BannerMüsahibə

“Azərbaycanda xalq-dövlət birliyi var” – FƏZAİL AĞAMALI

Ana Vətən Partiyasının sədri, millət Vəkili Fəzail Ağamalı Analoq.az – a müsahibə verib.Həmin müsahibəni təqdim edirik:

– Fəzail bəy,  2021-ci il  Azərbaycanın ictimai-siyasi tarixində hansı hadisələrlə yadda qaldı? 

– 2021-ci il Azərbaycan dövlətçiliyində və Azərbaycan xalqının həyatında əlamətdar hadisələrlə yadda qaldı. İlk növbədə 44 günlük zəfər müharibəsindən sonra cəbhədə erməni faşizminə qarşı igid əsgər və zabitlərimizin şücaəti hesabına əldə etdiyimiz qələbənin digər platformalarda davam etdirilməsinin şahidi olduq. Bu baxımdan bütün fəaliyyətin ağırlıq mərkəzi cənab Prezident İlham Əliyevin üzərinə düşdü. Daha sonra diplomatiya və informasiya cəbhəsində mübarizə yenə də ardıcıl və sistemli xarakter daşıdı. Ədə etdiyimiz qələbələr sonrakı illər üçün stimullaşdırıcı əhəmiyyət kəsb etdi.

Qeyd edim ki , 2021-ci ildə üç mühüm sənəd imzalandı. Yanvar ayında Rusiyanın Moskva şəhərində, noyabr ayında Soçidə, dekabr ayında isə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişenin səviyyəsində görüş keçirildi. Bu görüş və müzakirələrdə, eləcə də qəbul edilən sənədlərdə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, eyni zamanda Ermənistanla olan sərhədlərin dəqiqləşdirilməsi, Ermənistanda revanşist qüvvələrin ən müxtəlif səviyyələrdə, diplomatik müstəvidə tərkisilah edilməsi, kommunikasiyaların, xüsusi olaraq Zəngəzur dəhlizinin açılması ilə bağlı Ermənistanın iradəsinin sındırılmasına qədər mühüm hadisələrin şahidi olduq.

Prezident İlham Əliyev böyük fədakarlıq, enerji və yüksək təşəbbüskarlıqla bütün uğurların əldə olunmasında həlledici rol oynadı. Eyni zamanda 2021-ci ildə işğaldan azad edilən torpaqlarımizda bərpa və quruculuq işlərinə start verilməsi yaddaşlara həkk olundu. Xususilə Ağdamın, Şuşanın, “ ağıllı “ şəhər və kəndin planları müzakirə və qəbul edildi.

Türkiyə  Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştrakı ilə “Horadiz-Ağbənd” yolunun təməli qoyuldu. Bu təməl əslində Zəngəzura gedən dəhlizin ciddi xarakter daşımasının bir əlaməti oldu. Füzuli şəhərində qisa zaman kəsiyində beynəlxalq səviyyəli hava limanı istifadəyə verildi.

Azad olunmuş rayonlarımızın, kəndlərimizin elektrik enerjisi ilə təmin olunmasında,  avtomobil yollarının çəkilişində və digər xidmət sahələrində də böyük coşğunluqla işlər görülür və görülməkdə davam edir. Bir sözlə, 2021-ci il  quruculuq-bərpa işlərinin start verildiyi və eyni  zamanda  əldə olunan uğurların ciddi əhəmiyyət daşıdığı il kimi tarixə düşdü.

Təbii ki, ölkə daxilində də qarşıya qoyulan vəzifələr yerinə yetirildi. Dövlət başçısı yeni il ərəfəsində, yəni, 2021-ci ilin sonunda xalqımızın həyat səviyyəsinin yüksəldilməsi üçün sosial paketə imza atdı.

Bu, 2022-ci ildə 2 milyondan çox insanın həyatına və onun  yaşayışına öz müsbət təsir göstərcək. Ötən ilin ən böyük əlamətdar hadisələrindən biri də müzəffər Ali Baş Komandanın, dünya səviyyəli lider statusunu qazanan və böyük nüfuz sahibi olan Prezidentimiz İlham Əliyevin 60 illiyini qeyd elədik. 

–  Ana Vətən Partiyası parlamentdə boş qalmış yerlərlə bağlı seçkilərdə iştirak etməyə hazırlaşırmı?

– Biz seçkinin elan olunmasını gözləyirik. Seçki məsələsi rəsmiləşdirildikdən sonra partiyamızda məsləhətləşmələr aparılacaq. Ondan sonra seçkilərdə iştrak edib-etməmək haqqında qərar qəbul ediləcək. Bu barədə də mətbuata məlumat verəcəyik.

– Bir partiya sədri kimi  hansı partiyaların seçkidə mandat əldə edəcəyini proqnozlaşdırırsınız?

