Son dəqiqə

Camal Yusifzadə:”Yəni əlini üzünə çəkdin vaxt ötdü,vaxt getdi.Adama ona görə vaxt verirlər ki,o ayıla bilsin”

SÖZ VAXTINA ÇƏKƏR ( və yaxud Camal Yusifzadə ilə vaxtında edilən söhbət )

Doğrudan da dünyada heç nə vaxt qədər dəqiq deyil. Çünki hər şey öz vaxtıyla gəlir, öz vaxtıyla da ötüb keçir. Bütün talelər, bütöv həyat vaxta bağlıdı, vaxtın buyurduqlarıdı, bəlkə də. Oxucularla, radio dinləyicilərimlə hər görüşüm də vaxtın ixtiyarındadı.

Bu günlərdə şair Camal Yusifzadəylə görüşdüm. Sözün düzü onunla həmsöhbət olmaq mənim çoxdankı arzum idi.

Radioya işə gəldiyim ilk günlərdən diqqətimi çəkən, dolu sünbül kimi «başını aşağı» tutan,üzü gömgöy, sakit duruşlu, amma dərin göllər dərinliyində görünən Camal Yusifzadənin çoxlarından fərqli olduğunu tez anlamışdım.

Ədəblə salamımı alan,yüngülcə hal-əhval elədiyim bu dəyərli ziyalının intelektual səviyyəsi,bir sözlə bütün müsbət keyfiyyətləri ilk tanışlıqdan görünür, bu dolu adamın böyük həyat yolu keçdiyi tez anlaşılır.

Bu səbəbdən də onunla təmas qurmağa can atmağım təbiidi.Onunla həmsöhbət olmağıma tam qərar verə bilmirdim.Bir az vaxt lazım idi.O qədər vaxt ki, mən onun yaradıcılığıyla,şerləri ilə daha da yaxından tanış olum.

Kitablarını tapdım.İki kitabını da özü verdi. Doyunca oxudum.Qarşımda böyük bir ziyalı gücünü gördüm.

Yaradıcılığındakı çox üstünlüklər, şəxsi təvazökarlığı və səmimiliyi,sözündəki yüksək məqam, yaratdığı obrazlar qalareyası–hər şey onun özüdü, özünü ifadə edir

Artıq onunla qismən də olsa sözbət edə biləcəyimi qərarlaşdırdım.İlk görüşümüz isə doğma radiomuzun canlı efirindən yayımlanan «Yurd yeri» verilişində oldu.

Verilişi Camal Yusifzadənin bu şeriylə başlamağı qərara aldım.

Yuxusunda bu kəndləri
görən varmı?
Yuxusunda bu kəndlərdə
ölən varmı?
Təpələrin üstündən
dünyanın o başından
Bu dünyanın əl çatmayan
ün yetməyən, mavi üfüq
qaşından
Dirigözlü bir qoca boylanır-
Yurd yerinə dönən varmı?

Şeirin məndə oyatdığı təəssürat belədir.Bu şeirin özü bir yurd yeridi ki,adam özünü o yerdə görə bilir.

Bütövlükdə desək Camal Yusifzadənin yaradıcılığı yurd yeri qədər qədimdir və içimizdəkidi.Odur ki, qədimliyi, ağsaqqallığı,səmimiyyəti ilə oxucunu özünə çəkən Camal Yusifzadəyə bir neçə sual ünvanlamağı lazım bildim.

Camal müəllim,ədəbiyyat qədər vaxtla səsləşən, vaxtı ifadə edən bəlkə də az yaradıcılıq sahələri var.Elə bizim görüşümüz də vaxt üstədi.Vaxt da,zəmanə də,ictimai mühitin özü də, təbəddülallarnan,kataklizmlərnən,enmələrnən, dönmələrnən, çaxnaşmalarnan doludu.Bu dediklərimiz elə təbiətə də aiddi.Təbiət hadisələri də, qabarmalar,çəkilmələr özü də nəysə dəyişikliklər yaradır.Təbəddulatlar,dəyişmələr ədəbiyatda, sənətdə,fəlsəfi fikirdə, folklor tədqiqatlarında özünü göstərir.Ədəbiyyatda iki qütbün toqquşması həmişə öndədi.Ənənə,kökə bağlılıq,bir də modernçilik, yeniliyə meyl. Yenilikçilər arasında ənənəni inkar eləyənlər daha çoxdu.Bunlara münasibətinizi bilmək istərdik.

