay-lay deyirdi. Ailədə təbii ki, səhnədəki adam olmurdu. Hətta hərdən mənə elə gəlir ki, onun efirdən eşidilən qaltanlı, bir az da xırıltılı səsi evdə xeyli mülayim olurdu.
– Ananızla müsahibəmizdə Zemfira xanım belə bir ifadə işlətmişdi ki, “mən Yusifi çox sevirdim, amma onun məni mənim onu sevdiyim qədər sevdiyinə əmin deyildim”. Sizcə hansının sevgisi daha güclü idi?
– Onların sevgisi mənim bugünkü kimi yadıma gəlir. Təbii ki, hər kəs ürəyində olanları özü daha yaxşı bilir. Ancaq onlar bir-birlərini çox sevirdilər. Sevməsəydilər, o boyda yaş fərqinə rəğmən bir ailə kimi formalaşa bilməzdilər. Atamla anamın arasında 24 yaş fərqi vardı. Bu isə az fərq deyil.
– Atanız sizə yaşlı görünməyib?
– Yox, açığı bu haqda fikirləşməmişəm. Həm də atam daxilən cavan insan idi. Mən həmişə onun yanında cavan aktyorları görmüşəm. Atam həm də çox səliqəli geyinərdi. Mənim yadıma gəlir ki, o bir köynəyi ikinci dəfə geyinməzdi. Paltarları həmişə səliqə ilə qarderobundan asılardı. Bir də atam dəhşətli dərəcədə ayaqqabı sevən idi. Hətta ayaqqabı xəstəsi idi desəm, daha dəqiq olar. Anam səliqə-səhman barədə çox diqqətli idi. Atam işdən gələn kimi anam dərhal onun ayaqqabılarını təmizləyib bir kənara qoyardı. İndi bu mənə də keçib. Çirkli ayaqqabı görəndə qıcıqlanıram (gülür).
– Atanızdan hansı xüsusiyyətlər sizə keçib?
– Anam həmişə mənə balaca Yusif deyir. Sözü çəkinmədən, sıxılmadan üzə demək xüsusiyyəti atamdan keçib. Ağa ağ, qaraya qara deyərdi atam həmişə. Kiməsə sözünü deməli idisə, mütləq deyərdi. O, heç zaman vəzifəyə, rütbəyə görə kimsədən çəkinməzdi, sözünü deyərdi. Bunu mədəni formada edərdi, amma edərdi.
– Heç belə situasiyanın şahidi olmusunuz?
– Bu haqda yalnız özümlə bağlı deyə bilərəm ki, o, məni heç zaman danlamazdı. Yəni məni əksinə çox ərköyün böyütmüşdü. Atam rəhmətə gedəndən sonra məni tərbiyə etmək anam üçün çox çətin oldu. Atam sağ olanda mən nəyisə istəsəm, o, dərhal həll olunardı. Zahirən də atama çox bənzəyirəm. Atamın gözləri mavi, saçları isə sarışın idi. Ona görə onu da, elə indi məni də rusa oxşadırlar.
– Ananızdan əvvəl atanız iki dəfə ailəli olub. Bildiyim qədəri o biri ailəsindən bacılarınız da var? Onlarla münasibətləriniz necə olub?
– Bacım Nata ilə əlaqəm olub. O, atamın ilk xanımından olan qızı idi. Atam rəhmətə getməzdən əvvəl onun yanına gedib gəlirdi, məni də özü ilə aparırdı. O, da atama çox bənzəyirdi, yaşda da məndən xeyli böyük idi. Yəni atam sağ olanda əlaqələrimiz vardı. Sonralar siz deyən qədər də get-gəl olmayıb.
– Atanızın ananıza və ya sizə qarşı hansısa mühafizəkarlığı, qadağaları var idi?
– Mənim üçün heç bir qadağa yox idi. Amma anama da qadağalar qoyduğunu xatırlamıram. Buna heç ehtiyac da yox idi. Zemfira xanım özü bilirdi, nə olar, nə yox.
