Müsahibə

“Sevinirəm ki, son illərdə müəllim sənətinə gedənlərin sayı xeyli artıb”-Misir Mərdanov

Kulis.az “İşdən kənar” layihəsindən AMEA-nın müxbir üzvü, Riyaziyyat və Mexanika İnstitutunun direktoru, Azərbaycanın sabiq Təhsil naziri, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanovla müsahibəni təqdim edir. Xatırladaq ki, layihədə müxtəlif peşə sahibləri ilə ədəbiyyat söhbəti aparılır.

– Misir müəllim, Qərbi Azərbaycanda doğulmusunuz, burada qədimdən bir ədəbi, mədəni mühit mövcud olub. Bu region xüsusilə də aşıq mədəniyyəti ilə seçilib. Bu mədəni mühitin uşaqlığınıza təsirini necə qiymətləndirirsiniz?

– Tamamilə doğru buyurursunuz, mən Qaraqoyunlu mahalında dünyaya gəlmişəm. Qaraqoyunlu Göyçə mahalı ilə qonşudur. Uşaqlığım əsasən aşıq sənətilə bağlı olub. Yazda, yayda, payızın əvvəllərində bizim insanlar kənd təsərrüfatı işləri ilə məşğul olurdu. Ancaq zaman üzü qışa dönəndə aşıq məclisləri başlayırdı. Yaxşı xatırlayıram, o zaman indiki kimi böyük klublar, zallar yox idi. Çox sadə yerlərdə yığışardı camaat və gecə səhərə qədər aşıq məclisləri davam edirdi. Düzdür, o zaman mən uşaq idim. Mənim babam – atamın atası bu sənətə yaxşı bələd idi.

Onu da xatırlayıram ki, aşıqlar dastan danışarkən bəzən səhv eləyəndə, babam deyərdi ki, aşıq, orda bir körpü qoydun. Babamla getdiyim məclislərdə fikir verirdim, görürdüm, aşıqlar özlərini yığışdırırlar. Deyirlər, burada Alı kişi var! Bizim tərəfin adamları əsasən aşıq musiqisinə qulaq asıblar. Təbii ki, mənə də təsir edib və bu təsir bu gün də yaşayır.

– Sevdiyiniz, indi də dinlədiyiniz aşıqlar varmı?

– Əlbəttə. Əvvəl də olub, indi də var. Mən onları hər zaman xatırlayıram. Aşıq konsertlərində də iştirak edirəm. Məsələn, ötən il Ulu Öndər Heydər Əliyevin adını daşıyan sarayda İran aşıqlarından ibarət “Dalğa” qrupunun böyük bir konsertində iştirak elədim. Düzdü, Çingiz Mehdipur son illər Bakıda yaşayır. O, çox böyük sənətkardır. Üç saat çəkən konsertdən çox böyük zövq aldım. Bu sözümə görə heç kim inciməsin, şəxsi fikrimdir, İranda aşıq sənəti bizim aşıqların sənətindən yüksəkdədir. Çünki mənim bildiyimə görə Çingiz Mehdipur aşıq musiqilərini nota alıb. Onun “Dalğa” ansamblını bizim orkestrlərlə müqayisə etmək olar. Orda çox sayda musiqiçilər iştirak edir. Biz öyrəşmişik ki, aşıq saz çalar, oxuyar, nağıl danışar, uzaq başı yanında bir balabançı olar. İran aşıqlarının ifası isə bizdən xeyri fərqlidir. Mən bu gün də Aşıq Əkbəri, Aşıq Yunusu, Aşıq Əsədi, Aşıq Mahmudu xatırlayıram. Dediyiniz kimi, mənim uşaqlığımda, Qərbi Azərbaycanda olanda bu aşıqlar bizim evimizin hörmətli qonaqları idi.

Gallery

– Orta məktəb dönəmində mütaliə etdiyiniz bədii kitabları xatırlayırsınız?