-Əvvəla Savalan, çox sağ ol, belə maraqlı sual üçün.Əgər söhbət şerdən gedirsə poeziyada bu bölgünü artıq aparıblar.Modern və ya kökə bağlılıq.Mənə elə gəlir ki,normal poeziya üçün bu bölgü yoxdur.Modern nədir?Modern dünyanı dünyanın qəbul olunmuş standartlarından kənarda görməkdir.Əslində poeziyanın gözəlliyi də, fəlsəfi ifadəsi də bundadı.Sənin görə bildiklərin əslində dünyagörüşün,sənin fəlsəfi qiymətləndirmən qədərindədi.

Müasirlik əslində fikirdədi, yeni tapıntıdadı.Əgər sən doğrudan da yeni nəsə deyə bilirsənsə bu fikirdi.Forma müasirliyi həmişə ola bilər.Bu belə çətin şey deyil.

Hər hansı yol ancaq ənənədən gəlir.Bir adam ki, bir xalqın içindən,kökündən gəlirsə,onun dilində danışırsa, o mühitdə böyüyürsə, onun mədəniyyətini götürübsə heç vaxt ənənədən kənarda qala bilməz.

Sizə bir misal çəkim. Rəhmətlik Əli Kərim bir dəfə mənə dedi ki,klassik formada şer yaz gətir.

Mən də dəqiq klassik formada bir gərayili yazıb apardım.Rəhmətlik oxuyub gülə-gülə, dedi: «Mən səni belə də görürdüm».Başa düşdüm ki, Əli Kərim bilmək istəyirmiş ki, mən klassik formada yaza bilirəm, ya yox.

Modern zahiri aldanmalardan gəlmir ki.Modern sadəcə olaraq sənin o sözə, sənətə poeziyaya olan münasibətindən, dəyərinnən gəlir.Füzuli modern deyildi? Poeziya həm də yeniliklər üstədi. Klassiklər isə həmişə yeniliklər gətirib,ömrü boyu da belə olublar, olacaqlar,belə də gedəcəklər.

-Camal müəllim siz 60-cı illərdə ədəbiyyata gələnlərdənsiniz.Gəldiyiniz vaxtdan da imzanız diqqətləri cəlb edib.Ancaq təbiidir ki, o,dövrdə ədəbiyyata gəlmək və ədəbiyyatda qalmaq söhbəti var idi.Nobel mükafatı laureatı Qabriel Markesin belə fikri var: ədəbiyyat yerli-dibli olmasaydı, dünya zərrəcə də dəyişməzdi,amma polis olmasaydı dünya tamam başqa cür olardı.Bu sitatı söyləməklə demək istəyirəm ki,ədəbiyyat dünyada gedən prossesləri həll edirmi?

-Bilirsiniz,ədəbiyyat yazılmayan,görünməyən qanunları- ruhun qanunlarını tamamlayır.Əgər o, qanunlar olmasa insan daxili mənəviyyatla öz qanunlarını yaratmasa,cəmiyyətə təqdim etməsə, cəmiyyət cəmiyyət olmaz,insan insan kimi yaşaya bilməz.Səhv etmirəmsə Eynşteyn deyir ki: mənim ən böyük müəllimim Dostoyevski olub.Belə götürəndə hər ikisi dünya qədər böyük görünən şəxsiyyətlərdi.Amma Eynşteynin Dostyevskidən nə öyrənməsi çox maraqlıdı.

Sözsüz ki,O,Dostoyevskidən mənəviyyət və əbədiyyat götürüb.Eynşteyn Dostoyevskidən elə şey götürüb ki, onu götürmək və bunun dəqiq nə olduğunu demək mümkün deyil.Onun götürdükləri əllə götürülən, gözlə görünən şey deyil.Onu gərək hiss edəsən.O, da hiss eləyib, götürüb.Nisbilik nəzəriyyəsi ilə Dostayevskinin bağlılığı nədədi? Bunu ancaq Eynşteyn özü bilib. İndi siz Markesdən sitat söylədiniz.