– Bahar xanım, atanız rəhmətə gedəndə situasiyanı dərk edirdiniz?
– Edirdim. Bizdə bilirsiniz ki, insan dəfn olunan gün qəbirüstünə qadınlar və uşaqlar getmir. Amma mənim yadıma gəlir ki, anam məni həmin gün əlimdən tutub atamın məzarına apardı.
Mən atama çox bağlı idim. O həmişə işdən gec gəlsə belə, mənim qayğıma qalardı, mənimlə oynayardı. Məncə anam məni həmin gün ona görə məzarlığa apardı ki, gözüm daha atamın ardınca qalmasın.
– Xəstəxanada olanda da yəqin ki, atanızın yanına aparırdı…
– Gedirdik. Anam məni aparırdı. Hətta bir dəfə atamla anam xəstəxanada yanaşı oturanda onlara yaxınlaşıb demişdim ki, öpüşün, öpüşün! (gülür).
– Bahar xanım, atanızın ölümünə yaxın xəstəxanada ağlamasını görmüşdünüz?
– Yox. Onu görməmişdim. Amma sizin kimi mən də anamdan bunu eşitmişəm. Elə o əhvalatın sabahısı günü atam rəhmətə getdi. Bəlkə də mən onun yanında olanda da ağlayıb, amma elə ağlayıb ki, bunu görməmişəm. Bilirsiniz, çox qəribədir ki, atam rəhmətə gedəndə ağlamadım. Mən bildim ki, ağlamaq olmaz. Amma onu da bilirdim ki, atam artıq bu həyatda yoxdur. Bəlkə də o, ölən gün ağlasaydım, daha yaxşı olardı. O günün şokunu bu günə qədər də yaşayıram. Həmin gündən sonra mənim ürəyimdə narahatlıqlar yarandı, sonralar isə ürək xəstəliyi tapdım. Anam sonralar məni beş il müalicə etdirdi. Hərdən düşünürəm ki, gərək o, ölən gün ağlayaydım. Necəsə bunu bacarmalıydım…
– Atanız rəhmətə gedəndən sonra ailə olaraq ən çox hansı çətinlikləri yaşadınız?
– İlk növbədə onu anladım ki, anam həm ana, həm də ata olmalıdır. Anam məni də qardaşımı da elə böyütdü ki, biz bacarmıram, istəmirəm sözünü tərgitdik. Yeməyimizi, dərslərimizi vaxtlı-vaxtında etməliydik. Əgər bizə bir iş tapşırılıbsa, hətta biz onu bacarmasaq belə, bacarmıram deməməliydik. Ərköyün uşaqlıq dövründən sanki birdən-birə hərbi xidmət dövrünə keçid etmişdik. Çərçivəli həyata alışmaq çox çətin olmuşdu. Anamı da başa düşürəm. Məni ərköyün böyütmək olmazdı, onun üçün çox çətin olardı. Bu gün mən özüm ana olandan sonra anamı daha yaxşı başa düşürəm.
– Səkkiz yaşından sonra atasız böyüdünüz. Həyatınızın hansı mərhələlərində gözünüz onu daha çox axtardı.
– Ən çox ailə quranda onu axtardım. Övladlarım anadan olanda da (kövrəlir)… O, məqamlarda həmişə ürəyimdən keçirdi ki, atam yanımda olsun. Bəzən elə məqamlar olur ki, fikirləşirəm, görəsən, atam mənim yerimdə olsaydı, necə edərdi, hansı qərar qəbul edərdi.
– Hansı qərarı qəbul edəcəyini hiss edirsiniz?
– Bilmirəm. Amma mənə elə gəlir ki, o, dözərdi, amma geri çəkilməzdi. Ona görə ki, o, çox möhkəm xarakterli adam idi.
– Evinizdə atanız dostlarından ibarət məclislər qurulardı?
