Rəsmi

Dövlətə məxsus hüquqi şəxslərin daxili və xarici borcalması qaydası dəyişib

Dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici borcalması Qaydası Azərbaycan Respublikası Mərkəzi Bankının, Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun borcalmasına şamil olunmayacaq.

Bu, Prezident İlham Əliyevin imzaladığı Fərmanla “Dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici borcalması Qaydası”na edilən dəyişiklikdə əksini tapıb.

Bundan öncə bu Qayda paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan bankların, bank olmayan kredit təşkilatlarının və sığorta şirkətlərinin borcalmasına şamil olunmurdu.

Dövlətə məxsus olan hüquqi şəxslər cari il dekabrın 1-dək növbəti il üzrə borcalma niyyətləri və borcalmanın ümumi məbləğləri barədə məlumatı Maliyyə Nazirliyinə təqdim etməlidir. Əvvəl bu müddət iyunun 1-dək müddəti əhatə edirdi.

Nazirlər Kabineti Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla növbəti il fevralın 1-dək həmin növbəti il üçün dövlətə məxsus olan hüquqi şəxslərin borcalmasının yuxarı həddini müəyyən edəcək.

Əvvəllər bu müddət cari il sentyabrın 15-dək olan dövrü əhatə edirdi.

Dövlətə məxsus olan hüquqi şəxs borcalma həyata keçirilməzdən əvvəl Maliyyə Nazirliyinə borcalmanın zəruriliyini və məqsədəuyğunluğunu əsaslandırmaqla yazılı müraciət edir.

Müraciətlə birlikdə dövlətə məxsus olan hüquqi şəxslər tərəfindən razılığın alınması qaydası dövlətə məxsus olan kommersiya hüquqi şəxsin müşahidə (direktorlar) şurasının (olmadıqda icra orqanının), qeyri-kommersiya hüquqi şəxsin isə himayəçilər şurasının (olmadıqda icra orqanının) borcalmaya dair qərarı da təqdim olunmalıdır.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button