– Açığını deyim, orta məktəbdə oxuduğum vaxtlarda mən daha çox riyaziyyata diqqət ayırırdım. Bunun səbəbi də bizim riyaziyyat müəllimimiz idi. Şagird hansı müəllimi daha çox istəyirsə, onun göstərdiyi yolla gedir. Mənim riyaziyyat müəllimim Mürsəl Budaqovun tapşırıqlarına daha çox vaxt ayırmışam. Bir də Fizika.

Ancaq bununla yanaşı tanınmış yazıçı və şairlərimizin əsərlərini də oxuyurdum. Biz uşaq olanda daha çox Aşıq Ələsgərin, Hüseyn Cavidin, Səməd Vurğunun, Mikayıl Müşfiqin əsərlərini maraqla oxuyardıq, şeirlərini əzbərləyərdik. Məncə, kitab bəşər övladına verilən ən böyük hədiyyədir. Hər nə qədər internet əsrində yaşasaq da, nə qədər internet resursları icad olunsa da, heç biri kitabı əvəz eləyə bilməz. Biz kənddə yaşayanda həmişə evimizdə “Qurani-Kərim” olurdu. Nənəmlə babamın hər ikisinin ən möhkəm qoruduğu kitab idi. Düzdür, biz o kitabı oxuya bilmirdik, amma nənəm, babam həmişə namaz qılır, o kitabdan muğayat olurdu. Eyni zamanda, o kitabı gizli saxlayardılar ki, başqaları bilməsin, görməsin.

– Ailənizdə ədəbiyyata, humanitar sahəyə maraq necə idi?

– Bizim mahalda 13 kənd var idi, bu kəndlər Ermənistana daxil olsa da, hamısı Azərbaycan kəndləri idi. Çox qəribədir, bu gün mən bunu müsbət hal saymıram, çünki hamı riyaziyyatla, fizikayla, kimya ilə məşğul olardı. Bizim kənddən 10 alim çıxıb. Bu alimlərin içində çox az adam var ki, ədəbiyyat, incəsənətlə əlaqəlidir. Bəlkə də bu onunla bağlıdır ki, bizim kənddən Niftəli Qocayev ilk dəfə fizika-riyaziyyat elmləri namizədi oldu, biz də ona mayak kimi baxıb irəlilədik. Bununla yanaşı kəndimizin vəziyyəti çətin olan vaxtlarda da, çox gözəl kitabxanamız və bu kitabxananın üzvləri vardı.

– Lomonosov, Eynşteyn, Azad Mirzəcanzadə… Nədəndirsə, riyaziyyat, dəqiq elmlərlə məşğul olanların içində təkzibedilməz bir ədəbiyyat sevdası olub. Müsahibəmizdən sənət sahəsinə münasibətiniz bəllidir, bu sevgi mətn yazmaq müstəvisində olubmu? Nə isə yazmısınızmı?

– Hələlik o həvəsdə olmamışam. Ancaq şeirin həvəskarıyam. Çox şeir oxumuşam, bəzilərini də yaddaşıma həkk eləmişəm. Bu gün də məni riyaziyyat yoranda əlimə ədəbiyyatı alıram. Səməd Vurğunu, Rəsul Rzanı, Hüseyn Cavidi oxuyuram. Mirzə Fətəli Axundovun fikirlərini dəyərli sayıram, bu gün də lazım gələndə təkrar oxuyuram. Əli bəy Hüseynzadəyə müraciət eləyirəm. Hətta bəzən Əli bəy Hüseynzadənin çəkdiyi şəkillərə baxıram, zövq alıram. Həsən bəy Zərdabi mənim idealımdır. Azərbaycan üçün qapı-qapı düşüb dilənçilik eləyib, təki Azərbaycanda məktəblər açılsın. Haqqında daha çox oxuduğum şəxsiyyətlərdən olan Hacı Zeynalabdin Tağıyevi xatırlamaq istəyirəm.