Mənə maraqlıdı ki,Markes bunu nə mənada deyib. Ancaq biz öz prizmamızdan yanaşsaq deyə bilərik ki, doğrudan da, ədəbiyyat hardasa müəyyən qanunları tənzimləyir.Qədim hindularda belə bir adət olub.Onlar ən əziz qonaqlarına bir boş bardaq göstəriblər.Ona görə ki, bu bardaqlar ötən irslərin icadıdı.Ata-baba havasıdı.Bu adamı tarixi yaddaşa qaytarmadı.Bu özü həm də bir mifologiyadır, vaxtı görmədi.

Vaxt bu mənada hər şeyi vaxtında həll edir.Bizə vaxtı kim öyrədir. Yenə də ancaq vaxtın özü. Qarşındakı adamla üzbəüz oturanda vaxtı hiss edirsən. Ən azı dəyişmələri görürsən. İnsandan fərqli olaraq təbiət heç vaxt qocalmır.Təbiət sadəcə dəyişir.Payızdan qışa, qışdan yaza keçir.Ona görə deyirlər ki, təbiət daimidi, əbədidi. Vaxta hər kəsin öz münasibəti var.

Vaxtı hiss eləyən adamlara, vaxt heç vaxt çatmır.Vaxt da pul kimidi.Həm də vaxtın öz ölçüləri var.Polis qanunlarıyla, ədəbiyyatın qanunlarını müqayisə etmək olmaz.Polis hardasa qayda-qanun yaradır, ancaq ruhun,ədəbiyyatın qanunlarını heç kim yaratmır və heç kim də nəzarətdə saxlaya bilməz.

İctimaiyyətin qanunlarıyla ədəbiyyatın, sənətin qanunları uyğun gəlmir.Sənət nədir?Reallığın qeyri reallığıdı. Reallığın fərqliliyidi.Real təbiətdi, daşdı; amma ədəbiyyat onu elə formada təqdim edir ki, bu həm real görünür,həm qeyri-real.O qeyri reallıq olmasa, paralel dunyalar olmaz.Ədəbiyyat həmin o,paralel dünyadı,o paralel dünyanın qanunlarını tənzimləyir.

Bu gün ədəbiyyata gələnlər30-40 il bundan əvvəl gəlsəydilər ədəbiyyatda qala bilərdilərmi?Bir şeyi də deyim ki, siz özünüz də ədəbi dünyaya modernist-yenilikçi kimi gəldiniz.Sizin nəsil nəyi dəyişə bildi?

-Sizə bir söz deyim.Ədəbiyyata gəlib qalmaq istəyən adamlar həddindən artıq güclü intelektə, dərin savada malik olmalıdılar.60-cı illərdə ədəbiyyata gələnlər həddindən artıq hazırıqlı idilər. Əgər mənim evdəki kitabxanamı görsən,bəlkə də təəccüblənərsən.Markesin kitablarından tutmuş, ingilis,rus, bizim klassik ədəbiyyatın bütün nümayəndələrinin kitabları var.Bu kitablar sadəcə kolleksiya deyil.Gənclik illərindən yığdıqlarım kitablardı.Bizim vaxtımızda mütaliyə çox güclüydü.

Hətta desəm ki, bir-birimizin bəhsinə oxuyurduq,bəlkə də inanmazsan.Biz ədəbiyyatı öyrənməklə yanaşı, rəssamlığı da,heykəltəraşlığı da öyrənirdik.Bunları biz gələcəyimiz üçün oxuyurduq.İndi o kitablara bəlkə də tələb azalıb. Sözün düzü bugün ki,nəslin mütaliyə səviyyəsi də çox aşağıdır.

Heç kim məndən inciməsin,indi bu ağılla,bu səviyyə ilə ədəbiyyatda qalmaq olmaz. Mütaliyə eləmək və öyrənmək lazımdı.Əks təqdirdə sadəcə olaraq gəlib- gedəcəklər.Ancaq ədəbiyyatda qalmayacaqlar.

-Vaxt sizin yaradıcılığınızda nəyi dəyişə bildi?

-Vaxt mənim yaradıcılığımda birinci növbədə özümü dəyişdi.Çünki mənim vaxta münasibətim ötmüş hiss deyil.Onu sadəcə olaraq poeziya ilə realizə eləmək istəyirdim.Vaxt o qədər tutumlu məfhumdur ki, onu adi sözlə ifadə eləmək olmur. Məhəbbəti necə,izah eləmək olmursa vaxtı da izah eləmək olmur.Sən heç vaxt heç kimə izah edə bilməzsən ki,kimi nəyə görə sevirsən.Amma niyə sevirsən, onu bir özün bilirsən,bir də Allahın bilir. Vaxt da elə bir şeydir.Vaxtı izah etmək mümkünsüzdür.

