Müsahibə

“Mənim birinci Qarabağ savaşında xidmətlərim olub”- Cavanşir Məmmədov

“Əvvəla əlli ildir ki, səhnədəyəm, gündəmdəyəm. Bunun 35 ili müğənni kimi, 16 ili isə qarmon ifaçısı kimi fəaliyyətimdir. 1982-ci ildən Ulu Öndər Heydər Əliyevin göstərişi ilə xarici ölkələrin böyük səhnələrində Azərbaycan musiqisini təmsil etmişəm. Ehtiyac varsa, sənədləri də təqdim edə bilərəm. Bununla yanaşı, Azərbaycan Televiziyasının “Qızıl Fondu”nda bu çəkilişlər saxlanılır. İtaliya, İspaniya, Yunanıstan, Fransa, Türkiyə, Malta, Almaniya, Hollandiya, Belçika, Amerika, Türkiyə və digər ölkələrdə Azərbaycan musiqisini Lütfiyar İmanov, hazırda Fransada konservatoriyada pianinodan dərs deyən Aida xanım, Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblı, İlhamə xanım Quliyeva, Quraman xanım Qasımova, Akif İslamzadə, Həbib Bayramov, Adil Bağırovla birlikdə təmsil etmişik. İngiltərədə də qastrolda olmuşuq. Şəxsən beş ay Adil Bağırov başda olmaqla, Almaniyadan Avropaya bizim qastrollarımız olub. Kəmalə Rəhimli, Vəliağa Tağıyev, Arif Əsədullayevlə birlikdə konserlərimiz olub. Bəs bunlar incəsənətimizin inkişafı, təbliği üçün bəs deyil?!” Bunu Moderator.az-a açıqlamasında Əməkdar artist Cavanşir Məmmədov deyib. Müğənni Mədəniyyət Nazirliyinin onun Xalq artisti fəxri adıyla bağlı müraciətinə verdiyi cavabdan təəssüfləndiyini bildirib:

“Bəlkə Mədəniyyət Nazirliyinin “İncəsənət və qeyri-maddi mədəni irs” şöbəsi bunları yaxşı bilmir, amma mənim fikirlərimə belə tələsik münasibət bildirməkdən öncə telefon açıb bütün bunları soruşa bilərdilər. Bununla yanaşı, atam Dilşad Məmmədov respublikasının Əməkdar artisti olub, 32 il filarmoniyanın solisti olub. Flora xanım Kərimova bibim qızıdır. Yəni bunları bir kənara qoyuram ona görə ki, söhbət mənim özümdən gedir. Ancaq 17 yaşından Azərbaycan Televiziyasında ansamblın tərkibində işləmişəm. O vaxt Təranə Gənclik ansamblı var idi, buna Yusif Heydərov rəhbərlik edirdi. Sonra 1978-ci il idi, Həbib Bayramov məni Əhməd Bakıxanova adına ansambla götürdü. Altı il orda işlədim və sonra “Xatirə” ansamblında həm qarmon, həm də müğənni kimi fəaliyyətə başladım. Mənim həmin ansambllarda lent yazılarım var.

İlk dueti İlhamə xanım Quliyevayla oxumuşam. Daha sonra Ruhəngiz Allahverdiyeva ilə iki duetimiz olub, daha sonra Flora xanım Qasımovlayla duet oxumuşam. Daha sonra isə Füruzə xanım İbadovayla duet oxumuşam və artıq iyirmi altı ildir ki, duet ifa edirik. Biz duet ifaçısı olaraq ikimiz də 2006-cı il martın 16-da Əməkdar artist fəxri adına layiq görülmüşük. Dünyada bir dənə nümunə göstərin görüm 26 il duet ortağı varmı?! Müntəzəm olaraq televiziyada çıxışlarımız, konsertlərimiz olub. “Şəfa” stadionunda, respublika sarayında, Lənkəranda stadionda konsertimiz olub, “Gülüstan” sarayında çıxışlar etmişik, fotolar da var. Dövlət tədbirlərində iştirak etmişik. Bəs bunlar bəs etmirmi?!”.