Gallery

Bildiyiniz kimi, mən Azərbaycanın təhsil naziri olmuşam və bu ərəfədə dəfələrlə Parisə getmişəm. Hər dəfə gedəndə orada yaşlı bir adam var idi, onu tapırdım, onunla birgə Parisin “Sen Klu” qəbiristanlığını ziyarət edir, Əlimərdan bəy Topçubaşov, Ceyhun bəy Hacıbəylinin qəbirlərinə baş çəkir, onları yad edirdim. Onların fotolarını çəkib bura qayıdanda məqalələr yazırdım. Məsələn, hazırda oturduğumuz yerdə mənim kitablarım var, onları yazanda adını çəkdiyim və çəkmədiyim böyük şəxsiyyətlərdən bəhrələnmişəm. Bir neçə dəfə Zərdabi haqqında yazılan kitabları oxumuşam. Keçən il ABŞ-a getmişdim. Orada yaşayan çoxsaylı azərbaycanlılarla söhbət edəndə onlara Zərdabi haqqında danışdım, yerlərindən qalxıb məni öpmək istəyirdilər. Düşünürəm ki, oxuyub susmaq yox, əxz etdiklərini bölüşmək lazımdır.

– Təcrübə göstərir ki, yazıçılar siyasətlə məşğul olanda adətən yaradıcılıqlarında axsama baş verir, özlərini sırf estetik müstəvidə ifadə etməkdə çətinlik çəkirlər. Siyasətdən kənar qalanda da bəzən oxucular yazıçıları ictimai-siyasi proseslərə münasibət bildirməməkdə qınayırlar. Sizin fikrinizcə yazıçı-hakimiyyət münasibətləri necə olmalıdır?

– Fikrimcə həm elmə, həm sənətə siyasət nə qədər daxil olmasa, həmin məhsul daha oxunaqlı, maraqlı olur. Şəxsən belə düşünürəm ki, elm milli deyil, elm dünyəvidir, eyni zamanda, ədəbiyyat da, sənət də dünyəvidir. Amma hökmən milli xüsusiyyətlər nəzərə alınmalıdır. Bu sahələr siyasətdən nə qədər uzaq qalmağı bacarsa, o qədər yaxşıdır.

– Misir müəllim, az əvvəl “elm milli deyil” ifadəsini işlətdiniz, amma rəhbəri olduğunuz institutun da daxil olduğu akademiyanın adı Milli Elmlər Akademiyasıdır.

– Bəlkə də bunu deməyim yerinə düşməz, çünki özüm Milli Elmlər Akademiyasının müxbir üzvüyəm. Amma yenə də sözümün üstündə dayanıram ki, elm milli olmamalıdır. Elm dünyəvidir. Demirəm, ad səhvdir. Ukraynada da Milli Elmlər Akademiyası var. Amma Rusiyada adı elə deyil, Elmlər Akademiyasıdır. Məsələn, milli riyaziyyat elmi, milli fizika elmi ola bilərmi? Yox.

– Yazıçıların vəzifədə olması onların yaradıcılığına necə təsir edir?

– Baxır yazıçıya. Məsələn, Elçin. Uzun illər Baş nazirin müavini olub, onun “Baş” romanını birnəfəsə oxumuşam, özü də bir neçə dəfə. Tarixi hadisələri çox gözəl təsvir edib. Mən o romanda siyasi tərəf görmədim. Eyni zamanda, Anar. Uzun illərdir AYB-nin sədridir, düzdür, bütün əsərlərini oxumamışam, əksəriyyətindən xəbərim var, demirəm, siyasətdən uzaqdır, ancaq öz yoluyla gedən böyük yazıçıdır. Anar müəllimə bir ağsaqqal kimi hörmət edirəm.

Gallery

– Etiraf edək ki, müəllimlik son illər çox da prestijli, arzuolunan bir peşə deyil. Uşaqlar, yeniyetmələr sovet dönəmində olduğu qədər müəllim olmağa can atmırlar. Bu reallıqda müəllimin şagirdlərə çox ciddi nəsnələrdən – məsələn, Nizamidən, Füzulidən danışması effektivdirmi?