– Əlbəttə. Atam qonaq qara sevən idi. Həmişə məclislər keçirərdilər evimizdə. Atamın ən çox yaxınlıq etdiyi aktyorlardan Tariyel Vəliyev yadıma gəlirdi. Sonra Eldar adlı bir aktyorla da çox mehriban idilər. O, adam da dünyasını tez dəyişdi. Bizim ailəvi dostlarımız sənətə aidiyyatı olmayan adamlar idilər. Atam hər təbəqədən olan insanlarla dostluq edirdi.
– Rollarını evdə məşq edirdi?
– Rəhmətə gedəndən sonra onun evdə olan çoxlu rol dəftərlərini tapdım. Evdə məşq elədiyini görməmişəm. Ola bilsin ki, edib, amma mən olmayanda və yaxud da yatanda. O. Evə gələndə iş qalırdı qapının o biri tərəfində. Ancaq bizimlə məşğul olurdu.
– Atanızın ən çox hansı obrazını sevirsiniz?
– Kinoda ən çox “Arxadan vurulan zərbə” filmindəki Fəttah dayı, bir də “Nəsimi” filmindəki Teymurləng obrazlarını sevirəm. Teatrda isə ən çox bəyəndiyim rolu “Komsomol poeması” tamaşasındakı Gəray bəy olub. O, sənətində, teatrda çox peşəkar idi. Bu fikirlərimə görə çox üzr istəyirəm. Amma bu günə qədər onun səviyyəsində olan peşəkar aktyor görmədim. Şahmar Ələkbərov da pis aktyor deyildi, Hamlet Xanızadə də yaxşıydı. Amma atam səhnədə tamam başqa cür idi.
– Yusif müəllim boydan balaca adam olub…
– Elədir. Amma səhnəyə girəndə nəhəng təsir bağışlayırdı. Son illər teatrlara getmirəm. Çünki səhnədə elə böyük aktyorları görmüşəm. İndi sənət çox ucuzlaşıb, aktyorlar da cılızlaşıb. Misalçün, mənim qızım, ya oğlum burada aktyor olmaq istəsəydilər, qoymazdım. Mən özüm rejissor olmaq istəyirdim, hətta bir, iki dəfə Ayaz Salayevin dərslərində də iştirak etdim. Amma bir gün anam bu barədə mənimlə ciddi söhbət etdi. O, mənə bu sənətin çətinliyini bir neçə kəlmə ilə izah edə bildi.
– Nə dedi sizə?
– O, mənə dedi ki, sənin normal həyat tərzin olmayacaq. Başqa insanlar kimi yaşaya bilməyəcəksən. Sualtı daşlar sənin ayağına toxunub həmişə səni incidəcək. Özünə normal bir sənət seç, onunla məşğul ol. Mən də onu dinlədim.
– Yusif müəllimin, vətən, millət anlayışı necə idi?
– O, vətənpərvər insan idi. Mənə elə gəlir ki, sovet dövründə vətənpərvər olmamaq mümkün deyildi. Amma atam partiya üzvü deyildi. Nə anamın, nə də atamın partiya bileti olmayıb. Böyük sənətkar olduğu üçün atamın bu hərəkətinə göz yumurdular.
– Amma onu teatrda da incitdilər. On il tamamilə rolsuz qaldı.
– Elədir. Onu teatrda incidirdilər. Belə olanda atam içkiyə bağlandı. Daim içirdi deməzdim, amma içirdi. Amma hiss olunurdu ki, ona qarşı olunanları qəbul edə bilmir və ürək ağrısını içki ilə sakitləşdirir. İndi başa düşürəm ki, o stress keçirdiyi üçün içkiylə “relaks” olurdu. İnanmıram ki, içki ona necəsə kömək olsun. Amma içirdi… Bir də yadıma gəlir ki, pivəni çox sevirdi. Mən də həmişə ona noxud verirdim ki, pivə içəndən sonra yesin.
– Qadınlar da onu çox seviblər. Rəhmətə gedəndən sonra məzarının üstünə gedəndə kimlərinsə gəldiyini hiss etmirdiniz?