Müğənni xidməti olmayan müğənnilərə fəxri adların verildiyini bildirib:

“Bu gün fəxri ad alanlar hansı xidməti ediblər?! Moskvadan o tərəfə keçməyiblər. Bəlkə səhv deyirəm? Fəxri adlar bəzi adamlara verilib, halal xoşları olsun. Burda söhbət paxıllıqdan yox, söhbət Mədəniyyət Nazirliyinin verdiyi cavabdan gedir. Söhbət özəl konsertəndən də getmir. Söhbət dövlət xəttiylə olan konsertlərdən gedir. Yaxud da otuz yaşında adama təqaüd verilir. Təqaüd pensiya deməkdir, 65 yaşından sonra adama verilir. Burda onun əmək fəaliyyəti, xidmətləri nəzərə alınır. Otuz yaşında adama təqaüd veriləndə o, gedib dövlətə, xalqa xidmət edərmi?! Burda söhbət sənət adamından gedir. İki il ərzində eyni adama Əməkdar və Xalq artisti fəxri adları verilərmi?! Hansı xidmətinə görə bu adları verirlər?! Özünüz də bilirsiniz ki, söhbət kimlərdən gedir.

Mən Mədəniyyət Nazirliyinə dəfələrlə bununla bağlı teleqramalar vurmuşdum və cavablarında bildirdilər ki, bunu araşdıracağıq. Mənim haqqımda olan məlumatlar nazirlikdə var və bunun nəyini araşdırcaqlar ki? Bəzilərinə fəxri adlar veriblər və bəs onu necə araşdırıblar? Azərbaycan musiqisində Mir Yusifin xidməti çox olub, yoxsa Cavanşir Məmmədovun?! Yaxud da digərləri olsun. Mir Yusifə fəxri ad verildi, İzmirdə ev aldı və indi orda yaşayır. Amma məni İngiltərədə saxlayırdılar, buna razı olmadım. Kəmalə Rəhimli, Vəliağa Tağıyev, Adil Bağırov Allah şahididir. İki nəfər İran azərbaycanlısı hava limanına qədər gəldi, amma dedim ki, mənə belə təklif etməyin. Üçotaqlı ev də, iş də verirdilər ki, onların restoranında işləyim. 16 il Əməkdar artistdən başqa, 36 il müğənni kimi xidmətlərim olub. Ümumilikdə, 50 ilə yaxındır ki, sənətini bilən, sənətşunas kimi səhnədə olmuşam. Ekspert, müəllim kimi də fəaliyyətimi göstərirəm”.

C.Məməmmədov bir şuşalı kimi Qarabağda keçirilən tədbirlərdən də kənarda qaldığını deyib:

“Mən həm də Şuşalıyam. Atam Şuşadan, anam isə Naxçıvandandır. Yəni Qarabağdan olan əlli yaşlı sənətkarlar çox deyil. Dörd-beş nəfərik. Məsələn, Tacir Şahmalıoğludur, Mənsum İbrahimovdur, mənəm və sair. Axı yaşım altmış beşdən keçib. İyirmi birinci əsrin mədəniyyət tarixini yazanda kimlərin adını çəkəcəklər?! Qarabağda tədbir olur, amma məni dəvət etmirlər. Bəs bilmirlər ki, mən qarabağlıyam?! Bizim mədəniyyət nazirimiz Anar Kərimov çox yaxşı, diqqətli adamdır. O, bir dəfə təzə nazir təyin olunanda çıxışlarının birində dedi ki, bəzi adamlar fanaqrama oxuyur, amma fəxri adlar alıb. Onları təzədən attestasiya etmək lazımdır. Bu çox gözəl təklif idi və rezonansa səbəb oldu. Mən də tərəfdarıyam ki, o müğənniləri çağırsınlar görək beş dənə canlı mahnı ifa edə bilirmi?! Kim ki, xalq, bəstəkar mahnısı, muğam oxuya bilmir, adını qoyur ki, mən estrada müğənnisiyəm. Demək estrada müğənnisi canlı yox, ancaq fanaqrama oxuya bilər? Heç dəxli varmı?

