Sağlamlıq

Azərbaycanda karantin rejimi tətbiq ediləcək? – Açıqlama

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) meymun çiçəyi xəstəliyinin yayılmasını fövqəladə hal adlandırıb. Məlumata görə, 2024-cü ildə xəstəliyin qeydə alınmış hallarının sayı ötən ilin göstəricilərindən iki dəfə çox olub. Bir neçə il öncə dünyada tüğyan edən koronavirus pandemiyasından sonra eyni halın meymunçiçəyi ilə bağlı da yaşanacağı ehtimal edilir.

Maraqlıdır, bu virusun koronadan fərqli və oxşar cəhətləri nədir? Yeni pandemiyaya, karantin rejiminə səbəb ola bilərmiGlobalinfo.az-a danışan həkim-cərrah, tibb üzrə elmlər doktoru Adil Qeybulla deyib ki, meymunçiçəyi virusu Orthopoxvirus qrupuna aiddir:

“Orthopoxvirus çiçəkkimilər qrupuna meymunçiçəyi, suçiçəyi və s. daxildir. Virus bir neçə il öncə lokal olaraq müxtəlif epidemik ocaqlar yaratmışdı. Hazırkı serotip isə mutasiyaya uğramış bir qədər təhlükəli variantdır. Kontaktla, dəri təması ilə yayılır. Yaxın məsafədən söhbət, təmaslar zamanı da yoluxma halları müşahidə edilə bilər. Yayılma intensivliyi korona kimi ola bilməz. O hava-damcı yolu ilə yayılırdı. Meymunçiçəyinin pandemiya yaratmaq ehtimalı aşağıdır. ÜST bu virusla bağlı acil durum elan edib. Fövqəladə vəziyyətin yarandığını görürük. Epidemik ocaqlarda sərt karantin rejiminin tətbiq olunması gözləniləndir. Ayrı-ayrı ölkələrdə çox az sayda yoluxma olarsa, bunun qarşısını almaq üçün müəyyən tədbirlər görülməlidir”.A.Qeybullanın sözlərinə görə, transsərhəd keçid zonalarında da nəzarət güclənməlidir:

“Korona virusun son “Sars-CoV-2” forması çox təhlükəli idi. Xeyli insan tələfatına və qlobal pandemiyaya səbəb oldu. Lakin meymunçiçəyi virusu ikinci serotip, təhlükəli formada olsa da korona qədər sürətli yayılmır. Bu virusun 3 həftə keçid dövrü olur. Bu dövrdə xəstəliyi aşkar etmək çətindir, çünki spesifik testlər yoxdur. Vaxtilə çiçək vaksini olan 42 yaşdan yuxarı şəxslərin qanında olan antitellər həmin testləri spesifik etməyə mane olur, reaksiyalar əmələ gəlir. Artıq müvafiq təşkilatlar bununla bağlı hərəkətə keçiblər. Vaksin istehsalı ilə bağlı düşünürlər. Lakin bu da asan məsələ deyil.

Ölkə sərhədlərində nəzarət maksimum gücləndirilməlidir. Virusun Azərbaycanda yayılması istisna deyil”.Qeyd edək ki, Səhiyyə Nazirliyi APA-nın sorğusuna cavab olaraq bildirib ki, digər ölkələrdən gətirilmə meymunçiçəyinə şübhəli hallar qeyd edilərsə, xəstəliyin diaqnostikası və müalicəsi üçün bütün imkanlar mövcuddur.

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button