– Düzdür, indi müəllim sözü hörmətdən düşüb. Amma əsl müəllim həmişə hörmətdədir, əsl müəllim həmişə axtarılır. Bu gün də şahidəm – indi mənim nəvələrim məktəbdə, universitetdə oxuyur. Biz də yaxşı müəllim axtarırıq. Biz hamıya müəllim deməklə, müəllimi hörmətdən salmışıq. Düşünürəm ki, bu gün də nümunəvi müəllimlərimiz var. Azərbaycan cəmiyyətində siyasi stabillik, tarazlıq varsa, iqtisadi inkişaf mövcuddursa, digər amillərlə yanaşı, müəllimlərin də bu işdə böyük əziyyəti var.

Sevinirəm ki, son illərdə müəllim sənətinə gedənlərin sayı xeyli artıb. Sevinirəm ki, orta məktəb müəllimlərimizin əmək haqqı xeyli artırılıb və bu artım davam edir. Əsl müəllim o müəllimdir ki, şagirdlər onun dərsinə sevinə-sevinə gedir. Biz belə müəllimlərdən danışmalıyıq, onların portretlərini yaratmalıyıq, televiziya ekranlarına çıxarmalıyıq, nümunə kimi göstərməliyik. İnsan pisə baxmaqla pis, yaxşıya baxmaqla yaxşı olur. Bax, bu yerdə kitabın çox böyük xidməti var. Ən yaxşı müəllim də elə kitabdır.

– Yazıçı, şair dostlarınız olubmu?

– Olub, bu gün də var. Aralarında tez-tez görüşdüklərim də var. Yaşasaq, yenə olacaq.

– Düzdür, uzun müddət yüksək vəzifədə olmusunuz, hazırda da yetərincə məsuliyyətli vəzifədəsiniz, professiyanız da fərqlidir. Bu şəraitdə gənc yazarları oxuya bilirsinizmi?

– Açığını deyim, gənc yazarlarla təmasda olmamışam, onların kitabları ilə yaxından tanış deyiləm. Əsasən özüm yaşda, bir az özümdən cavan, bir az yaşlı yazarlarla təmasda olmuşam, onların əsərlərini oxumuşam. Mən “525-ci qəzet”in abunəçisiyəm. Orada gənc yazarların məqalələrini, kiçik hekayələrini oxumuşam. Amma hazırda adlarını unutmuşam, təəssüf. Çox bəyəndiyim mətnlərlə rastlaşıram tez-tez.

Gallery

– Ən çox sevdiyiniz, xatırladığınız şeir.

– Səməd Vurğunun “Azərbaycan” şeiri.

– Sevdiyiniz müəlliflər kimlərdir?

– Elçin, Anar, Ramiz Rövşən, Rəşad Məcid, Pərvin… Hamısını xatırlamıram…

– Fürsətdən istifadə edib soruşum. Cəlil Məmmədquluzadənin heykəli ucaldılarsa, məkan olaraq hansı yeri təklif edərdiniz? Anar deyir, Sabirin heykəlinin yanında qoyulmalıdır. Razısınızmı?

– Mirzə Cəlil Azərbaycanın mədəni həyatında ciddi işlər görmüş şəxsiyyətlərdəndir. Ancaq mən onun heykəlinin Sabirin heykəlinin yanında qoyulması ilə razı deyiləm. Başqa gözəl bir yer seçilə bilər. Düşünürəm ki, onun heykəli tək ucaldılmalıdır.

– Təşəkkür edirəm, Misir müəllim.

– Mən təşəkkür edirəm. Sonda böyüməkdə, yetişməkdə olan Azərbaycan vətəndaşlarına, gənclərə səslənirəm: istəyirəm onlar bir daha hiss etsinlər ki, müstəqil ölkədə yaşayırlar. Bizim babalarımız, nənələrimiz uzun illər müstəqil ölkə istəyi ilə yaşayıblar, lakin bu arzuya çatmayıblar. İstəyirəm gənclərimiz Azərbaycanın müstəqilliyini qiymətləndirsinlər, bu müstəqilliyin daha gözəl günlərini görsünlər, mənəvi dəyərlərimizi özüylə daşıyan kitablarımızla tanış olsunlar.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button