-Bəs vaxta ehtiyacınız necə olubmu,yəni ki, vaxtın ehtiyacından doğulan yazınızı nəzərdə tuturam.

-Elə yazım olub ki,on il bundan qabaq başlasam da bugünlərdə tamamlaya bilmişəm. Ona görə ki, həmin yazını yazmaq üçün o psixologiyaya girə bilməmişəm.Yazını,şeiri yazmaq üçün onu yaşamaq lazımdı.Vaxt insanı həmişə sıxır,qovur.Vaxt daş deyil, ağac deyil.Vaxtı nə tuta bilərsən,nə saxlaya.

-Bayaq qeyd elədiniz ki,yazını, şeiri yazmaq üçün gərək o psixologiyaya girəsən.Məcnunu oynamaq, yaxud yazmaq üçün ruhi xəstəxanada yatmağın lazımdı ki,Məcnunu hiss edəsən.

-Bilirsiniz sənət adamı elə hardasa bir az dəli deməkdir.Sənət adamı normal adam deyil axı, normal adam olsaydı o gəlib böyük xanəndə olmazdı.O,cür insanlar dünyanı fərqli görürlər. Bizim qırmızı gördüyümüzü,onlar bəlkə də yaşıl görürlər.Sənətkar öz aləmində, öz dünyasındadı. Bax mən indi hiss edirəm ki, sən hardasa həyəcanlısan.

Bu o, demək deyil ki, sən birinci dəfədir müsahibə götürürsən.Məni tanıyırsan.Bu sadəcə sənin keçirdiyin gərginlikldi.

O səndən asılı deyil,o sənin içində hissiyatınla bağlıdı.Vaxtı hiss eləmək həm də içlə, hissiyyatla bağlıdı.Bu da təbiidir.Dünyada ən böyük dəli,ən böyük ağıllıdır.Bəlkə də əksinə.Ən böyük ağıllı,ən böyük dəlidir.Bunu tam demək olmaz.

Bəlkə öz səsinizdə şer oxuyasınız.Şeiri isə arxivimdə saxlayaram.Sadəcə öz səsinizdə şer eşitmək istərdim.Hətta bu yaxınlarda efir rejissorum kitabınızı məndən alıb indiyənə kimi də qaytarmayıb.Deyir ki,çox həyatı şerlərdir.Düzü sizin şerlərin dərinliyindən mən də çıxa bilmirəm.

-Çox sağ olun. İnsanın kölgəsi həmişə var. Nə qədər insan var, bir o qədərdə kölgəsi olacaq. Mənim kölgəm mənim ədəbi həyatımdır.O, məndən gah qabağa gedir, gah məndən arxada qalır.Mənim arzularım isə mənim əbədi kölgəmdir.

Gah məndən arxada olur, gah da irəlidə.İnsanın arzuları həmişə ya ondan əvvəl ölür, ya ondan sonra.Son şerlərimin birində deyirəm ki,mənim arzularım əzabla ölür. Doğrudan da,insanın ən böyük dərdi,onun arzularının ölməsidi.

Hardasa,nədəsə təsəlli tapırsan, arzun həyata keçir.Nə qədər insan var, bir o qədər arzuları var.İnsan dünyaya böyük arzularla gəlir.İnsanın ömrü o,arzuların üstündədi,həm də beləcə yarımçıq bitir.

-Camal müəllim xahişimi yerə salmır, asta aram səslə bu şeri oxuyur.

Bir ovuc torpaq kimi
Ovucumun içindədi dünya.
Ayrılıq da elə,
Sevda da elə.
Anam da elə,
Balam da elə,
Ölüm də elə.
Eləcə ovcumun içindədi,
Bir eşq misalı
Qapanan barmaqlar arasından
Bir ovuc torpaq sürülür.
Ayrılıq da elə,
Sevda da elə,
Anam da elə,
Balam da elə
Ölüm də elə,
Eləcə bir ovuc torpaq kimi,
Ovcumun içindən dünya sürülür-
Bir eşq misalına bərabər.