– Atamın qəbrinin üstündə qırmızı güllər görmüşəm, amma ola bilsin atamın o biri xanımdan olan qızı, Naira qoyurdu o güləri. Mən atamı başqa qadınlarla görməmişəm. Təbii ki, ailə müstəvisində qısqanclıq da, söz-söhbət də ola bilər. Amma mənə elə gəlir ki, onlar bir-birlərini hədsiz dərəcədə qısqanmaq üçün elə ciddi səbəbləri olmamışdı. Bu səbəbi yaratmamışdılar. Onlar hər ikisi hansı sənətdə olduqlarını yaxşı bilirdilər. Atam evdə dominantlıq etməyi xoşlamazdı. Kənardan elə görünərdi ki, hər şeyi anam həll edir. Ancaq sükan həmişə atamda olurdu. Onu bir sözü vardı. Həmişə deyirdi ki, kişinin cibindən bazarlıq setkası çıxar. O, bu sözə əməl də edirdi. Anam o, sağ olanda çörək almaq üçün belə mağazaya getməyib. Hamısını atam özü həll edərdi. Özü də qəşəng bazarlıq edərdi.
– Mətbəxi necə sevirdi?
– Çox sevirdi. Anamla atam ailə quranda anam yemək bişirməyi bacarmırmış. Xörək bişirməyi ona elə atam öyrətmişdi. Atam çox gözəl kabab bişirərdi. Evdə nə isə xarab olanda da özü təmir edirdi. Desəm ki, atam həmişə çəkilişlərdə olub, evdə tapılmayıb, biz onun qayğısını görməmişik, bu yalan olar. O, həmişə bizimlə olmağa vaxt tapıb. Novruz bayramını çox sevirdi. Mən martın iyirmisində dünyaya gəlmişəm. O da bu münasibətlə adımı Bahar qoyub.
– Elə Novruz bayramı ərəfəsində də rəhmətə gedir…
– Hə. Martın 18-də halı pisləşir vəfat edir. Mənim ad günümdə isə onu dəfn etdilər.
– Sonralar ad günlərinizi keçirə bildiniz?
– Bilirsiniz, mən ölümü həm haqq kimi, həm də bir az adi hal kimi qəbul edirəm. Ölüm cismani ayrılıqdır. Mənən o, həmişə mənimlədir. Yuxularıma tez-tez gəlir. Həmişə də onu yuxuda görəndən sonra nə isə yaxşı əhvalat baş verir.
– Axırıncı dəfə atanızı yuxuda necə görmüsünüz?
– Mən onu yuxuda həmişə rəhmətə getməzdən əvvəl necə idisə, elə görürəm. Həmişə də özümü onun yanında balaca görürəm. Ya mənim əlimdən tutub gəzdirir, ya nə isə söhbət edir. Heç vaxt olmayıb ki, özümü onun yanında indiki yaş dövründə görüm. Bəzən olub ki, heç atamın üzünü yuxuda görməmişəm, amma varlığını, əlinin istisini hiss etmişəm. Və bilmişəm ki, bu adam atamdır.
– Son günlərini necə xatırlayırsınız?
– Çox çətin… Xəstə olduğu üçün anam hər gün onun yanına gedirdi. Ona qədər atam ilk dəfə idi xəstəxanaya düşmüşdü. Ümumiyyətlə o, möhkəm adam idi, nadir hallarda xəstələnərdi. O zaman anamın keçirdiyi sarsıntıları hiss edirdim. Atam rəhmətə gedəndən sonra biz möhkəm qucaqlaşıb bir birimizə sığınardıq. Bir dəfə anam məni qucaqlayanda dedi ki, heç vaxt kimin qızı olduğunu unutma. Varlı da olsan, kasıb da olsan insanları olduğu kimi qəbul et, onları dəyişməyə çalışma.
P.S. Müsahibənin baş tutmasına görə Kino İttifaqının mətbuat katibi Rəşad Qasımova təşəkkür edirik.kulis