Müsahibə

“Sonu qələbə ilə bitən romanı yazdım və bu, mənə həyatımın ən böyük sevincini yaşatdı”

Analoq.az tanınmış yazıçı -publisit Kənan Hacının müsahbəsini təqdim edir :

Kənan bəy, xoş gördük.

-Xoş gördük.

Son zamanlar həddən artıq məhsuldar işləyrsinz. Bu qədər enerjini haradan alırsınız?

-Bilirsiniz, yaradıcılıq o qədər sirli, müəmmalı bir prosesdir ki, burada nəyisə planlaşdırmaq, gündəlik istehsal mexanizmi işləmir. İnsanın daxili dünyasında baş verənlər onun mətnlərinə də yansıyır. Yaradıcı mexanizm saat kimi saz vəziyyətdə olmalıdır, olmayanda mətn şikəst doğulur. İnsan enerjini kənardan alır, bu yaradıcı impulslar olmayanda özünü itirilmiş vaxtın sərgərdanlığında küləyin qabağına qatıb ordan-ora sürüdüyü yarpaq kimi hiss edirsən. Mən mümkün qədər özümü mənfi enerjidən qorumağa cəhd edirəm. Buna görə də bacardığım qədər özümə vaxt və məkan məhdudiyyətləri yaradıram. Mənə əziyyət verən, məni yoran, gərginləşməyimə səbəb olan adamlardan, məkanlardan bacardıqca uzaqlaşma çalışıram. Yaşımızın elə vaxtıdır ki, bizə yalnız huzur, dinclik lazımdır. Mənasız çəkişmələr həm zamanımızı, həm də sağlamlığımızı əlimizdən alır.
Odur ki, mən də vaxtımın çoxunu yaradıcılığa sərf etməyə çalışıram.

Zatən, siz ədəbi çəkişmələrdən həmişə kənarda olmusunuz.

-Ədəbi çəkişmələr deyəndə nəyi nəzərdə tutursunuz? Yaradıcılıq fərdi bir işdir. Sağlam ədəbi müzakirələrə çox az təsadüf olunur. Bizdə çox təəssüf ki, iki mininci illərin əvvəllərində sağlam ədəbi müzakirələr olmadı, intriqalar, yazarlar arasında qısqanclıq və düşmənçilik meylləri karikatura səviyyəsinə endirildi. Nəsillərarası dialoq mətnlər üzərindən deyil, şəxslər üzərindən aparıldı. Siz gəncsiniz, o dövrü xatırlamırsınız. Yersiz ambisiyalar bəzən gənc yazıçılar arasında düşmənçiliyə gətirib çıxarırdı. Bu tendensiya indi də qalır. Mən xatırlayıram, o dövrdə biz Samir Sədaqətoğlu və İlqar Fəhmiylə birlikdə “Sənət qəzeti”ni yaratdıq. Buna qədər gündəlik ictimai-siyasi qəzetlərin ədəbiyyat əlavələri var idi, amma “Sənət qəzeti” ilk müstəqil ədəbiyyat qəzeti idi. Bu qəzetin yaranması ədəbi mühitdə böyük canlanmaya səbəb oldu. Yadımdadır, biz Sevinc Elsevərlə birlikdə Bakıya gəlmiş Orhan Pamukdan müsahibə aldıq. O zaman Pamuk hələ Nobel mükafatı almamışdı. Yazıçılar Birliyinin qurultayında qonaq qismində iştirak edirdi və fasilədə foyedə biz ona yaxınlaşıb ayaqüstü söhbət etdik. Azərbaycan yazıçılarıyla bağlı sualımıza belə cavab vermişdi: “Lütfən, məni Azərbaycan ədəbyyatıyla imtahana çəkməyin”.
Bu da bizdə dərin bir məyusluq hissi yaratmışdı. Düşünürəm ki, o qəzet müxtəlif ədəbi axınların yaranmasına impulslar verdi. İndi kifayət qədər tanınmış imzalar olan Qan Turalının, Cavid Zeynallının yazılarını ilk dəfə biz çap etmişik.
Məhz o qəzetdə çalışdığım dövrdə ədəbiyyata aidiyyatı olmayan mənasız çəkişmələrin episentrinə düşdüm. Mənim jurnalistikadan ədəbiyyata yolum bu qəzetdən başladı. Ədəbi mühit bu qəzetin ətrafında formalaşırdı. Samir Sədaqətoğlu bu mənada böyük iş gördü. Qəzetin qapılarını yaradıcı gəncliyin üzünə açdı, onlara meydan verdi. Zahir Əzəmətin çox böyük xidmətləri oldu. Sizin sualınızdan uzaq düşməmək üçün deyim ki, o dönəmdə biz tez-tez konfliktlərlə üzləşməli olurduq. Mənim o dövrkü yazılarıma nəzər salsanız, həmin çəkişmələr haqda təsəvvürünüz yaranar. Gəncliyə xas olan maksimalizm bəzən yazıçının gələcək reputasiyasına xələl gətirir. Cavan olanda bu haqda düşünmürsən, sözünü birbaşa deyirsən. Sonra anlayırsan ki, bütün bunlar sənin ziyanına işləyir. Əlbəttə, yazıçı hər zaman həqiqəti deməlidir. Amma yazıçının qiymətli vaxtını ədəbi intriqalara sərf etməyə ixtiyarı yoxdur. Zaman keçdikcə insan səhvlərini daha aydın görə bilir. İndi düşünürəm ki, gərək müəyyən yazıları yazmayaydım, çünki o yazılardakı ifrat sadəlövhlük indi mənə gülməli görünür. Amma heç bir halda indiyə qədər yazdığım yazılardan imtna etməmşəm. Səhvlərim və doğrularımla o yazılar da mənim yaradıcı bioqrafiyamın bir parçasıdır.