Fikirləşirəm ki,Camal müəllim bu şeri yazmaqdan ötəri nələri yaşayıb, vaxtın bəlkə də içini görə bilib.O, sözünə davam eləyir. 

-Məşhur ispan rəssamı olub,-deyir.Vaxtın əriməsi haqqında onun bir əsəri var. Vaxtın əriməsini, saatın pozulmasını ifadə eləyir.
Yadımdadır o vaxt mən Litva televiziyası ilə çıxış edirdim.Dedilər şeir oxu.Söylədim ki, axı mən oxusam da başa düşməyəcəksiniz.Dedilər ki, biz azərbaycanca bilməsək də, söyləyəcəyiniz şer millətinizin səsidi, bu səs maraqlıdı.Onda mən hiss elədim ki, şer həm də səs olaraq nəyisə ehtiva edir
Təkrar yuxular görürəm
Allı-güllü yuxular,
Allı-güllü payızın
Allı-güllü təkrarı
Allı-güllü yuxular-
Güllü paltar mövsümü
Allı-güllü köynəyində
Nənəm gəlir
Anam gəlir
Bacım gəlir
Allı-güllü köynəyində
Nənəm-payızın təkrarı
Anam-nənəmin təkrarı
Bacım-anamın təkrarı
Təkrar yuxular görürəm
Allı-güllü yuxuların təkrarı
Təkrar yuxular görürəm..
Allı-güllü məhəbbətin
Rəngi birmiş
Allı-güllü köynəyimlə
Allı-güllü məhəbbətim
Bir-birinin təkrarıymış
Həyətiniz, eyvanımız
Xoruzumuz allı-güllü
İtimiz-həyanımız,
Evimiz allı-güllü
Allı-güllü yuxuların təkrarı
Ay allı-güllü yuxular,
Ay allı-güllü baxtım
Təkrar-təkrar yaşamaya
Hanı vaxtım?!
Allı-güllü yuxulardan yoruldum,
Bircə hovuz su çiləyin üzümə
Bircə damla yaş axıdın gözümə
Allı-güllü yuxulardan ayılım.
Vaxt necə getdi bilinməz.Dünyada hər şey bir-birinin təkrarıdı.Biz salavat çəkəndə vaxta salavat çəkirik.Salavat vaxtın itməsi deməkdi.Yəni əlini üzünə çəkdin vaxt ötdü,vaxt getdi.Adama ona görə vaxt verirlər ki,o ayıla bilsin.

-Görkəmli tənqidçi alim Aydın Məmmədovdan bir sitat söyləmək istərdim.Kitabların da öz taleyi var.Əldən-ələ keçib müəllifə əbədiyyat gətirən kitab və bircə dəfə də əl dəyilməyib kitabxanaçılara əziyyət gətirən kitab.Demək istəyirəm ki, bu gün kitab yazan həddindən artıq çoxdur.Ancaq oxucusu yoxdur.Bu bəlkə qeyri-peşəkarlıqdan irəli gəlir.Razılaşarsınızmı mənimlə.

-Əvvəla qeyd edim ki,mərhum Aydınla mən çox yaxın olmuşam. Evlərində də olmuşam. Xalqını sevən bir adamıydı.Çox sağ ol ki, onu da yada saldıq.Bu söhbətdə Aydını anmaq da elə vaxtdan doğur.Artıq Aydın və başqa itirdiklərimizi anmaq vaxtıdı.

Qaldı ki, sualınıza, bir var şeri oxunan şairlər, bir də var şerini oxuyan şairlər.Adamlar var oxumaqla özünü təbliğ etmək istəyir.Əli Kərim heç vaxt şerini kiməsə oxumayıb.Onu daim oxuyublar.Çox və az yazmaq fərq etmir.Əgər bir adam öz mühitində, dövründə qəbul olunmursa, bu o demək deyil ki,o,şair deyil və yaxud əksinə.Qəbul olunursa bu da o demək deyil ki,bu şairdi.Bir adamın qalaq-qalaq kitabları ola bilər,ancaq oxucusu olmaya bilər.

Bu yaxınlarda qəzetdə oxudum ki,Almaniyada bir adam bir həftə gecə-gündüz gəlib bir yazıçının həyətində onu gözləyib. Soruşublar ki, yazıçını neynirsən?Cavab verib ki, onu döyəcəm.Oxucu deyir ki, mən onun kitablarına bir il vaxt sərf etdim, oxudum boş yerdən vaxtım getdi.Əgər yazıçı oxucunu arxasınca apara bilmirsə,yazıçı oxucunun potensial düşmənidir.

