“On bir iqtisadi rayonuun əsasında on bir əyalət formalaşdırıb onlara valilər təyin etmək lazımdır”DEPUTAT
Azərbaycanda icra başçıları və digər vəzifəli şəxslərlə bağlı start verilən şəffalaşdırma prosesi hələ bitməyib. Düşünmürəm ki, bu əməliyyatlar 5 icra başçısı və 1 generalla məhdudlaşsın.Bunu Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib.
V.Əhmədov qeyd edib ki, Prezidentin ortaya qoyduğu siyasi iradə köklü dəyişikliklərə səbəb olacaq:
“Sistemdə dəyişiklik prosesi artıq başlayıb. Prezident ortaya siyasi iradə qoyub və məmurlara birdəfəlik xəbərdarlıq edib ki, qurtarın qanunsuz əməllərinizi, xalqa xidmət edin! İcra hakimiyyəti başçıları, həm də başqa məmurlar anlamalıdırlar ki, dövr dəyişib, tələblər dəyişib, dünya başqa standartlarla cərəyan edir. Bu, dayanan proses deyil. Çünki korrupsiyaya bulaşanlar çoxdur. Ona görə də Prezident tərəfindən qoyulan qayda-qanuna riayət etməyən icra başçılarının hamısı vəzifədən kənarlaşdırılacaq”.
Deputatın fikrincə, idarəetmə sistemində də dəyişikliyə ehtiyac yaranıb:
“Ümumiyyətlə bu qədər icra başçısına ehtiyac yoxdur. Bu strukturu kökündən dəyişmək lazımdır. 11 iqtisadi rayonuun əsasında 11 əyalət formalaşdırıb onlara valilər təyin etmək lazımdır. İdarəçilik kiçik aparatla həyata keçirilməlidir. Bununla həm insanlarla təmasda narazılıqlar aradan qalxar, həm də rüşvət, korrupsiya halları kəskin azalar.
İndiki halda, bəzi məmurlar, icra başçıları həbsi gözləmədən, ən azından situasiyanı qiymətləndirib özləri istefa verməlidirlər. Amma bunun üçün də ürək, iradə lazımdır. Görünür, bu, onlarda yoxdur. Belə olmasaydı, bəzi nazirlər və icra başçıları çoxdan istefa vermişdilər. Ən azından ona görə ki, cənab Prezident bununla bağlı çağırış da edib. Ki, vəzifəsinin öhdəsindən gələ bilməyənlər könüllü getsinlər. Amma təəssüf ki, bizdə istefa mədəniyyəti formalaşmayıb”.
Analoq.az