Müstəqil ədəbi mətbuatımızın yaranmasında sizin əməyiniz böyükdür. Sonra səhv etmirəmsə, bir müddət “Yazar” qəzetində çalışdınız. O qəzet də ədəbi kluarlarda müzakirələrə səbəb olurdu.

-Elədir. Belə bir qəzetin yaranması ideyası şair Yafəs Türksəsə məxsusdur. O qəzetdə də biz gənclərə tam azadlıq vermişdik. Mənim təklifmlə “Dəyirmi masa” rubrikası açmışdıq və yen yaranan əsərlər, ədəbiyyatın problemləri o dəyirmi masada müzakirə olunurdu, müzakirənin materialları qəzetdə dərc olunurdu. Ramin Deko, Sabutay bizim qəzetlə əməkdaşlıq edirdilər və çox yaxşı yazılar hazırlayırdılar. Sonra qəzetin baş redaktoru mən oldum, o vaxt Zahir Əzəmət “Alma” qəzetinin baş redaktoru idi və redaksiyada bizə yer ayırmışdı. Orda fəaliyyət göstərirdik. Ofisin mətbəxində saatlarla ədəbi söhbətlər gedirdi. O söhbətlərdə kmlər iştirak edirdi? Cənubdan gəlmiş şair Məhəmmədrza Ləvai, rəhmətlik Elçin Səlcuq, unudulmaz yazıçımız Rafiq Tağı, Həmid Herisçi, daha kimlər, kimlər… “Yazar” qəzeti 3 il davamlı olaraq nəşr olundu. Heç bir maddi dəstək olmadan biz qəzeti 3 il saxlaya bildik. Hamı maraqlanırdı ki, görəsən bu qəzetin arxasında kim dayanır, sponsoru kimdir? Bu qəzet Yafəs Türksəslə mənim, ikimizin cibinin puluyla nəşr olunurdu. O dövrdə “Proloq” qəzeti çap olunurdu, o qəzet ədəbi ədəbi layihə olaraq son dərəcə uğurlu idi. Qəzetin ətrafında bəlli bir komanda toplaşmışdı. Elçin Səlcuq, Aqşin Yenisey, Qan Turalı və digər gənclər. Şair Kəramətin “Ədəbiyyat naminə” qəzeti çap olunurdu. Sonra müstəqil ədəbi dərgilər yaranmağa başladı. “Yazı”, “Ağac”, “Avanqard”, “Ustad” və sair. Qismətgil “Tre” adlı son dərəcə maraqlı qəzet nəşr edirdilər. Dəyərli şair dostum Səlim Babullaoğlunun nəşr etdiyi “Kitabçı” jurnalı həm poliqrafik baxımdan, həm də forma və məzmun baxımından mətbuatımızda tamamilə yeni idi. Təəssüf ki, o dərgi davamlı şəkildə nəşr olunmadı. Sonra Qan Turalı təklif etdi k, Abzas.net saytına köşələr yazım. Daha sonra Vüsalə Mahirqızı bizi APA-ya dəvət etdi və Kulis.az ideyası yarandı. Bunları niyə xatırlayıram? Mənim yolum zaman-zaman ədəbi dərgi və qəzetlərdən keçib. “Aydın yol” qəzeti yarananda ilk əməkdaşlarından biri mən olmuşam. Sim-sim.az-da bir müddət redaktor kimi çalışmışam.