Fəxrəddin Manafov da şuşalıdır, amma “Xarıbülbül” festivalına dəvət almamışdı. Zöhrə Abdullayeva da şuşalıdır və onda sağ idi. Xuraman Şuşalı da şuşalıdır. Firəngiz Mütəllimova da şuşalıdır. Mənim də atam şuşalıdır, bizim orda da evimiz var, Qəssab Abışın bazarın içində dükanı var. O, həm Flora xanımın, həm də mənim babam olub. Şuşa türməsinin yanından Bülbülün evindən bir az o tərəfdə evimiz var. Bizim evdən Şuşa türməsi görünür. Mən həmişə o vaxtlar Şuşaya getmişəm. Əslində birinci növbədə Şuşadan olan sənət adamları “Xarıbülbül” festivalında olmalıydı. Yəni ola bilsin ki, bunlar bizləri tanımırlar, nazirlikdə işçilər dəyişib. Amma gecə-gündüz efirlərdəyik, bizi tanımağa nə var ki. Bu otuz ildə televiziyada yüz dəfə demişəm ki, şuşalıyam, anam naxçıvanlıdır.

Allah Ali Baş Komandanımızı qorusun, Ordumuz sağ olsun, şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı arzu edirik ki, onlar başımızı aşağı etmədilər. Başımızı uca tuta bilirik. Biz də istəyirik ki, gedək öz torpağımızı görək. Mən də gedib babamın qəbrini ziyarət etmək istəyirəm. Mən Əməkdar artistəm, nazirlikdə haqqımda məlumatlar var, onların balansındayam. Əvvəl açıqlama verəndə zarafatla dedim ki, bəlkə mənə Əməkdar artist fəxri adı verdikləri üçün peşman olublar. Sənətimə, əxlaqıma, davranışıma, xalq arasında nüfuzuma söz yoxdur. Dövlət tərəfindən hörmətim yerindədir. Oxuduğum mahnılar da hamısı bəstəkar, vətən və sevgi haqqında olan mahnılardır. Bundan artıq nə tələb olunur ki, biz onu etmirik?”.

Müğənni birinci Qarabağ savaşındakı xidmətlərindən də söz açıb:

“Mənim birinci Qarabağ savaşında xidmətlərim olub. Bununla bağlı çəkilişlər də var. İki gün Füzulidə əsgərlərin yanında qalmışıq. Orda Füruzə xanım, Flora xanım, “Cavanşir” estrada qrupu olub. Orda nə qədər konsertlər vermişik. Özüm yardımlar, xeyriyyəçilik etmişəm. Əsgərlərimizə geyimdən tutmuş, ərzağa qədər aparmışıq. Əlimdən nə gəlirsə, hamısını etmişəm. Bəs mən niyə görə Əməkdar artist kimi ölməliyəm?! Bu ad verilirsə, nəzərə alınmalıdır, yox əgər verilmirsə, heç kəsə də verməsinlər.

Mədəniyyət Nazirliyinin “İncəsənət və qeyri-maddi mədəni irs” şöbəsi açıqlamasında bildirir ki, fəxri adlar incəsənət xadimlərinə yaş həddinə, yaxud uzunillik fəaliyyətə görə yox, mədəniyyətimiz qarşısında müstəsna xidmətlərinə görə verilir. Onda belə çıxır ki, dünən ortaya çıxan müğənniyə bunlar fəxri ad verə bilərlər? Əslində adam uzun illər xidmət edəndən sonra polkovnik olur. Necə olur ki, sən Röyaya bir ilin içində iki dəfə fəxri ad verirsən? Bəs uzun illər etdiyim xidmətlərim xalqımız üçün deyil ki?! Xidmətlərimə görə mənə Əməkdar artist fəxri adı vermişdiniz də və artıq aradan 17 il keçir. Bundan sonra da xidmət edirəm də, gedib dülgər işləməmişəm ki. Televiziyada çıxış etmək xidmət etmək deyil? Toya getməyin özü də xalqa xidmət etməkdir. Baxır toya hansı qiymətə getmisən. Heç vaxt xalqımı incitməmişəm. Əgər xalqıma lazım olmasaydım, sənətim onu qane etməsəydi, məni toyuna aparmazdı. 16 nəfərlə toya 3 min manata getmişəm, xalqa ziyan yox, kömək etmişəm. Əksər hallarda heç pul da almamışam. Bəs bunlar rol oynamırmı?! Məni hansı tədbirə çağırdınız, gəlmədim? Hara göndərmisiniz getmişik”.

Qeyd edək ki, sənətkarımızın sənət fəaliyyətini xalqımız, dövlətimiz çox yaxşı bilir. Azərbaycan musiqisinin təbliğindəki xidmətlərindən hər kəsin xəbəri var. Cavanşir Məmmədov haqqı olan xidmətinin dövlət tərəfindən qiymətləndirilməsini, nəzərə alınmasını istəyir.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button