Ölkə

“Şuşa İli” ilə bağlı Tədbirlər planının detalları

“44 günlük Vətən müharibəsində Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad olunmasından sonra həmin ərazilərdə geniş infrastruktur layihələri ilə yanaşı, mədəni dəyərlərimizin yenidən əzəli yurd yerlərimizə qaytarılması istiqamətində davamlı iş aparılır. Bu baxımdan dövlət başçısı tərəfindən Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşa şəhərində, xüsusilə mədəni mühitin yenidən canlandırılması ilə əlaqədar işlər həyata keçirilir. Ötən ilin may ayında Şuşada keçirilən “Xarıbülbül” Musiqi Festivalı və avqust ayında Vaqif Poeziya Günlərinin keçirilməsi və digər tədbirlər bunun əyani təzahürüdür”.

Bu fikirləri Mədəniyyət Nazirliyi Media və kommunikasiya şöbəsinin müdiri Məryəm Qafarzadə bildirib. O diqqətə çatdırıb ki, dövlət başçısının 2022-ci ilin ölkəmizdə “Şuşa İli” elan edilməsi ilə bağlı müvafiq sərəncamının icrası ilə əlaqədar Nazirlər Kabineti tərəfindən Tədbirlər planı hazırlanaraq təsdiq olunub. Sənədə əsasən, il ərzində ölkəmizdə, eləcə də Azərbaycanın mədəniyyət paytaxtı Şuşada silsilə tədbirlərin təşkili nəzərdə tutulur.

Şöbə müdiri deyib ki, bu tədbirlərin, demək olar ki, əksəriyyətinin icrası Mədəniyyət Nazirliyinə həvalə edilib.

Tədbirlər planı beş bölmədən ibarətdir:

– mədəni-kütləvi və idman tədbirləri;

– elmi nəşrlərin, audiovizual və çap materiallarının hazırlanması;

– “Şuşa İli”nin beynəlxalq səviyyədə təbliği ilə əlaqədar tədbirlər;

– tarixi-mədəni abidələrin bərpası, ekologiya və turizm üzrə tədbirlər;

– “Şuşa İli” ilə əlaqədar xatirə materiallarının və internet resurslarının hazırlanması.

Qeyd olunub ki, ümumilikdə il ərzində 35 bənd üzrə tədbirlərin keçirilməsi planlaşdırılır. Tədbirlər Azərbaycan Respublikasının Mədəniyyət, Təhsil, Xarici İşlər, Gənclər və İdman, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirlikləri, Diasporla İş üzrə Dövlət Komitəsi, Dövlət Turizm Agentliyi və digər dövlət orqanları, Heydər Əliyev Fondu, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Yazıçılar Birliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC və başqa qurumların təşkilatçılığı və iştirakı ilə həyata keçiriləcək.

“Şuşa İli”nin ilk böyük tədbiri may ayında “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı olacaq

Nazirlik rəsmisinin sözlərinə görə, “Şuşa İli”nin ilk böyük tədbiri may ayında Mədəniyyət Nazirliyi, Heydər Əliyev Fondu və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı ilə keçiriləcək “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı olacaq. İyul ayında Şuşada növbəti Vaqif Poeziya Günlərinin, iyul-avqust aylarında “Muğam” Televiziya Müsabiqəsinin final mərhələsinin və qaliblərin qala-konsertinin keçirilməsi planlaşdırılır. Həmçinin il ərzində “Şuşa – 2022” beynəlxalq incəsənət, “Şuşanın 4 fəsli” (“4 seasons of Shusha”) adlı beynəlxalq fotoqrafiya festivallarının və s. keçirilməsi nəzərdə tutulur.

Məryəm Qafarzadə deyib: “Bu ilin əvvəlindən Mədəniyyət Nazirliyi tərəfindən 270 yaşlı şəhərimizin zəngin mədəni irsini tanıtmaq məqsədilə “Şuşa mədəniyyətinin inciləri” adlı layihə həyata keçirilir. Əsas məqsəd Şuşa şəhərinin zəngin mədəni mirasının daha geniş təbliğatına töhfə verməkdir. Layihə “Şuşanın memarlıq salnaməsi”, “Azərbaycan musiqisinin məbədi – Şuşa”, “Muğam ocağı – Şuşa”, “Qarabağ xalçaçılıq məktəbi – Şuşa”, “Şuşanın ədəbi həyatı”, “Şuşanın simaları”, “Şuşa milli geyim üslubu” olmaqla yeddi istiqaməti əhatə edir”.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button