Hal-hazırda da “Mücrü” ədəbi dərgisinin baş redaktorusunuz.

-“Mücrü”nun 2 sayını nəşr etmişik. Hələ ki, davamlı nəşr etmək imkanımız yoxdur.

Ədəbiyyatımızın bugünü haqqında nə deyə bilərsiniz?

-Bu gün ədəbiyyatla məşğul olmaq gəlir gətirməsə belə, gənclərin istənilən mətni tapıb oxumaq imkanları var. Bu günlərdə Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın “Kitab nəşri və ədəbiyyat” işçi qrupu yaradılıb. Dostumuz, yazıçı Varis həmn işçi qrupunun rəhbəri təyin edilib. Bu, sevindirici hadisədir. Gənc yazarların çoxdan gözlədiyi bir hadisə də baş verdi. Dillər Universitetinin nəzdində Yaradıcılıq fakultəsi bərpa olundu. Arzu edirəm ki, gənc yazarlarımız bu imkanlardan faydalansınlar, özlərini inkişaf etdirsinlər, mütaliədən yorulmasınlar. Çox yaxşı mətnlər oxuyuram və sevinirəm. İstedadlı imzalar var: Orxan Həsəni, Nemət Mətin, Nəcəf Əsgərzadə, Seymur Su, Elvin Rizvangil, Məlik Rza, Malik Atilay, Rəvan Cavid. Onların mətnləri məmnunluq doğurur.

Hal-hazırda nə yazırsınız?

-“Ömrümdən keçən adamlar” adlı kitabımı hazırlayıb “Mücrü” nəşriyyatına təqdim etmişəm. “Fəna fasiləsi” adlı romanımı bu yaxınlarda yazıb bitirdim. Klassik şair Haşım bəy Saqibin həyatından bəhs edir.Çapar Yayınları ilə razılığımız olub, romanı ktab şəklində onlar çap edəsidirlər.

Bir də pandemiyanın ən ağır dönəmində, 2020-ci ilin yazında yazında yazıb tamamladığım “Kəpənək vadisi” romanımı “Azərbaycan” jurnalına təqdim etmişəm. Keçən ilin yayında 3 povest yazmışam. “Timsah olmasaydı” povesti Qarabağ savaşından qayıtmış bir qazinin sevgi dramıdır. “Buynuz qəziyyəsi” povestini Nizami Gəncəvi iliylə bağlı onun əsərlərinin motivləri əsasında yazdım. “Yazı” jurnalında çap olundu. Sonra “Pirosmaninin qonağı” povesti yazıldı, o da “Ədəbi ovqat” jurnalında çıxdı. Keçən ilin dekabrında “Pirosmaninin qonağı” adlı nəsr kitabım çapdan çıxdı. Son dövrdə yazdığım hekayələrin bir qismi bu ktabda cəmləşib.
Keçən il “Hakimə açılan atəş” romanım “Qanun” nəşriyyatında çıxdı. Heç gözləmədiyim halda ən çox satılan kitablardan oldu. O əsər birinci Qarabağ müharibəsində şəhid olmuş hakim Məhərrəm Məmmədovdan bəhs edir. Şəhid hakim obrazı oxucuların marağına səbəb olmuşdu. İndi də o kitabı məndən soruşurlar. Haqqında 5-6 məqalə yazıldı. Yaxşı reaksiyalar doğurdu, Mədəniyyət kanalında kitabla bağlı qısa süjet getdi, Azərbaycan radiosunda Savalan Talıblı bu mövzuda maraqlı bir veriliş hazırladı. Məni ən çox duyğulandıran və müəllif kimi qürur hissi yaşadan odur ki, bu romanın sonu Azərbaycan xalqının qələbəsi ilə bitir. “Qalib xalqın yazıçısı” hekayəsini yazanda da belə müəzzəm duyğular yaşadım.

Bir də 2016-cı ilin aprel döyüşlərində şəhid olmuş polkovnik Sənan Axundov haqqında bir roman yazmışam. O kitab da yəqin ki, bu ilin aprelinə qədər çap olunar.

Ötən il nəhayət ki, “Hacı İsgəndər” romanının Yazıçılar Birliyində təqdimatını keçirə bildik. O əsər bilirsiniz ki, 2020-ci iln martında çap olundu və elə həmin ay pandemiya ilə əlaqədar karantin elan olundu. Ktabın təqdimatı qaldı. Keçən ilin dekabrında təqdimat keçirə bildik.

Sizə uğurlar, Kənan müəllim!

-Çox sağ olun. Təşəkkür edirəm!

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 1 Ortalama: 3]

Back to top button