-Belə bir fraza var ki, gəlin biraz az yazaq,onsuz da söz əlindən tərpənmək olmur.Buna münasibətinizi bilmək istərdik.

-Söz həmişə çox olub.«Tövrat»da da var ki, əvvəl söz olub. Hər şeydən əvvəl söz yaranıb.Çox olanda söz əlindən tərpənmək olmur.Bizim xalq da deyir ki, susmaq qızıldı.Düzdür müəyyən yerlərdə susmaq qızıl deyil.Ümumiyyəçtlə sözün qiymətini bilmək lazımdır. Sözün çəkisini bilən adamlar çox az danışır.Söz çox ola bilər, amma qiyməti nə dərəcədədi.Bunu gözləmək lazımdır.

-Siz ədəbi prosesləri izləyən,bu prosseslərin içində olan, çox təcrübəli ziyalılarımızdansınız. Bugün ictimai fikirdə bir qloballaşma anlamı üstünlük təşkil edir.Daha doğrusu qərbə meyillilik. Bunlar, bu ünsürlər bizim nəyimizi əlimizdən ala bilər?İstər ədəbiyyat,istər musiqi,mədəniyyət, istərsə də folklor etnoqrafiya sahəsində. Qloballaşma həm də özüylə müsbət-mənfi çalarlar da gətirə bilər.Bizim davranışımız necə olmalıdı?

-1-ci Pyoturun vəsiyyətnaməsi var.Orda deyilir ki, şərq xalqlarının üzünü çevirin Avropaya.Bu o deməkdir ki, bu xalqları kökündən qoparın. Əslində, sən Rusiyaya,bir də Avropaya «gedəndə» itirirsən.Dünyanın qloballaşmasından çox şey götürmək olar.

Dünya poeziyasını,texnikasını öyrənmək olar.Ancaq bütün insanlar,bir-birindən fərqlənir.Bir misal var: Allah ağılı ədalətlə bölüb. Ona görə ki, heç kəs özünü ağılsız saymır.Ağıl ədalətlə bölünüb.Mən Avropanın yazıçılarıyla da görüşmüşəm.Ancaq bizim xalq daha intelektual səviyyəyə malikdir.

Avropanın nə qədər dahiləri varsa,bizim də Nəsimimiz,Füzulimiz, Nizamimiz,miniatür sənətimiz var.Götürmək,öyrənmək heç vaxt pis deyil,ancaq təqlid etmək axmaqlıqdır.Sən öz həyatını yaşa.Əgər savadın, ağlın varsa nəsə eləyəcəksən.Qloballaşmanın biri cəhəti yaxşıdır ki,sən dünya sferasına çıxırsan.

-Şairin oxucusuna ən böyük hədiyyəsi şerdir. Bildiyim qədər də yeni şerlər də yazmısınızm Oxucularınıza yeni şeirlərdən ibarət kitabı nə vaxt çatdıracaqsınız?

-Bilirsiniz, mən 15 ildir kitab buraxdırmıram. Bu həm yaxşıdır, həm pisdir.Bayaq dediyim kimi gərək kitabın oxucusu olsun.Ona görə hələ tələsmirəm. Kitabın tərtibatına da, içindəkinə də fikir verirəm. İstəmirəm ki, sabah məni də oxuyub döymək istəyən ola.Hər halda sabaha ümid var.

Camal Yusifzadəylə burda söhbətimi bitirmək istəyirəm.Əslində soruşmaq istədiklərimin hamısını soruşa bildimmi,deyə biləcəklərim,necə, alındımı?Bilirəm ki, şairə deyəcəklərimin, ondan soruşacaqlarımın çoxusu qaldı.Sağlıqlar olsun.

Mənə yəqin olan tək bu oldu ki,Camal Yusifzadə öyrənilməyə, ehtiyacımız olan bir sənətkardır, yaradıcılıq sferası çox genişdi.Belə adamlar təbii ki, bayaq söylədiyim kimi dolu sünbül kimidi.Başı aşağı.Amma millətinin başını yuxarı eləyən.

Xəbəri qiymətləndir
[Ümumi: 1 Ortalama: 5]

Back to top button