– Bu məsələ haqqında heç vaxt düşünməmişəm. Əslində düşünmək üçün əsas yoxdur. Hər bir partiya özünün imkanları, gücü hesabına seçkilərə qatılır. Bildiyiniz kimi seçkilər ciddi bir marafondur, ciddi mübarizə meydanıdır. Bu güclü meydanda da güclülər qalıb gəlir. Təbii ki, zəiflər məğlubiyyətə uğrayır. Ona görə də mən bunu düşünməmişəm. Ancaq demək istərdim ki, boş yerlərə keçiriləcək seçkilərdə iştrak edən hər bir namizədə uğurlar arzu edirəm.

– Son vaxtlar Avropada özlərini siyasi mühacir sayan, xarici qüvvələrin maliyyə imkanları hesabına yenidən aktivləşən və hakimiyyətə qarşı fəallaşanlar barədə nə deyə bilərsiniz?

– Anti-Azərbaycan qüvvələrinin maliyyəsi ilə  qidalanan bu ünsürlər Azərbaycana və onun dövlətçiliyinə düşmən kəsilən anti-milli qüvvələdir. Onlar hətta erməni faşizminə qarşı apardığımız Vətən müharibəsi dövründə də öz məkirli niyyətlərindən əl çəkmirdilər. Çünki onlara bu cür tapşırıqlar, əmrlər verilirdi. Onlar da bu əmrə, göstərişə uyğun olaraq öz dırnaqadası fəaliyyətlərini davam etdirirlər. Bu cür ünsürlər bir daha deyirəm anti-milli qüvvələrdir. Azərbaycana aid ad və soyadları olsa da onların Azərbaycanla, doğulub-böyüdüyü ellə, obayla, ailələri ilə hər hansı bir bağlılığı yoxdur. Onlar həm də o ailələrin üz qarasıdırlar. Onlar bu cür hərəkətlərlə özlərini və yaxınlarını da çox pis vəziyyətdə qoyurlar. Onları cəmiyyətdən təcrid edirlər. Çünki onların pis əməllərinə görə qohumları, yaxınları utanırlar.

Azərbaycan dövlətinə qarşı anti-milli, anti-dövlət xarakteri daşıyan bu epizodik hücümlar, qərəzli münasibət, iftira dolu fikirlər Azərbaycanı təbii ki öz yolundan döndərməyəcək. Bu, Azərbaycan xalqı ilə Azərbaycan dövlətinin vəhdətinə hər hansı bir formada mənfi təsir göstərmək gücündə deyil.

Azərbaycanda xalq-dövlət birliyi var. Vətəndaşlarımızın mütləq əksəriyyəti bu gün dövlətin, cənab Prezidentin ətrafındadır, ordumuzla bərabərdir. Azərbaycanda quruculuq işləri gedir. İnkşaf göz önündədir. Bütün bunlar özünün yeni-yeni inkşaf mərhələsinə qədəm qoyduqca anti-milli qüvvələr, xüsusi olaraq bunun içərisində yer alan  erməni diasporu, onun qidalandırdığı erməni lobbisi  bu anti-milli azərbaycanlılarla bərabər ölkəmizə qarşı böhtan kampaniyasını bundan sonra da aparacaq. Təbii ki, onların düşmən toxumlarının Azərbaycanda bar verməsinə xalq olaraq  imkan vermərik və verməyəcəyik. 

Dövlət başçısı bu ili «Şuşa ili” elan edib. Bu ili necə uğurla başa vurmaq olar?

– Bu uğurların təbii ki hədəfləri cənab Prezident tərəfindən müəyyənləşib. Deyərdim ki, əsas hədəf və məqsəd Şuşada və digər işğaldan azad edilmiş torpaqlarımızda bərpa və quruculuq işlərini sürətləndirməkdir. 

Heç şübhəsiz ki, illər uzunu erməni vandallarının Azərbaycana qarşı törətdiyi bütün vəhşiliklər, torpaqlarımızın işğalı ilə bağlı onların öz himayədarları vasitəsilə həyata keçirdiyi vandal hərəkətlər, iki yuz ildən üzübəri törətmiş olduğu soyqırımlar geniş şəkildə, həm daxili auditoriya, həm xarıcı auditoriya üçün müxtəlif dillərdə təqdim olunacaq.  

“Şuşa ili”nin elan olunması Şuşanın təməlinin qoyulmasının 270 illiyi ilə üst-üstə düşür. Düşünürəm ki, bu il Şuşanın, həm də işğaldan azad olunmuş digər torpaqlarımızın bərpa olunmasında, quruculuq işlərinin sürətləndirilməsində, eləcə də bu məkanlara böyük köçün başlanmasında ciddi addımlar atılacaq.

Savalan Talıblı

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button